2024-cü ildə dünyanı təhdid edəcək 10 münaqişə: Bölgəmiz "qan çanağı"na dönəcək?

 

Beynəlxalq Böhran Qrupu 2024-cü il ərzində gözlənilən 10 münaqişə haqqında geniş hesabat dərc edib. Ehtimal edilən münaqişələr siyahısına Azərbaycanla Ermənistan arasında gərginlik də əlavə edilib.

Bu ehtimal Azərbaycanın guya münaqişəsinin davam etdirilməsində maraqlı ola biləcəyi haqda ötən il boyunca Qərbdən səslənən fərziyyələrə istinad edir. Ölkəmizi təhdid edən digər münaqişə ehtimalı isə İranla İsrail və ya ABŞ arasında olacağı ehtimal edilir.

1. Qəzza

Oktyabrın 7-də HƏMAS-ın rəhbərlik etdiyi "Əl-Əqsa tufanı” əməliyyatından sonra İsrailin Qəzza zolağında apardığı müharibə, onilliklərdir davam edən İsrail-Fələstin münaqişəsini yeni bir mərhələyə daşıdı.

Təxminən üç ay sonra aydın oldu ki, İsrailin hərbi əməliyyatları İsrail liderlərinin iddia etdiyi kimi HƏMAS-ın kökünü kəsməyəcək və bunu etmək cəhdləri baş verən geniş dağıntılardan sonra Qəzzanın qalıqlarını məhv edə bilər.

Böhran qrupu hesab edir ki, müharibənin davam etdirilməsi bəzi Qərb liderlərinin iddia etdiyi kimi sülh prosesini canlandırmaq səylərinin başlanğıcı deyil, əksinə hər hansı tanınmış siyasi yolun sonu deməkdir.

2. Mümkün regional qarşıdurma

Qəzzadakı müharibənin bu qarşıdurmanı alovlandırmasında rolu var. Belə bir vəziyyətdə bəlkə də ən təhlükəli alov nöqtəsi İsraillə Livan arasındakı sərhəddir. İran nüvə potensialının astanasındadır. Amerikanın qarşısında iki seçim var: ya əzəli nüvə düşməninin mövcudluğunu etiraf etmək, ya da onu güclə dəf etməyə çalışmaq ki, bu da Vaşinqtonun qaçmaq istədiyi regional qarşıdurmaya gətirib çıxaracaq.

3. Sudan

Ordu ilə Çevik Dəstək Qüvvələri arasında ötən aprel ayında başlayan müharibə Sudanı dağılmaq astanasına gətirib. İnsan haqları hesabatlarına görə, ölkənin qərbindəki Darfur bölgəsində soyqırımı kabusu yenidən göründüyündən, bir çox qətllərə görə məsuliyyət daşıyan Sürətli Dəstək Qüvvələri ölkəni ələ keçirmək ərəfəsində ola bilər. Sudanın parçalanması Sahel, Afrika Qövsü (Somali yarımadası) və Qırmızı dəniz üçün ciddi nəticələrə səbəb ola bilər.

4. Ukrayna

Rusiya - Ukrayna döyüş meydanında baş verənlər Avropanın gələcək təhlükəsizliyini müəyyən edəcək. Moskva Ukraynanın daha çox ərazisini ələ keçirsə, o zaman keçmiş sovet respublikalarının bəziləri Putinin siyahısında növbəti yer olacaq.

5. Myanma

Döyüşlər 2017-ci ildə ordu tərəfindən qovulmuş yüz minlərlə rohinca müsəlman azlığının üzvü ilə yanaşı, 2,5 milyondan çox insanın ölkə daxilində didərgin düşməsinə səbəb olub. Böhranın tezliklə bitəcəyini gözləmək çətindir.

6. Efiopiya

2023-cü il Efiopiya üçün yaxşı xəbərlərlə başladı, lakin bir çox narahatlıqlarla başa çatdı. Tiqray bölgəsində "amansız” müharibə sona yaxınlaşırdı. Amma keçən avqust ayında amhara üsyançıları Efiopiyanın şimal-qərbindəki bölgələrin şəhərlərini qısa müddətə ələ keçirdilər. Amhara üsyanı baş nazir Abiya Əhməd üçün yeganə başağırı mənbəyi deyil; O, həmçinin ölkənin mərkəzində kök salmış oromo icmasının üsyanı ilə üz-üzədir.

Efiopiya və Eritreya arasında inamsızlıq artdıqca, iki qonşu ölkə arasında təsadüfən baş verə biləcək hər hansı bir toqquşma baha başa gələn qarşıdurmanın xəbərçisi olacaqdır.

Əlavə edək ki, Efiopiyanın Somalidən qopmuş Somalilendlə birbaşa əlaqələr qurması da yeni münaqişə mənbəyi ola bilər

7. Afrika Sahel bölgəsi

Əvvəllər Mali və Burkina Fasoda hərbi çevrilişlərin şahidi olduğu Sahel bölgəsində Niger ordusu da Qərbin yaxın dostu olan prezident Mohamed Bazumu devirdi. Çevrilişlər dalğası regionda ən azı 2012-ci ildən bəri baş verən böhranın yeni səhifəsini açır.

Xatırladaq ki, ənənəvi olaraq Fransanın təsirində olan Sahel ölkələri indi daha çox sabiq metropoliyadan imtina edirlər, Azərbaycanın təşəbbüsü ilə keçirilən dekolonializasiya ilə bağlı tədbirlərdə də fəaldırlar.

8. Haiti

Haiti xalqı ümid edir ki, Keniya polisinin başçılıq etdiyi xarici qüvvələr 2024-cü ildə gələcək, son bir neçə ildə ölkəni parçalayan ultra zorakı dəstələrə qarşı müqavimət göstərə biləcəklər.

9. Ermənistan və Azərbaycan

Qrupun hesabatında iddia edilir ki, "ötən il Azərbaycanın Dağlıq Qarabağda başlatdığı ildırım hücumu "Ermənistanla mübahisəli ərazinin bütün sakinlərinin didərgin düşməsi ilə nəticələnib. Yeni ildə sual ondan ibarətdir ki, Azərbaycan irəliyə gedəcəkmi, yoxsa Ermənistan nəhayət, 2023-cü ilin sonunda başlamış danışıqların müəyyən irəliləyişlərə gətirib çıxaracağı nikbinliyi ilə sülh yolu tapacaq?” Böhran qrupu əvvəllər də nadir hallarda münaqişə haqda obyektiv hesabatlar dərc edib. II Qarabağ savaşı zamanı və sonralar isə yalnız qərəzli hesabatları ilə gündəliyə gəlir. Amma nəzərə alınmalıdır ki, bu kimi İNGO-ların hesabatları hər halda Qərb ictimai rəyinə xeyli təsir edə bilir.

10. ABŞ və Çin

Keçən ilin noyabrında ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tsinpin görüşdə iki ölkə arasında kəskin şəkildə pisləşən münasibətləri düzəltməyə cəhd ediblər. Lakin onların əsas maraqları Asiya-Sakit okean regionunda toqquşmaqda davam edir. Tayvanda seçkilər və Cənubi Çin dənizindəki böhran gərginliyi daha da artıra bilər. Bayden administrasiyası , xüsusən də bu seçki ilində - Çin əleyhinə olan ABŞ qanunvericiləri Konqresə Tayvanla bağlı Çinin "vahid dövlət siyasəti" ilə ziddiyyət təşkil edən qanun layihələri təqdim etməsi, Pekini qəzəbləndirərdi

Mənbə: Publika.az

0.26770401000977