7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
Ölkə.Az-ın məlumatına görə, Seçki Məcəlləsinə müvafiq olaraq, 60 dairədən minimum 50 imza olmaqla, etibarlı imzaların sayına dair müəyyənləşdirilmiş kvotada toplanan imzalarla birlikdə, namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq, MSK-yə təqdim edilib.
Qeyd edək ki, Zahid Orucun səlahiyyətli nümayəndəsi ilə Komissiyada sənədlərin verilməsinə dair müvafiq protokol tərtib olunub.
Zahid Orucun Seçki Qərargahı imzatoplama kampaniyasının azad və hüquqi tələblər səviyyəsində keçirildiyini xüsusi qeyd edir, ona imza verən hər bir vətəndaşa səmimi təşəkkürlərini çatdırı, kampaniyada iştirak edən könüllülərin fədakarlığını ümumxalq aksiyasına yüksək töhvə kimi dəyərləndirir, rəsmən qeydə alınacağına inandığını, seçki platforması və təbliğat-təşviqat kampaniyasının aktiv bir şəkildə aparılması üçün hazırlıq işlərini davam etdirir.
Xatırladaq ki, bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.
MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nin dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Daha əvvəl isə MSK-nin dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
MSK-nin dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.
Ötən ilin dekabrın 31-də isə MSK-nin iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.