“Ölkə nə vaxt BMT üzv olubsa, həmin sərhədlər hüdudlarında da danışıqlar gedə bilər...” - Ərəstun Oruclu

 

“Belə iddialar, irəli sürülən qeyri-rasional təkliflər sülh prosesini pozmağa yönəlmiş sabotaj kimi qiymətləndirilə  bilər və mən düşünmürəm ki, hazırkı durumda bu, bizə lazımdır...”

“Nə Azərbaycan, nə Ermənistan 1918-1920-ci illlərdə heç bir təşkilat tərəfindən hər hansı bir hüdudlarda müstəqil dövlət kimi tanınmayıb...”
 
Son vaxtlar Azərbaycanın bəzi politoloqları vurğulayır ki, biz Ermənistanla sərhədlərimizin delimitasiya-demarkasiya prosesində əsas kimi, nə 1991-ci  il, nə 1975-ci il, xəritələrini yox, 1920-ci il, yəni Azərbaycan Xalq Cümhuriyyəti Rusiya tərəfindən işğal edilən dövrədək olan sərhədlərimizi əsas götürməliyik. Və hətta Milli Məclis adından Ermənistana Zəngəzuru Azərbaycan ərazisi kimi tanımaları haqda rəsmi təklif yollamağımız da təklif edilir. Bəs görəsən, Azərbaycana müxtəlif siyasi cəbhələrdən təzyiqlərin olduğu mövcud geo-siyasi və hərbi-siyasi durumda bu, nə dərəcədə reallığa uyğun, rasional bir strategiya ola bilər? Ermənistan, təbii ki, bununla heç vaxt razılaşmayacaq və bu da sülh prosesinin on illərlə uzanmasına, hətta yeni savaşlar baş qaldırmasına şərait yaradar...
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
 
“Gəlin, belə düşünək, məsələn, 1920-ci il xəritələrindən söhbət gedirsə,  xatırlamalıyıq ki, nə Azərbaycan, nə Ermənistan 1918-1920-ci illlərdə heç bir təşkilat tərəfindən hər hansı bir hüdudlarda müstəqil dövlət kimi tanınmayıb. Biz bunu bilirik. Hətta o vaxt Millətlər Liqası hər iki ölkəni müstəqil dövlət kimi tanımaqdan imtina etdi. Və Azərbaycanla Ermənistan 1922-ci ildə SSRİ yaranarkən faktiki, yəni formal olaraq müstəqil dövlətlər kimi həmin ittifaqa daxil oldu. Burada iddia edəcəyimiz bircə bənd ondan ibarətdir ki, SSRİ yaradılarkən Azərbaycan hansı ərazilərlə həmin ittifaqın tərkibinə daxil olubsa, 1991-ci ildə, yəni bu ittifaqa xitam verildiyi vaxt o qurumdan eyni hüdudlarda da çıxmağı nəzərə alınmalıdır. Azərbaycan Sovet İttifaqından belə qaydada çıxıb-çıxmaması, yaxud həmin 70 ilə yaxın müddətdə inzibati sərhədlərimizdə hansı qarşılıqlı anlaşmalar əsasında  hansı dəyişiklər olması da nəzərə alınmalıdır...
 
Yəni əslində bir çox təkliflər vermək olar. Bilirsiz, hazırda Azərbaycanda bir sıra virtual respublikalar yaradılır: Göyçə-Zəngəzur respublikası, İrəvan respublikası və s. Həmin məntiqlə biz İrəvana da iddia edə bilərik və Ermənistana təklif verə bilərik ki, İrəvan da bizimdir – gəlin, sülh sazişini bu çərçivədə imzalayaq... Bu istər beynəlxalq hüquq, istərsə də məntiq baxımından, nə qə bugünkü sülh əldə olunması istəyi nöqteyi-nəzərindən rasional yanaşma deyil. Bu, qanunsuz bir iddiadır və beynəlxalq hüquq normalarına ziddir. Çünki 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqilliyini elan etmiş keçmiş sovet respublikalarının hər biri artıq beynəlxalq hüququn subyektidir. Və məhz hansı hüdudlarda, hansı sərhədlərdə beynəlxalq birliyə qoşulublarsa, o hüdudlarda da onların ərazi bütövlüyü toxunulmaz sayılır. Yəni dediyim kimi, çox təkliflər vermək olar, hətta İrəvanı da tələb etmək olar. Amma bu o demək deyil ki, bunu kimsə qəbul edəcək və ya kimsə buna adekvat reaksiya verəcək. Təbii, buna adekvat reaksiya yalnız bir şəkildə mümkündür: Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürməkdə ittiham oluna bilər... 
 
Bir sözlə, realist olmaq lazımdır. Realizm isə belə deyir: burada ya Azərbaycan və Ermənistanın 1922-ci ildə SSRİ tərkibinə daxil olduqları hüqudlarda ərazilərinin qarşılıqlı olaraq tanınmasından söhbət gedə bilər. İdealda isə, öncə dediyim kimi, o zaman bu ölkələrdən heç biri  beynəlxalq hüququn subyekti deyildi. Amma 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan və Ermənistan hansı sərhədlər çərçivəsində  beynəlxalq hüququn subyektinə çevriliblərsə, beynəlxalq təşkilatlara(o cümlədən və ilk növbədə BMT-yə) üzv olublarsa, həmin sərhədlər hüdudlarında da danışıqlar gedə bilər. Mən prosesi belə görürəm. Qalan bütün belə iddialar, irəli sürülən qeyri-rasional təkliflər sülh prosesini pozmağa yönəlmiş sabotaj kimi qiymətləndirilə  bilər və mən düşünmürəm ki, hazırkı durumda bu, bizə lazımdır...”
 
Sultan Laçın
0.40350317955017