Ən müxtəlif platformalardan Qərbin bölgə üçün hazırladığı fəlakət ssenarisi haqda məlumatlar yayılır. Deyilir ki, sülh prosesinə, sabitləşməyə ciddi təhlükə yaradılır. Hətta Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB ölkələri təhlükəsizlik şurası katiblərinin iclasında Qərbin bu fəaliyyəti barədə danışıb.
Maraqlıdır, vəziyyət təqdim edildiyi qədər ciddi və risklidirmi? Qərb buraları niyə qana çalxasın? Məqsəd nədir?
Asif Nərimanlı
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Patruşevin dedikləri bölgədə Qərb və Rusiya qarşıdurmasında Moskvanın mövqeyinin region ölkələrinə çatdırılması, həm də bölgədə Qərbə qarşı ictimai rəyi formalaşdırmaq məqsədi daşıyır:
“Lakin bu qarşıdurmada Qərbin bölgədəki proseslərdən narazı olduğu və maraqlarını təmin etmək üçün müəyyən addımlar atdığı, yaxud atacağı da istisna deyil. Məsələn Azərbaycan və Ermənistan münasibətlərində hansı tərəfin həlledici rol oynayacağından ibarətdir. Qarşıdurmanın motivi də budur, çünki bölgədə proseslərin inkişafı da hansı cəbhənin – Qərbin, yaxud Rusiyanın həlledici rol oynayacağından asılıdır.
Qarabağda erməni separatizminin ləğvindən sonra artıq sülh müqaviləsi üçün imkanlar yaranıb və region ölkələri məsələnin regionda həllinin tərəfdarı kimi çıxış edir. Buna nail olunarsa, Qərbin Cənubi Qafqazda təsir imkanları zəifləyəcək. Qərbi narahat edən budur, ona görə də müxtəlif yollarla bölgəyə müdaxilə cəhdləri edilir. Misal üçün, Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan kampaniya da bunun tərkib hissəsidir, bununla rəsmi Bakıya təzyiq etməyə, Qərb masasına gətirməyə çalışırlar. Yaxud Ermənistanın silahlandırılması, Rusiyanın bu ölkədəki mövqelərinin zəiflədilməsi və s. bu plana daxildir.
Bu plan bölgəyə eskalasiya vəd edir, çünki Ermənistanda möhkəmlənmək üçün Rusiyanın yerini almaq lazımdır, buna görə də Azərbaycanla sərhəddə eskalasiya ssenarisini tətbiq edə bilərlər. Bu da regionda toqquşmanın nəzarətdən çıxması ilə nəticələnə bilər. Məsələnin geosiyasi mübarizə tərəfi də var, xüsusilə dəhlizlər uğrunda toqquşmada Cənubi Qafqaz yeni cəbhələrdən biri ola bilər”.
Turan Rzayev
Globalinfo.az