Kanada xarici işlər naziri Melani Colinin Ermənistana səfəri zamanı verdiyi bəyanatlar Cənubi Qafqazda sülhə deyil, əksinə, mövcud kövrək sülhün pozulmasına və gərginliyin davam etməsinə xidmət edir.
Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz bölgəsindən çox-çox uzaqlarda yerləşən Kanadanın İrəvanda verdiyi bəyanatlar beynəlxalq hüquq qayda və prinsiplərini zidd olmaqla yanaşı, hörmətsizlik kimi dəyərləndirilməlidir.
“Ermənistanın 30 illik işğal siyasəti zamanı susan və işğalı pisləyən bir kəlmə də olsun fikir bildirməyən Kanadanın İrəvandan Azərbaycana qarşı əsassız, cəfəng ittihamlar səsləndirməsi və hətta Bakını sanksiyalarla hədələməsi beynəlxalq hüquqa birbaşa hörmətsizlikdir. O ünvanını səhv salıb. Çünki beynəlxalq hüququ və sülhü pozub başqa ölkə ərazisini işğal edən, orada yaşayan etnik qrupları depostasiya edib, hərbi cinayətlər, soyqırımı, terror törədən Azərbaycan yox, Ermənistandır. Azərbaycan isə Kanadanın da üzv olduğu BMT TŞ-nin Ermənistanın işğal siyasəti ilə bağlı qəbul etdiyi qətnamələri həyata keçirirək öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bölgədə dayanıqlı sülhün, sabitliyin təmin olunub inkişafı üçün sıx əməkdaşlıq formatının yaranması üçün səy göstərən ölkədir”,- o qeyd edib.
Deputat əlavə edib ki, Kanada XİN başçısının Ermənistan-Azərbaycan sərhədində, döyüş mövqeyindən binoklla müşahidə etməsi onun həm bir diplomatik davranış və normalarına, həm də Azərbaycanın suverenliyinə hörmətsizlikdir: “Kanadalı diplomatın bu hərəkəti beynəlxalq hüququn kobud surətdə pozması ilə yanaşı, Ermənistanın revanşist və işğalçılıq siyasətinə dəstək, bölgədə gərginliyin davam etməsinə xidmət edən addım kimi qiymətləndirilməlidir. Ona görə də Kanadanın bu hərəkəti nəinki qınanımalıdır, həm də beynəlxalq hüquq norma və prinsiplərini pozduğu üçün onun bu hərəkəti kəskin şəkildə pislənilib qiymət verilməlidir.
Digər tərəfdən kanadalı nazirin Azərbaycanı “deportasiya”da ittiham etməsi, tamamilə absurddur. Bu gün Azərbaycan çoxmillətli və çoxkonfesiyalı bir dövlətdir. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri ölkənin bərabər hüquqlu vətəndaşıdır və onlar arasında hər hansı ayrı-seçkilik yoxdur. Azərbaycandan fərqli olaraq Ermənistan monoetnik bir ölkə hesab olunur. Hələ 35 il öncə Ermənistan ərazisində yaşayan iki yüz mindən çox azərbaycanlını məcburi şəkildə deportasiya edib onlara qarşı cinayət hadisələri törədib. Əgər kanadalı nazir 19-20 sentyabr antiterror tədbirlərindən sonra Qarabağdan köçən erməniləri nəzərdə tutursa, çox ciddi şəkildə yanılır. Yəqin kanadalı nazir deportasiya anlayışının nə olduğunu ya bilmir və ya da qəsdən Azərbaycana qarşı qərəzini belə bir formada sərgiləyir. Bunu başqa cür adlandırmaq qeyri-mümkündür. Çünki Azərbaycan Qarabağ ermənilərinin ölkəni tərk etməsini istəməyib və onların təhlükəsizliyi barədə təminat verib. Bunu da açıq bəyan edib. Qarabağ erməniləri qalmayıb ölkəni tərk edərkən isə onlar üçün bütün imkanlar yaradılıb və yardım edilib. Bütün bunlar kanadalı nazirin Azərbaycana qarşı səsləndirdiyi fikirlərin hamısının həqiqətdən çox-çox uzaq, absurd, qərəzli fikirlər olduğunu sübut edir. Kanadalı nazir bu fikirləri səsləndirməzdən öncə bir dönüb öz tarixlərinə və o ərazilərdə yaşayan aborigen xalqlara qarşı yürütdüyü soyqırımı siyasətinə baxsaydı daha yaxşı olardı.
Son olaraq onu qeyd etmək istərdim ki, Kanada olmur, kim olur olsun, belə təhdidlərlə Azərbaycanı kimsə yolundan döndərə bilməz. Belə qeyri-dost münasibətlərdən itirən Azərbaycan yox, Kanada olacaq. Bu gün Kanadanın Ermənistana yox, Azərbaycana daha çox ehtiyacı var. Belə ki, bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Həmin uran isə Azərbaycan üzərindən Kanadaya aparılır. Ona görə də Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və hesab edirəm ki, dayandırmalıdır.
Ümumiyyətlə, Azərbaycan Kanada ilə əməkdaşlıq münasibətlərinə yenidən baxsa, daha yaxşı olar”.
Mürtəza
Ölkə.Az