Kanadanın Azərbaycanla təhdid dilində danışması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatına dair şərhində bildirilir.
Qeyd edilib ki, Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır.
"Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.
Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.
Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır", - şərhdə vurğulanır.