17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
"Ölkə.az" xəbər verir ki, U-17 yığmamız yer aldığı 4-cü qrupda Serbiyanın qonağı olub.
Stara Pazovada keçirilən görüş ev sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib. 1:5 hesabı ilə uduzan komandamızın yeganə qolu 11-ci dəqiqədə avtoqol kimi qeydə alınıb.
Qrupun digər matçında Lüksemburqla Sloveniya (1:1) heç-heçə ediblər.
Qeyd edək ki, U-17 millimiz qrupda ikinci qarşılaşmasını oktyabrın 24-də eyni arenada Sloveniyaya qarşı keçirəcək.