“Avropa Parlamenti tərəfindən Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, 1 milyondan çox insanı hərbi təcavüz nəticəsində doğma yurdlarından didərgin salmış bir ölkənin başçısını yüksək səviyyədə qəbul edilməsi bu təşkilatın beynəlxalq hüquq normalarını və ədalət prinsiplərini heçə saymasının göstəricisidir. Təşkilatın bu münasibətindən “məmnun” görünən Ermənistanın baş naziri Nikol Paşinyan ənənəsinə davam edərək Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Paşinyanın Avropa Parlamentindəki çıxışı bütünlüklə yalan üzərində qurulmuşdu”.
Bu fikirləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin yuvasına çevrilmiş Avropa Parlamenti dövlətimizin ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, separatizmin kökünü kəsməsini həzm edə bilmir. “Biz görürük ki, Avropanın özündə separatizmə qarşı mübarizə aparılanda Avropa Parlamenti fərqli mövqe nümayiş etdirir. Beynəlxalq hüquq normalı bütün dövlətlər üçün bərabərdir. Bu təşkilatın məsələyə fərqli yanaşmaq cəhdləri yolverilməzdir. Qarabağda keçirilən antiterror zamanı ordumuz yalnız qanunsuz hərbi birləşmələri hədəfə alıb. Mülki əhaliyə və infrastruktura toxunulmayıb. Avropa Parlamenti kimi qərəzli qurumlar Azərbaycanı “etnik təmizləmə”də ittiham etməyə çalışırlar. Amma dövlətimiz öz qanuni addımları ilə həmin iddiaları ifşa edir”, - o qeyd edib.
Deputatın sözlərinə görə, Paşinyan Avropa Parlamentində 44 günlük müharibə dövründə Ermənistanın Gəncə əhalisinə qarşı terror hücumunun üçüncü ildönümü günündə çıxış etdi.
“Yəqin ki, bu təsadüf deyil, Avropa Parlamenti ilə Ermənistanın düşünülmüş addımıdır. 2020-ci il oktyabrın 17-də gecə saat 01.00 radələrində erməni hərbi birləşmələri cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutmuşdu. Terror hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalmışdı. Nəticədə 15 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdi. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var idi. Bu faktlar göstəri ki, Avropa Parlamenti bu müharibə cinayətlərini törətmiş Ermənistanla həmrəydir”, - o bildirib.
Deputat eyni zamanda əlavə edib ki, bu gün Avropadakı islamofobiya, dini dözümsüzluk, müəyyən dairələrin maraqlarının və ambisiyaların həyata keçirilməsi hər kəsə bəllidir: “Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər. Belə olan halda, onlar kimdənsə nəyisə tələb edə bilməz. Müharibə cinayətləri törətmiş ölkənin başçısına yüksək “qonaqpərvərlik” göstərmək və onunla həmrəylik ifadə etmək, əslində, bu ölkənin cinayətlərinə dəstək vermək deməkdir. Bununla da, Avropa Parlamenti bir daha gerçək simasını nümayiş etdirmiş oldu”.
Mürtəza
Ölkə.Az