Türkiyə mətbuatı Prezident İlham Əliyevin Xankəndiyə səfərindən yazıb - FOTO

 

Türkiyənin bir çox nüfuzlu sayt, qəzet və televiziya kanallarında Prezident İlham Əliyevin Xankəndidə və Xocalıda Azərbaycan Bayrağını ucaltması barədə məqalələr və süjetlər yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, “TRT haber”, “NTV”, Haber Global, “Hürruyet”, “CNN türk”, “İHA”, “Sözcü”, “Habertürk”, “YeniAkit”, “Yeniçağ”, “Sabah” və bir çox digər media qurumları tərəfindən yayımlanan xəbərlər “Xankəndidə Azərbaycan Bayrağı ucaldıldı”, “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə və Xocalıda qaldırıb” kimi başlıqlarla verilib.

Materiallarda Azərbaycanın Qarabağdakı erməni silahlı qruplaşmalarına qarşı apardığı qətiyyətli mübarizənin qələbə ilə nəticələnməsi, bunun ardınca Prezident İlham Əliyevin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltmasından söz açılıb. Bunun tarixi hadisə kimi mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Xəbərlərdə, həmçinin “Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı işğalçı rejimin vaxtilə “paytaxt” hesab etdiyi Xankəndi şəhərində və 1992-ci ildə 613 dinc sakinin qətlə yetirildiyi Xocalıda Azərbaycan Bayrağını ucaldıb”, “Azərbaycan Ordusunun Qarabağda separatçı ermənilərə qarşı başlatdığı antiterror tədbirləri 24 saat ərzində qələbə ilə nəticələndikdən sonra Prezident İlham Əliyev Azərbaycanın nəzarətində olan rayonlara səfər edib”, “Azərbaycan Ordusunun sentyabrın 19-da başlatdığı və 24 saat ərzində qələbə ilə nəticələnən tədbirlərdən sonra sonra Azərbaycan nümayəndələri ilə Qarabağdakı erməni əhalisinin nümayəndələri arasında dialoq prosesi başlayıb”, “Azərbaycanın Qarabağ bölgəsində qondarma rejim sentyabrın 28-də özünü buraxdığını açıqlayıb” kimi informasiyalar oxuculara çatdırılıb.

“Sabah” portalının yaydığı məlumatda Prezident İlham Əliyevə istinadla bildirilib: “Burada (Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası – red.) oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir”.

“YeniAkit” xəbər saytının yaydığı məqalədə Prezident İlham Əliyevin bu fikirləri yer alıb: “Bu gün burada (Xankəndi – red.) olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.

Məqalədə dövlətimizin başçımızın iyirmi il bundan əvvəl Prezident kimi vəzifə borcunu yerinə yetirməyə başladığı zaman Azərbaycan Bayrağını o vaxt işğal altında olan bütün ərazilərdə qaldırılmasını qarşısına bir nömrəli vəzifə olaraq qoyduğu vurğulanıb.

“Sözcü” qəzetində yer alan yazıda isə Azərbaycan Prezidentimizin Xankəndi şəhərindəki çıxışından bu sitat gətirilib: “Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

 

0.40208578109741