Ötən ayın 19-dan sonra ölkəmizdə "TikTok" sosial şəbəkəsinə girişə qoyulan məhdudiyyət cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi vətəndaşlar "TikTok"un tamamilə bağlanmasının tərəfdarıdırlar. Buna əsas səbəb kimi isə "TikTok"dakı bəzi paylaşımların milli mənəvi dəyərlərimizə zidd olduğu hesab edilir. Amma bu sosial platformanın tezliklə açılmasını səbirsizliklə gözləyənlər də var. Bu mövqedə olanlar isə "TikTok"un cəmiyyət üçün zərərli deyil, əksinə insanların maariflənməsinə töhfə verdiyini düşünürlər.
Maraqlıdır ki, "TikTok" Azərbaycan vətəndaşına nə verib və əslində nələr qazandıra bilər?
İqtisadiyyat.az bu mövzunu İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasovla müzakirə edib.
Ekspert deyir ki, istənilən informasiya digər sosial şəbəkələrlə müqayisədə "TikTok"da daha kütləvi və daha sürətlə yayılır. Onun sözlərinə görə, bu da o deməkdir ki, sözügedən platformada dezinformasiya xarakterli məlumatların və saxta xəbərlərin yayılması üçün münbit şərait var.
Mütəxəssis bildirib ki, "Facebook", "X" və ya "İnstagram"da bir məlumatın kütləyə çatdırılması üçün alqoritm daha çətindir və müəyyən meyarlar mövcuddur. Yəni "TikTok" alqoritmində məlumatın kütləyə çatdırılması daha asan başa gəlir.
"Azərbaycanın "TikTok" seqmentinin daha çox əyləncə xarakterli məzmunlara üstünlük verməsi təəssüf doğurur. İntellektual səviyyəsi olmayan insanlar qeyri-etik məzmunlu paylaşımlar və canlı yayımlar edərək müəyyən kütlə qazanıblar. Həmin insanlar dezinformasiyaya meyilli olmaqla yanaşı, saxta məlumatların kütləvi şəkildə yayılmasında da vasitəçi olurlar. Bu baxımdan son antiterror tədbirlərində "TikTok" ajiotaj yarada biləcək platforma olduğuna görə müvəqqəti şəkildə istifadəsinə məhdudiyyət qoyuldu və bu, düzgün qərar idi. Yaxşı olardı ki, vətəndaşlarımız "TikTok"da daha çox elmi və maarifləndirici çıxışlara yer versin və intellektual kontentdə daha aktiv olsunlar", - deyə Elvin Abbasov vurğulayıb.
Ekspert həmçinin bu il "TikTok"un məsul nümayəndələrinin Mətbuat Şurasında keçirilən görüşündə məlum platforma tərəfindən azərbaycanlı jurnalistlər üçün seminarlar təşkil etməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, "TikTok" Azərbaycan mediasına fayda vermədən əvvəl ölkədəki imicini düzəltməyə imkan yaradacaq böyük layihələr həyata keçirməlidir:
"Azərbaycan seqmentindəki faydalı kontentin "TikTok"a gətirilməsi üçün ciddi addımlar atılmalıdır. Bu platforma təkcə mətbuatla deyil, eyni zamanda bloggerlərlə və ekspertlərlə də çalışmalıdır. Yəni məqsəd jurnalistləri maarifləndirməkdən daha çox jurnalistlər vasitəsilə azərbaycanlı "TikTok" istifadəçilərinə bu sosial şəbəkənin faydalı tərəflərini tanıtmaq olmalıdır. Əks halda cəmiyyətin "TikTok"a olan mənfi yanaşması hər kəsə məlumdur".
Qeyd edək ki, sentyabrın 19-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.