Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai Televiziyaya açıqlamasında İrəvanın 3+3 formatına hazır olduğunu bildirib. Baş nazir əvvəl Azərbaycan və Ermənistan arasında görüşün Tehranda keçirilməsilə bağlı müzakirə aparıldığını, bu varianta razı olduqlarını deyib.
Paşinyan sözügedən format çərçivəsində görüşün Gürcüstanda keçirilməsi təklifinə isə konkret cavab verməyib.
Danışıqların İranda keçirilməsi nə dərəcədə real görünür? Bu, Bakı üçün məqbuldurmu?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Həşim Səhrablı bildirib ki, danışıqların İranda təşkil olunması Azərbaycan üçün məqbul sayılmaya bilər:
“Görüşün Tehranda, Moskvada, Brüsseldə, Vaşinqtonda keçirilməsi mahiyyət etibarı ilə eynidir. Çünki bu mərkəzlərin yerləşdiyi dövlətlər Qarabağ probleminin davam etdiyi dövrdə həmişə anti-Azərbaycan mövqeyində olublar. Onlar daha çox Ermənistan yönümlü siyasi addımları ilə tanınırlar. ABŞ da, Qərb mərkəzləri də, Rusiya və İran da eyni siyasi addımları ilə yaddaşımızda qalıblar. Ona görə də bu mərkəzlərin Qarabağ məsələsinə, ya da Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə obyektiv yanaşmasını gözləmək qeyri-mümkündür”.
H.Səhrablı Bakı və İrəvan arasında sülh üçün danışıqlar prosesinin sadəcə bir məkanda obyektiv aparıla biləcəyini qeyd edib:
“Əgər Nikol Paşinyan dediyi kimi həqiqətən 3+3 formatına razıdırsa, bu istiqamətdə görüşün keçirilməsi üçün ən məqbul yer elə Azərbaycanın dəstəklədiyi Gürcüstan variantıdır. Çünki bu ölkə problemin meydana gəldiyi ilk günlərdən nə Azərbaycana, nə də Ermənistana hərbi, iqtisadi və digər müstəvilərdə tərəf tutmayıb. Əgər danışıqlar prosesi tam obyektiv təşkil ediləcəksə və buna uyğun məkan seçilməlidirsə, elə Tbilisi ən yaxşı variantdır. Paşinyanın danışıqların Tehranda keçirilməsilə bağlı açıqlamaları prosesi uzatmağa və əngəlləməyə hesablanıb. Bununla Ermənistanın maraqlarının təmin olunmasını hədəfləyir. İran tərəfinin bu prosesdə Azərbaycana münasibətdə səmimi olacağını isə düşünmürəm. Vətən müharibəsi zamanı da görürdük ki, İran Rusiyadan Ermənistana silahların daşınmasında necə həvəslə çıxış edirdi. Bütün bunlar Tehranın sülh danışıqlarının keçirilməsi üçün uyğun seçim olmadığını deməyə əsas verir”.
Həşim Səhrablı
Ekspert danışıqların İranda keçirilmə ehtimalı reallaşacağı halda Azərbaycanın prosesdəki mövqeyinin necə olacağına aydınlıq gətirib:
“Cənubi Qafqazda problem varsa, burada tərəflər elə region dövlətləridirsə, niyə məsələni bölgədən kənara çıxaraq ki? Nəyə görə daha böyük dövlətlər bu problemin tərkib hissəsinə çevrilməlidir? İranın danışıqlara ev sahibliyi etməsi bu qədər labüd olmamalıdır. Ən yaxşı seçim Bakının haqlı olaraq təklif etdiyi məkan Cənubi Qafqaz dövlətidir.
Əgər danışıqlar Azərbaycanın razılığı ilə Tehranda baş tutarsa, bu yenə də mahiyyət etibarı ilə heç nəyi dəyişməyəcək. Xatırlamaq lazımdır ki, hələ 1990-cı illərdə Azərbaycan daha çətin vəziyyətdə olanda, anti-Azərbaycan tərəflərinin olduğu siyasi masalarda iştirak edəndə belə öz maraqlarında və Qarabağla bağlı hər hansı məsələdə güzəştə getmədi. Yəni bu gün bölgədə yeni geosiyasi vəziyyətin əsas qurucusu olduğu, Cənubi Qafqazın söz sahibi dövlətinə çevrildiyi və dünyaya çıxışının daha da asanlaşdığı bir vəziyyətdə danışıqların hansı masada keçirilməsindən asılı olmayaraq Azərbaycan öz dövlət maraqlarından əl çəkməyəcək. Uyğun şərtlərlə sülh müqaviləsinin imzalanması istiqamətində effektiv addımlar atılacaq. Əgər Ermənistan tərəfindən əvvəlki qaydada utopik və şovinist istəklər səsləndirilərsə, bu heç bir mərkəzdə keçiriləcək görüşdə qəbul edilməyəcək”.
Ayşən Mustafa