AFFA İntizam Komitəsinin iclası keçirilib.
Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının VIII turunda yaşananlara hüquqi qiymət verilib.
“Sabah”ın futbolçusu Boyan Letiç ikisi şərti olmaqla dörd oyunluq cəzalandırılıb. Buna 30 yaşlı müdafiəçinin “Səbail”lə heç-heçə (2:2) etdikləri oyunun 90+4-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alması səbəb olub.
Paytaxt təmsilçisi serbiyalı legionerə görə 3000 manat cərimələnib. Letiçə üç ay sınaq müddəti təyin edilib.
Bundan əlavə, hər iki klub futbolçuları sözügedən matçda dörd sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.
“Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro isə bir oyunluq cəzalandırılıb. Buna səbəb braziliyalı müdafiəçinin Premyer Liqanın VIII turunda “Zirə” ilə keçirilən oyunun 90+4-cü dəqiqəsində qırmızı vərəqə alması olub. Bölgə təmsilçisi 500 manat də cərimə olunub.
AFFA İntizam Komitəsi turun “Kəpəz” - “Qəbələ” görüşü ilə bağlı da qərarlarını açıqlayıb. Beş futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimələnib. Azarkeşlər tərəfindən rəqib komandanın texniki zonası istiqamətinə kənar əşya atılması “Kəpəz”ə 800 manat cərimə bahasına başa gəlib. Eyni zamanda, qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğundan, gəncəlilər daha 800 manat ziyana düşüblər.