“Barselona” avrokuboklardan kənarlaşdırıla bilər

 

“Barselona” İspaniya Kral Futbol Federasiyasının hakimlər texniki komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyraya rüşvət verməkdə ittiham olunur.

Məlumata görə, Barselona istintaq məhkəməsinin rəhbəri, işə rəhbərlik edən Xoakin Agirre klubdan Neqreuraya 7,5 milyon avro ödənilməsini cinayət hesab edib.

Neqreyranın özü, oğlu, həmçinin “Barselona”nın keçmiş prezidentləri Josep Bartomeu və Sandro Rossel rüşvətxorluqda ittiham olunurlar.

Məhkəmənin mövqeyinə görə, heç bir vəzifəli şəxs vəzifəsinin icrasına görə əlavə haqq almamalıdır. Məhkəmə “Barselona”nın günahını sübuta yetirərsə, klub La Liqadan qovularaq İspaniya çempionatının ikinci divizionu olan Sequndaya göndərilə, həmçinin avrokuboklarda iştirakdan kənarlaşdırıla bilər.
Qeyd edək ki, “Barselona”nın rüşvətxorluqda şübhəli bilinməsi faktı 2023-cü ilin martında, klubdan Neqreyraya ödənişlər barədə məlumatın ortaya çıxması ilə məlum olub. Həmin ayın sonunda UEFA potensial korrupsiya qalmaqalı ilə bağlı araşdırmaya başladığını elan edib.(oxu.az)

 

0.27993893623352