Antiterror tədbirlərindən sonra Xankəndiyə doğru – suverenliyimizin tam bərpası istiqamətində addım-addım yaxınlaşdığımız fonunda açıq qalan suallar var:
- 44 günlük müharibədən sonra Bakının Xankəndiyə irəliləməsinin qarşısını alan Rusiya niyə neytral mövqe sərgilədi, hətta antiterror tədbirlərini açıq şəkildə dəstəklədi?
- Üç il sonra geri çəkilən Moskvanın planı nədir, arxa fonda görə bilmədiyimiz oyun varmı?
Bu suallar müzakirələrə səbəb olur və 24 saatlıq məcburetmə tədbirlərinə dair şübhələrə yol açır.
Və müəyyən versiyaları da ön plana çıxarır, hərçənd, bu versiyaların güclü tərəfləri ilə müqayisədə zəif tərəfləri daha çoxdur.
Birinci versiya: Rusiya Bakıya irəliləmək şəraiti yaradır, əvəzində 2025-ci ildən sonra da Qarabağda qalmağa nail olur;
Üç amil bu ehtimalı zəiflədir:
1. Bunun üçün nəzarət traektoriyasının bu qədər daralmasına razı olmaz;
2. Erməni əhalisinin Ermənistana köçməsinin qarşısını alar;
3. Separatçıların mövcudluğunu hansısa formada saxlamağa, eyni zamanda, lazım olanda “müqavimət” göstərə bilmələri üçün silahlı dəstələri müəyyən qədər də olsa qorumağa çalışar;
İkinsi versiya: nəzarət traektoriyasını daraltsa da, əvəzində sülhməramlıların mandatını rəsmiləşdirir və uzun müddətə qalır;
Sülhməramlıların bölgədə qalma müddəti 10 noyabr anlaşmasında təsbit olunub və qeyd olunur ki, “sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən (Azərbaycan və Ermənistan) hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.
Antiterror əməliyyatında sonra Qarabağda yeni vəziyyət yaranıb və 10 noyabr razılaşmasının bu bəndi qüvvədən düşmüş hesab edilə bilər. Çünki tərəflərdən birinin – Ermənistanın artıq prosesdə iştirakı yoxdur. Bu halda sülhməramlıların bölgədə qalması və mandat məsələsi Bakı və Moskva arasında həll ediləcək. Ki, bu Rusiyanın sülhməramlıların saxlanılması məqsədilə Ermənistan üzərindən manevr imkanlarını sıradan çıxarır, eyni zamanda, Bakının qərarvermə gücünü artırır. Moskva istəyinə nail olmaq üçün Bakıya təzyiq edə bilər, hərçənd, Qarabağ məsələsində güc balansı ikinin birədir: Moskva Bakı-Ankara qarşısında təkdir və Ankara Bakıya təzyiqin önündə qalxan rolunu oynayır, Türkiyə də sülhməramlıların 2025-ci ildən sonra bölgədə qalmamasına dair mövqeyini Ərdoğan səviyyəsində elan edib;
Üçüncüsü, Rusiya nəzarət traektoriyasını Xankəndiyə qədər daraldır və Azərbaycan ərazisində hərbi bazasının olmasını istəyir;
- Rəsmi Bakı ölkə ərazisində digər ölkənin hərbi bazasının olması fikrini yaxın buraxmır, xüsusilə çoxvektorlu siyasi xətti bunu qeyri-məqbul edir;
- Azərbaycanın əsas və rəsmi müttəfiqi Türkiyədir, əgər ölkə ərazisində hərbi bazanın olması zərurəti qaçılmaz olarsa, bu Türkiyənin bazası ola bilər;
- Rusiyanın Azərbaycanda hərbi baza istəyinə qarşı təkcə Bakı yox, Ankara da qarşı çıxar;
Bu versiyaların qeyri-reallığı Bakının Qarabağda suverenliyini tam bərpası istiqamətində irəliləmək əvəzinə Moskva qarşısında hansısa öhdəlik götürməsi ehtimalını olduqca azaldır. Lakin Rusiyanın mövqeyində radikal dəyişiklik səbəbsiz deyil, Moskvanın öz istəklərinin olduğu da məlumdur.
Moskva Bakıya niyə mane olmadı, rusların planı nə ola bilər?
Baş verənləri bu suala cavab axtarışı üzərindən anlamağa çalışmalıyıq.
Qarabağ məsələsi 30 il ərzində Rusiya üçün Cənubi Qafqazda Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün plasdarm rolunu oynayıb. 44 günlük müharibədə bu kart böyük ölçüdə zəiflədi, amma sıradan çıxmadı. Sülhməramlı kontingentini bölgəyə gətirməyə nail olan Rusiya həm bu kartı əlində saxlayır, həm də Bakı-İrvan xəttində vasitəçilik üzərindən təsir imkanlarını qoruyurdu. Ötən ilin sentyabr döyüşlərindən sonra situasiyanı dəyişdi.
- Praqa görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və sonrakı proses bu faktor üzərində quruldu;
- İrəvan bununla Qarabağ məsələsində arxa planda qalmaqla problemi Bakı-Moskva xəttinə köçürmək gedişi etdi;
- Qarabağda qondarma “status”, “müqəddəratını təyin etmə” planlarını “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” mərhələsinə qədər aşağı saldı;
- Baş verənlərə görə bütün məsuliyyətin sülhməramlıların – Moskvanın üzərində qalması vəziyyəti yaratdı;
- Və Qarabağdan imtina etməklə Rusiyanın bu kart üzərindən Ermənistana təsir imkanını zəiflətdi, Moskvanın orbitindən uzaqlaşmaq, Qərbə yaxınlaşmaq xətti tutdu: Avropa İttifaqı missiyanın bölgəyə gətirilməsi, ABŞ-la hərbi təlimlərin keçirilməsi və s. bunun əyani nümunələridir;
Bu vəziyyətdə Qarabağın Rusiya üçün bölgədə təsir imkanlarını saxlamaq rolu azaldı. 44 günlük müharibədən sonrakı vəziyyəti saxlamaq – separatçıları və silahlı dəstələri qorumaq Moskva üçün qazancdan çox, risklər vəd edir:
Birincisi, Qarabağda qalmaq yalnız Azərbaycana təsir imkanını saxlamaq deməkdir;
İkincisi, məsələnin Bakı-Moskva xəttindəki problemə çevrilməsi Rusiyanın təkcə Azərbaycanla yox, Türkiyə ilə də münasibətlərində gərginlik yaradır, xüsusilə Ukrayna müharibəsindən sonra bunda maraqlı deyil;
Üçüncüsü, Moskva Qarabağda ermənilər üçün Bakı ilə üz-üzə gəldiyi vaxt Ermənistan Rusiyanın orbitindən uzaqlaşır, Qərbə yaxınlaşır, həm də ikili oynayırdı: həm Qarabağ məsələsinə görə anti-Rusiya kampaniyasını körükləyir, həm də bu məsələni Qərb ölkələrinin bölgəyə müdaxiləsi üçün zəminə çevirirdi, “erməni əhalisinin qorunması üçün beynəlxalq mexanizm” buna hesablanıb;
Beləliklə, Qarabağın ruslar üçün bölgədə plasdarm rolundan daha çox, problemə çevrildiyi ortadadır, xüsusilə Ermənistanın məsələni Moskvanın üzərinə yükləməsi və siyasi oriyentasiyasını dəyişməsi fonunda. Görünür, Moskvada separatçıları qorumağn uzun perspektivli qazanc olmadığını anladılar: bununla yalnız Bakıya təsir rıçağını saxlayırlar ki, bu uzun müddət mümkün olmayacaq və təkcə Bakı ilə yox, Ankara ilə da üz-üzə gələcək; buna paralel olaraq, İrəvanın orbitdən uzaqlaşamaq imkanı genişlənir və bu perspektiv Cənubi Qafqazda güc-təsir balansını rusların əleyhinə dəyişdirir;
Rusiyaya təkcə Azərbaycana təsir edə biləcəyi Qarabağ yox, Azərbaycan və Ermənistan arasında “hakim” rolunu saxlamaq, Cənubi Qafqazda maraqlarına yaranmış riskləri aradan qaldırmaq lazımdır. Və bu imkanları bir neçə kontekstdə təsnif etmək olar.
a) Bakı və İrəvan arasında sülh müqaviləsinə vasitəçilik etmək: Ermənistan sülh müqaviləsində “Qarabağdakı erməni əhalisinin müdafiəsi” məsələsini problem olaraq irəli sürür və qeyd etdiyimiz kimi, bundan həm anti-Rusiya kampaniyası üçün istifadə edir, həm də Qərb ölkələrinin bölgəyə girişinə qapı açır; separatçıların təslim olması ilə bu kart İrəvanın, həm də bu məsələ ilə bölgəyə müdaxilə edən tərəflərin əlindən çıxır və qarşıdakı dövrdə Moskva sülh müqaviləsinin onun vasitəçiliyi ilə imzalanmasına çalışacaq;
b) Qarabağdakı ermənilərə görə onu ittiham edən Paşinyan hakimiyyətini təzyiq altında buraxdı: separatçıların təslim olmasından sonra İrəvanda baş verənlər bunu təsdiq edir və Moskvanın bu amildən sonrakı müddətdə də Ermənistanda daxili siyasi atmosferi idarə etmək üçün istifadə edəcəyi bəllidir;
Burada bir məqam xüsusilə diqqət çəkir – Rusiya 10 noyabr razılaşmasına əsasən erməni silahlı dəstələrini bölgədən çıxara bilərdi, lakin bunu niyə Bakının öhdəsinə buraxdı?
- Silahsızlaşdırmanı ruslar etsəydi, bu gün Paşinyan hakimiyyətinə qarşı olan ittihamlar Moskvaya qarşı yönələcəkdi və rəsmi İrəvan bundan geniş şəkildə istifadə edəcəkdi;
- Erməni silahlı qruplaşmalar arasında tabe olmayanlar olacaqdı və bu, Rusiyanın imicini təkcə ermənilər qarşısında yox, Azərbaycan qarşısında da zədələyəcəkdi;
c) Rusiya üçün həm Azərbaycan və Ermənistan arasında uzun müddətli “hakim” mövqeyini, həm də bölgədə təsir imkanlarını saxlamaq üçün sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması vacibdir:
- Zəngəzur dəhlizi: təhlükəsizliyini rus hərbçilərinin təmin edəcəyi bu dəhliz Moskva üçün bölgədə uzunmüddətli perspektivdə plasdarm rolunu oynaya, həm də Avrasiyanın bu kommunikasiyalara birləşəcək nəqliyyat şəbəkəsində paya sahib olmaq imkanı qazandıra bilər; istisna deyil ki, Azərbaycan-Ermənistan sülh sazişində Zəngəzur dəhlizi məsələsi hər iki tərəfin uzlaşa biləcəyi nöqtələr üzərindən qurulacaq, bu, Ermənistanın “suverenlik” iddiasının nəzərə alınması ilə asanlaşdırılmış keçid də ola bilər;
- Ermənistana alternativ quru yolunun əldə edilməsi: Gürcüstan marşrutunda iki çətinlik var, siyasi baxımdan, ABŞ-ın Tbilisiyə təsir imkanı bu marşrutu riskli edir, iqtisadi baxımdan, qış aylarında bu yolun işlək qabiliyyəti böyük miqyasda aşağı düşür; alternativ marşrut Qazax-İcevan yolunun olması mümkündür, lakin bunun üçün sülh sazişinin imzalanması və kommunikasiyanın açılması lazımdır;
ç) Cənubi Qafqaza qeyri-regional ölkələrin girişinin qarşısını almaq planı: Moskva bölgədəki vəziyyəti 44 günlük müharibədən sonrakı, Ukrayna müharibəsindən əvvəlki vəziyyətə qaytarmaq niyyətindədir; Türkiyə və Rusiya əsas oyunçu olur, İranın maraqları nəzərə alınır, Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı ilə 3+3 formatı inkişaf etdirilir;
Ukraynada müharibənin getdiyi vaxt Moskvaya “axilles dabanı” olan Cənubi Qafqaza kənar müdaxiləni zəiflətmək, təsir imkanlarını saxlamaq lazımdır. Və belə görünür ki, Rusiya regionu itirməmək, yaxud regionda güc balansının əleyhinə dəyişməməsi üçün Qarabağı plasdarm olaraq görməkdən imtina etdi.
(Burada məsələnin qlobal proseslərlə də bağlantısı var: Hindistanda keçirilən G-20 zirvəsində Türkiyə və Rusiyanın kənarda qaldığı İMEC layihəsi qəbul olundu, bu layihənin reallaşma perspektivi nə qədər zəif olsa da siyasi qərarın verilməsi risklər vəd edir və istisna deyil ki, bu, Orta Dəhlizin önündə hələ də qalan Qarabağ “ocağı”nın dərhal söndürülməsini, Cənubi Qafqazda sabitliyin qurulmasını qaçılmaz etdi. Bu, Türkiyə və Azərbaycanla yanaşı, Rusiya üçün də vacibdir, həm Zəngəzur dəhlizində yer almaq, həm Cənubi Qafqaza kənar oyunçuların müdaxiləsinin qarşısını almaq, həm də bölgədə təsir imkanlarını saxlamaq baxımından. Bu haqda ayrı yazmaq istəyirəm).
Və bütün bunların fonunda bir sual aktual olaraq qalır: Xankəndinin taleyi necə olacaq, ruslar şəhəri “Donbasa” çevirə bilərmi?
Xankəndinin rusların nəzarətində “separatçı bölgə” olaraq qalması həm hərbi, həm siyasi, həm logistika, həm iqtisadi baxımından praktiki olaraq mümkün deyil: bunu xəritəyə baxdıqda əyani şəkildə görmək olar;
Artıq Xankəndində qalacaq azsaylı erməninin Azərbaycan vətəndaşlığında, Azərbaycan qanunları ilə yaşamaqdan başqa alternativinin olmadığı aydın görünür. Bunu Rusiya da qəbul edib, sülhməramlıların 2025-ci ilə qədər orada qalması isə bizim üçün Ermənistanın “beynəlxalq mexanizmlər” iddiasının önünü almaq üçün lazımlı görünür. Hərçənd, bölgədəki proseslər rusların daha tez çıxmasını da istisna etmir.
Asif Nərimanlı