"Kəpəz"in sponsor dərdi

 

"Kəpəz" uzun illərdən sonra yenidən yerinə - elitaya qayıdıb.

 Gəncə təmsilçisi artıq iki mövsümdür ki, Azərbaycan Premyer Liqasında mübarizə aparır. Fəqət sponsorsuz...

Azərbaycanın ən köklü klublarından birinə bugünə qədər sahib çıxan yoxdur. Düzdür, ara-sıra yerli mətbuatda "sarı-göylər"in yeni sponsora qovuşacağı ilə bağlı xəbərlər tirajlanır. Lakin bütün bunlar da sadəcə söylənti olaraq qalır...

"Kəpəz"lə eyni vaxtda elitaya vəsiqə qazanan daha bir bölgə təmsilçisi "Turan Tovuz"da isə bu problem çoxdan həll olunub. "Huner Group" şirkəti ötən mövsümün ortalarında qərb təmsilçisinə sahib çıxıb. Artıq "Turan Tovuz"un avtobus problemi də yoxdur. Futbolun İnkişaf Fondunun həyata keçirdiyi "Turan100k" layihəsi çərçivəsində "Bozqurdlar"ın nəqliyyat məsələsi öz həllini tapmış olub. 

Eyni layihə "Kəpəz" üçün də reallaşdırılıb, lakin hələlik nəticə yoxdur. "Kəpəz100k" layihəsi bu gün də davam edir. 

Bir sözlə, "Kəpəz"in nə sponsoru, nə də avtobusu var...
Amma bütün bunlara rəğmən, Gəncə təmsilçisi elitada pis təsir bağışlamır. Gəncəlilər 2023/24 mövsümünün açılış turunda "Neftçi"ni məğlub etməklə (1:0) yanaşı, səfərdə "Qarabağ"dan xal almağı da (1:1) bacarıb. Düzdür, "Kəpəz"in turnir cədvəlindəki mövqeyi (oxu: 5 oyundan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb) ürəkaçan olmasa da, məlum məsələ(lər) həllini taparsa, "sarı-göylər" üçün uğurlu dönəmin başlayacağını ehtimal etmək olar. Gəncə klubunda ötən mövsüm maaş problemi də yaşanırdı. Futbolçuların məvacib və xərclərini isə klubun İdarə Heyətinin sədri İlqar Nadiri şəxsi vəsaiti hesabına qarşılayırdı. Amma nə vaxtda qədər..?

Xülasə, "Kəpəz" Azərbaycanda, ələlxüsus Gəncədə fəaliyyət göstərən iş adamları, investorların yolunu səbirsizliklə gözləyir...

0.17465400695801