Futbol üzrə Azərbaycan Birinci Liqasının birinci turu çərçivəsində Yevlaxda keçirilən “Karvan” – “Mingəçevir” matçında dava düşüb.
"Ölkə.az" Oxu.Az-a istinadla xəbər verir ki, münaqişəyə səbəb “Karvan”ın əvəzlənmiş kapitanı Müşviq Teymurovun meydanı tərk edərkən rəqib azarkeşlərə qarşı qeyri-etik hərəkətə yol verməsi olub.
Nəticədə mingəçevirli futbolçular onun üstünə atılıblar, bundan sonra meydanda əlbəyaxa dava düşüb.
Dava səbəbindən matçda fasilə yaranıb və asayiş keşikçiləri tərəfləri ayırmaq üçün meydana çıxıblar.
Qeyd edək ki, oyun “Karvan”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərindən qolları Akif Tağıyev (45+1 P), İzzət Müştaqov (55), Elvin İsmayılov (57) və Piter Kinqs (88) vurub. Mingəçevirlilərin prestij qoluna isə Elnur Mirzəyev (71) imza atıb.