AFFA “Sabah”ın yeni transferi Ayaz Quliyevin Azərbaycan vətəndaşlığını alması üçün aidiyyəti qurumlara müraciət edib.
Bu barədə “Report”a milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Qurum rəsmisi bununla bağlı dövlət qurumlarından cavab gözlədiklərini bildirib: “Ayaz Quliyev özü Azərbaycan millisində oynamaq arzusu ilə bağlı AFFA-ya müraciət etmişdi. Biz də baş məşqçinin istəyinə uyğun olaraq pasportun verilməsi üçün müraciətimizi ünvanlamışıq. Müsbət cavab alandan sonra FİFA-ya da müraciət olunacaq. Hazırda FİFA proseduruna uyğun şəkildə işlər davam edir. Futbolçu pasport alsa belə, o demək deyil ki, dərhal milliyə çağırılacaq. Çünki FİFA-nın da razılığı olmalıdır”.
Qeyd edək ki, Ayaz Quliyev “Sabah”a bir neçə gün əvvəl Rusiyanın “Ximki” klubundan keçib.