"Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Demokratikmusavat.com xəbər verir ki, Azərbaycan çempionu Polşada "Rakuv"un qonağı olub. Çenstoxovadakı "Miejski" stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:2.
Matçda hesab 55-ci dəqiqədə açılıb. Ağdam klubundan Elvin Cəfərquliyev avtoqol müəllifi olub. 71-ci dəqiqədə "Rakuv" ikinci topu "köhlən atlar"ın qapısından keçirib. Bu dəfə Fabian Pyasetski fərqlənib. Məğlubiyyətlə barışmaq istəməyən "Qarabağ" Redon Cicanın 73 və 75-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Bununla belə, Polşa çempionu 90+1-ci dəqiqədə Sonni Kittellə qələbə topunu vura bilib.
Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində "Aris" (Kipr) - BATE (Belarus) matçının güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.