"Şlyapa" dediyiniz Zahidin döyüşçü ayaması "QURD" olub

 

Şlyapa” dediyiniz Zahidin döyüşçü ayaması “QURD” olub

Döyüş dostum Zahid Niftəliyevə qarşı ittihamların saxtalığı birinci növbədə mülki şəxsə qarşı hərbi prokurorluğun və məhkəmənin ittiham irəli sürməsindən bəlli edir. Və təkcə bu yox. Kampaniya başladılıb ki, Zahid bəy guya eks- qərargah rəisi Nəcməddin Sadıqovun adamıdır və onun adından kimlərisə rütbə,  vəzifə ilə təltif edib, kimlərisə xidmətdən buraxdırıb və s. və i.a. Məntiq və faktlar isə tamam başqa şey deyir. Zahid Niftəliyev 31 il qabaq ailəsini, körpə uşaqlarını Allahın ümidinə qoyub Qarabağ uğrunda savaşa kapitan rütbəsində könüllü qatılanda, Ağdərədə döyüşlərdə ağır travma alanda komandiri və sonradan döyüş dostu olan Nəcməddin Sadıqov mayor , sonra polkovnik – leytenant rütbəsində idi. Yəni Zahid rütbə,  vəzifə savaşçısı olsa idi, elə özü dostunun hesabına general ola bilməzdimi? İndi Zahidi “şlyapa” ayaması ilə tanıdanlar onun DÖYÜŞ PAPAĞINI Qarabağda daşıyan çağlarda hansı geyim formasının altında gizlənmişdilər?

Son 3-4 ili çıxmaqla Zahidlə sıx bağlantıda olmuşam. Qarabağ qazisi kimi aldığı pensiya ilə böyük ailəsini dolandırmaqçətinliyi, hələ üstəlik sağlamlığı ilə bağlı problemlər onu hərbçi dostlarına üz tutmağa vadar edib. Onun Müdafiə Nazirliyində mülki işdə işləməsi də buradan qaynaqlanır. Düzü, bu mülki iş məsələsini mətbuatdan eşitmişdim. İndi isə Zahidin Nəcməddin Sadıqovun yaxın adamı olduğuna görə həbs edildiyi vurğulanır. Fikrimcə, Zahid keçmiş qərargah rəisinin yaxın adamı olsaydı, onu həbs edə bilməzdilər. Bu həbs, daha çox , “gözə kül üfürmək” , diqqəti Tərtər cinayətindən yayındırmaq amacı daşıyır. Fikir verin, Zahidin həbsini “Tərtər işi”ndə mühüm gəlişmə” kimi sırıyırdılar. Axı Zahid Niftəliyevin, ümumiyyətlə, Tərtər cinayətinə heç bir aidliyi olmayıb, yoxdur və ola da bilməz . Olsaydı, heç onun adını nəinki döyüş dostu kimi, ümumiyyətlə, insan kimi yaddaşlardan silərdim.

Bəzi hörmətli hüquq müdafiəçilərinin Zahid Niftəliyevin uşaqları barəsində anonim mənbədən əldə etdikləri böhtan xarakterli informasiyanın isə heç bir əsası yoxdur. Zahidin ailəsi o qədər təmiz, nəcib ailədir ki! Həyat yoldaşı Bahar bacımın pandemiya dövründə dünyasını dəyişməsindən gec soraq tutdum, heç vaxtında bilsəydim də, əlimizdən nə gəlir? Pandemiya yas şölənlərini qadağan etmişdi axı!

Ana Qanunun “təqsirsizlik prezumpsiyası” maddəsinə görə, məhkəmə qərarı olmadan heç kəs hansısa cinayəti törətməkdə suçlu sayıla bilməz . Ona görə də, kampaniya xarakterli,   yalan məlumatların yayılması yolverilməzdir. Məni ən çox ağrıdan döyüşçüyə “şlyapa” adının sırınmasıdır. Başına şlyapa qoymasına baxmayın, içindəki ağrıları görün! Dünən “qəzan mübarək”lə savaşa gedən döyüşçüyə bu gün “cəzan mübarək!” deyək?

.. Yuxumda qurd görmüşəm, qurd üzü mübarəkdi deyirlər, Qurd Zahid!

Məğrur Bədəlsoy

"Demokratikmusavat.com"

0.14011383056641