Yunanıstanın "Olimpiakos" klubunun vitse-prezidenti Konstantinos Karapapas AEK-ə qarşı keçirəcəkləri ölkə kubokunun yarımfinal oyununa azərbaycanlı FIFA referisi Əliyar Ağayevin təyinat almasından narazı qalıb.
Demokratikmusavat.com metbuat.az-a istinadla xəbər verir ki, o, özünün "Instagram" hesabının hekayə bölümündə yerli federasiyanın sözügedən qərarına ironiya ilə yanaşıb:
"Axır ki, bizi eşitdilər və böyük bir liqadan - Azərbaycandan hakim təyin etdilər. Azərbaycan çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, A Seriyası və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşılarından hesab edilən futbol çempionatı ilə də məşhurdur! Niyə də yox?!"
Karapapasın sözügedən paylaşıma meymun "emoji"si əlavə etməsi də diqqət çəkib.
Qeyd edək ki, Əliyar Ağayevin təyinat aldığı oyun qəzaya görə təxirə salınıb.
Hələlik qarşılaşmanın yeni tarixi açıqlanmayıb.