"Facebook"dakı mübahisənin sonda kütləvi davaya çevrildi:1 ölü...

 

Bakıda kütləvi dava zamanı qətl törətməkdə təqsirli bilinən Rüfət Fiqarovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, pataxtın Nəsimi rayonu ərazisində bir qrup gənc arasında kütləvi dava yaranıb. Nəticədə Bakı şəhər sakini, 24 yaşlı Rüfət Fiqarov bıçaqla 17 yaşlı Novruz Cəfərova, 20 yaşlı Fərid Mustafayevə və 21 yaşlı Elvin Abdullayevə çoxsaylı xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Novruz Cəfərovun aldığı xəsarət ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. 

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Rüfət Fiqarov tutulub.

Araşdırmalar zamanı qanlı hadisəyə “Facebook” sosial şəbəkəsində baş vermiş mübahisənin səbəb olduğu ortaya çıxıb. Belə ki, 24 yaşlı Rüfət Fiqarovun “Facebook”da Novruz Cəfərovla mübahisəsi düşüb. Onlar orada bir-birilərini söyüblər. Nəhayət, mübahisəni həll etmək üçün onlar Ə.Topçubaşov küçəsi, 341 saylı yeni tikilən binanın qarşısında görüş təyin ediblər.

Təyin olunmuş yerə Rüfət xalası oğlu, Novruz isə Fərid Mustafayev və Elvin Abdullayevlə gəlib. Görüş yerində gənclər məsələni həll edə bilməyiblər və onlar arasında dava düşüb. Bu zaman Rüfət cibindən bıçaq çıxararaq Novruz və onun dostlarına müxtəlif xəsarətlər yetirib. Novruz ürək və ağciyərindən aldığı xəsarətlərdən ölüb.

Məhkəmə prosesində Rüfət Fiqarov ittiham üzrə özünü təqsirli hesab edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Fiqarov 14 il müddətinə azadlıqdan məhrum edilib. 

Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin edilməyib.

Natiq

 

 

0.23849105834961