Baş məşqçi: "Qışda transfer etmək həmişə çətindir, görək, necə olacaq"

 

"Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır. Xüsusilə də, komandanın hazırki formasında. Həqiqətən çox çətin oyun oldu".

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Azersun Arena"da "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis futbolçular əzmkarlıq göstərib, yaxşı mübarizə apardıqlarını bildirib: "Məğlub da ola bilərdik. Bizim üçün çox vacib xal qazandıq. Həmişə favorit komandalarla matçda qazanılan xal çempionatın sonunda çox dəyərli olur. Futbolçularımı təbrik edirəm".

Onun sözlərinə görə, son vaxtlar komandada inkişaf görünür: "Mövsüm davam etdikcə, futbolçular da yaxşı formaya çatırlar. Komandanın əzmkar oynaması bizim üçün çox vacibdir. Mənim üçün ilk növbədə döyüşkənlik, daha sonra digər keyfiyyətlər gəlir. Daha da inkişaf etməliyik. Amma çempionat çox gərgin keçir. Mütləq hər oyundan xal və ya xallarla ayrılmaq lazımdırr. Hələlik gedişat belədir. Qış fasiləsindən sonrakı turlar nə göstərəcək, bilmirəm. Avrokuboklara iddialı klublar nadir hallarda xal itirirlər. Ona görə də qazanılan hər xal çox dəyərlidir. Xüsusilə də "Qarabağ" kimi komanda ilə oyunda".

Sadıqov qış fasiləsində heyəti gücləndirmək istədiklərini söyləyib: "Amma özünüz də bilirsiniz ki, qışda transfer etmək həmişə çətindir. Görək, necə olacaq".

0.20535802841187