Braziliya milli futbol komandasının həkimləri komandada virus yayılmasından şübhələnirlər.
Demokratikmusavat.com xəbər verir ki, son günlər bir neçə futbolçu məşqi buraxmalı olub. Belə ki, ilk olaraq “Mançester Yunayted”in hücumçusu Antoni nasazlayıb. Onda qripə bənzər simptomlar və qusma müşahidə olunub. Daha sonra “Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa və “Liverpul”un qapıçısı Alisson xəstələnib.
Eyni zamanda, futbolçular DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunun İsveçrə ilə oyununda oynamağa hazır olduqlarını bildiriblər, lakin baş məşqçi Tite oyun üçün heyəti hələ müəyyənləşdirməyib.
Xatırladaq ki, Neymar və Danila da zədə səbəbindən qarşıdakı oyunu buraxacaqlar.
Braziliya və İsveçrə yığmaları arasında görüş noyabrın 28-də, Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
Birinci turun matçında braziliyalılar Serbiya millisini (2:0), isveçrəlilər isə Kamerunu (1:0) məğlub ediblər.
Xatırladaq ki, dünya çempionatı Qətərdə noyabrın 20-də başlayıb və 2022-ci il dekabrın 18-dək davam edəcək. Turnir beş şəhərin səkkiz stadionunda keçirilir. Final qarşılaşması “Milli Stadion”da baş tutacaq.