Rusiya prezidenti Vladimir Putinin ən yaxın çevrəsinə daxil olan Belarus lideri Aleksandr Lukaşenkonun Ermənistana qarşı belə sərt mövqe tutması “erməni maraqları” üçün real təhlükə hesab olunur... Ermənistan cəmiyyətində Belarus prezidenti açıq şəkildə hədəfə alınıb və o, “ermənilərin düşməni” elan edilib...
Ermənistan “dəstək və himayə toplama” siyasəti ümidverici nəticələrdən uzaqdır. Rəsmi İrəvan Azərbaycan əleyhinə genişmiqyaslı “informasiya savaşı” açsa da, bu istiqamətdə hələlik elə bir ciddi nəticəyə nail ola bilməyib. İndiyə qədər yalnız bəzi ermənipərəst dövlətlərin, o cümlədən Fransanın ənənəvi “növbətçi bəyanatları” ilə kifayətlənmək məcburiyyətində qalıb. Və bu, erməni diplomatiyasının böyük uğursuzluğu da hesab oluna bilər.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın əsas hədəflərindən biri də məhz Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə cəlb edilməsi ilə bağlı idi. Paşinyan hakimiyyəti Azərbaycan-Ermənistan sərhədlərində hərbi təxribatlar törətməklə, “rus NATO-su”nun dəstəyini özü üçün təmin etməyə can atırdı. Hətta rəsmi İrəvan Ermənistanın ərazi bütövlüyünün pozulduğu barədə sərsəm iddialarla KTMT-nı şantaj etməyə də çalışırdı. Və həm Rusiyadan, həm də KTMT-dan Ermənistan qarşısındakı hərbi öhdəliklərin yerinə yetirilməsini tələb edirdi.
İlk mərhələdə KTMT-nın rəsmi təmsilçiləri Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya edilmədiyini əsas gətirərək, bu məsələyə qarışa bilməyəcəklərinə eyham vurdular. Ancaq rəsmi İrəvanın Ermənistan ərazisinə Avropa Birliyinin müvəqqəti müşahidəçi qrupunun gətirilməsinə nail olduqdan sonra KTMT da təmsilçilər göndərmək məcburiyyətində qaldı.
Təbii ki, Paşinyan hakimiyyəti bunu özünün siyasi-diplomatik uğuru hesab edirdi. Üstəlik, tezliklə KTMT-nı Azərbaycanla qarşı-qarşıya qoya biləcəyinə ümid bəsləyirdi. Ancaq KTMT-nın son toplantısında rəsmi İrəvanın bütün ümidləri boşa çıxdı. Bu hərbi-siyasi quruma üzv dövlətlərin liderləri Ermənistanın hərbi-siyasi avantüralarına alət olmağa qətiyyən həvəs göstərmədi.
Bütün bunlarla yanaşı, KTMT üzvü olan Belarusun prezidenti Aleksandr Lukaşenko Ermənistan baş naziri Nikol Paşinyana xitab edərək, Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə aparıb, bütün problemləri ikilikdə həll etməyə çağırıb. Əks halda, sonra vəziyyətin Ermənistan üçün daha da pis olacağı barədə xəbərdarlıq edib. Yəni, “Batka” rəsmi İrəvanın KTMT-nı Ermənistanın Azərbaycanla qarşıdırmasına cəlb edilməsi ilə bağlı cəhdlərdən məmnun olmadığını anlatmağa çalışıb.
Eyni zamanda, Belarus prezidenti hansı oyunların, nə məqsədlə başladıldığından məlumatlı olduğunu da vurğulayıb. KTMT-nın belə hərbi-siyasi avantüralara bulaşmasının yolverilməz olduğunu da bildirib. Və “Batka” onu da qeyd edib ki, Azərbaycan KTMT-ya üzv dövlətlərin əksəriyyəti ilə dost ölkədir.
Şübhəsiz ki, Belarus prezidentinin belə açıq və sərt mövqeyi Ermənistanda ciddi narazılıqla qarşılanıb. Bir müddət əvvəl də “Batka” Ermənistanın müstəqil dövlət olduğuna şübhə etdiyinə eyham vurmaqla, rəsmi İrəvanı özündən ciddi şəkildə narazı salmışdı. Ona görə də, Ermənistan cəmiyyətində Belarus prezidenti “erməni maraqlarının düşməni” kimi təqdim olunur.
Ancaq anlaşılan odur ki, “Batka” Ermənistanın ona və Belarusa münasibətindən qətiyyən narahat deyil. Belə ki, Belarus prezidenti A.Lukaşenko KTMT-nin baş katibi Stanislav Zasla görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı niyə kəskin reaksiya verdiyini və ölkəsinin mövqeyinin əsas səbəblərini izah edib. Onun fikrincə, vaxtilə rəsmi İrəvan Azərbaycanın işğal altında saxladığı rayonlarını geri qaytarsaydı, nə müharibə, nə də indiki vəziyyət olmazdı.
“Batka” xatırladıb ki, vaxtilə onunla müzakirə zamanı Ermənistan rəhbərliyi də işğal altındakı rayonların Azərbaycan əraziləri olduğunu etiraf edib: “Mən də dedim ki, əgər, elədisə, onda həmin əraziləri geri qaytarın. Əgər, mən bunu deyəndə o rayonları qaytarsaydılar, bu müharibə də olmazdı. Nəticədə Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hərbi güc tətbiq etmək məcburiyyətində qaldı”.
Göründüyü kimi, “Batka” ermənilərin eşitməyə vərdiş etmədikləri səviyyədə açıq danışır və ədalətli mövqe tutur. Ona görə də, hazırda Ermənistan cəmiyyətində Belarus prezidentini hədəfə alıblar. Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib ki, Belarus prezidenti açıq şəkildə KTMT-nı Azərbaycanın kollektiv təhlükəsizlik təşkilatına çevirir: “Belarus diktatorunun açıq-aşkar mühakimələri və qəzəb püskürməsi təhlükəlidir...”
Maraqlıdır ki, “Batka”nın açıqlamaları rəsmi İrəvan tərəfindən də müttəfiqliyə ağır zərbə kimi qəbul olunur. Hətta Ermənistan Xarici İşlər Nazirliyi Belarus prezidentinin son açıqlamları ilə bağlı rəsmi bəyanat yaymaq məcburiyyətində qalıb və A.Lukaşenkonun dediklərinin reallıqdan uzaq olduğunu əsaslandırmağa çalışıb: “Belarus prezidentinin xaotik və müzakirələrin məmtiqindən uzaq açıqlamaları KTMT-yə üzv dövlətin, elə A.Lukaşenkonun özünün imzaladığı öhdəliklərini də ciddi sual altında qoyur”.
Bütün bunlar onu göstərir ki, “Batka” Ermənistanın avantürist davranışlarının açıq şəkildə ifşasını davam etdirir. Rusiya prezidenti Vladimir Putinin ən yaxın çevrəsinə daxil olan Belarus lideri A.Lukaşenkonun Ermənistana qarşı belə sərt mövqe tutması rəsmi İrəvanın yeni məkrli planlarına qarşı ciddi problem hesab olunur. İndiki halda, əslində “Batka” yalnız Ermənistanın maskasını yırtmaqla kifayətlənmir, həm də Paşinyan hakimiyyətinin qurmaqda olduğu planları elə əvvəlcədən “batırmağa” başlayıb. Paşinyan hakimiyyətinin “Batka”nın mövqeyini bəhanə edərək, Ermənistanın KTMT-dan çıxması ilə bağlı prosesə start verə biləcəyi də qətiyyən istisna deyil.(Yeni Müsavat)