“Rusiya Federasiya Şurası tərəflər arasında etimadın yaradılması üçün Azərbaycan və Ermənistanla üçtərəfli parlamentlərarası təmasların başlanması üçün məsləhətləşmələrə başlayıb”.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev məlumat verib.
“Dünənki birgə bəyanatda Rusiya, Azərbaycan və Ermənistan liderləri digər məsələlərlə yanaşı, Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspert icmaları və dini liderlər arasında dialoqu davam etdirmək, o cümlədən iki ölkə xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədilə üçtərəfli parlamentlərarası təmasların başlanması üçün, Azərbaycan və Ermənistan arasında müsbət atmosferin yaradılmasının vacibliyini vurğulayıblar”, - deyə senator öz “Telegram” kanalında yazıb.
“Biz bu vəzifəni həyata keçirmək üçün Azərbaycan və Ermənistanla ikitərəfli parlamentlərarası komissiyaların mexanizmlərindən istifadə etməyi nəzərdə tutmuşuq. Artıq Federasiya Şurası vasitəsilə müvafiq məsləhətləşmələrə başlanılıb”, - deyə o əlavə edib.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşündə birgə bəyanat qəbul edilib. Sənəddə həmçinin Rusiya, Azərbaycan və Ermənistan tərəflər arasında etimadın yaradılmasına kömək edəcək üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyi qeyd edilib.