"Qardaş, xeyri yoxdur, bütün ölkə bu gündədir" - Professor İdris Abbasov

 

Konkret işlədiyin qurumda qanunsuzluqlara, mənimsəmələrə və s. etiraz edirsən, iki kəlmə tənqid yazırsan, iri siçovulların taladığı anbarın məlun "gözətçiləri" dərhal peyda olub deyirlər: Xeyri yoxdur, qardaş, bütün ölkə bu gündədir, başını qoru!

İş orasındadır ki, bunu deyən kəs kənddə halal zəhməti ilə əkin əkən Həsən əmi deyil, çörəyini min bir zəhmətlə saxladığı iki inəkdən çıxaran Simuzər xala da deyil. Bunu deyən Azərbaycanın "qaymaqları"dır, bir sıra alimləri (akademiklər, doktorlar, professorlar və s.), müəllimləri, ədibləri, ziyalıları və s.-lərdir.

Seyrçi mövqe tutan bu orijinal zərərvericilər özləri üçün "yol" tapıb dolanırlar və bu əyri yol onlar üçün doğmalaşıb, yəni siçovullaşdıqlarının fərqində deyillər, hətta axşam cibidolu evə gedəndə evlərində onları siçovul kimi yox, "Sovurmaçı Başım Tacı" kimi qarşılayırlar. O yol o qədər idbar və müstəqbihdir ki, bu nadanları alçaqlıqla, çaqqallıqla, siçovulluqla barışdırıb.

Həsən əminin, Simuzər xalanın halallığı tutsun sizi, nadan danaziklər! Sizin bu intəhasız nəfsiniz, görməmişliyiniz, biganəliyiniz, kor bəsirətiniz üzündən ölkə viran olub.

Tək çarə - ölkədə özünü alim-akademik, ziyalı adlandıran və qanunsuz yollarla özünə sərvət toplayıb mədhiyyə həyasızlığı edən zatların əmlakının müsadirəsidir. Bəlkə bundan sonra ölkə ziyalısının, aliminin bəsirəti açıla və başlayalar həqiqətləri söyləməyə.

Vallah, ölkənin akademiki, alimi, ziyalısı pula, vəzifəyə səcdə edib həqiqətləri deməyincə, "elmlə məşğul olmaq"la kitabxanalarımız mənasız kağız topaları ilə dolacaq, ancaq ölkə düzəlməyəcək!

PS. Sən alçaqlıq edəcəksənsə, mən edəcəmsə, o edəcəksə, biz edəcəyiksə, əlbəttə, bütün ölkə bu gündə olacaq! Kütləvi əliəyriliyi, rüşvəti, saxtakarlığı, nadürüstlüyü təşviq edən ziyalı, alim kütləsi olan hansı ölkə ağ günə çıxıb?!

0.15019297599792