ÜST meymunçiçəyi ilə bağlı qərar verdi

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun yayılmasını ən yüksək xəbərdarlıq pilləsi elan etməkdən imtina edib.

Demokratikmusavat.com xəbər verir ki, bununla da hazırda bu virusun yayılması ÜST tərəfindən beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti kimi dəyərləndirilməyib.

ÜST öz qərarını təşkilatın fövqəladə hallar komitəsinin tövsiyəsi əsasında verib.

Bununla belə, təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib ki, meymunçiçəyi ciddi şəkildə narahatlıq doğurur. Qeyd edilib ki, meymunçiçəyi virusu yaxından izlənmə və kollektiv reaksiya tələb olunan səhiyyə təhlükəsi kimi inkişaf edir.

Vurğulanıb ki, meymunçiçəyi virusuna onillərdən bəri Afrika ölkələrində rast gəlinir. Lakin hazırda virusla bağlı xüsusilə narahat edən faktor onun yeni ölkələrə və bölgələrə sürətlə, davamlı yayılması və immuniteti zəif olan insanlar, hamilə qadınlar və uşaqlar da daxil olmaqla, həssas əhali qruplarına yoluxma riskidir.

Baş direktorun sözlərinə görə, vəziyyət yaxından izlənərək, ayıq-sayıqlıq davam etdiriləcək və epidemiyanın təkamülü əsasında yaxın günlərdə və həftələrdə fövqəladə hallar komitəsinin təcili iclasının çağırılması üçün beynəlxalq səhiyyə ekspertlərinin tövsiyələri nəzərə alınacaq.

Qərardan öncə təşkilatın fövqəladə hallar komitəsi bir neçə gün davam edən müzakirələr aparıb. Beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti ÜST tərəfindən elan edilən ən yüksək xəbərdarlıq pilləsidir. Hazırda bu pillə COVID-19 pandemiyası və poliomielit xəstəliyinə şamil olunur.

0.16669607162476