Nəqliyyatın al gələcəyi - VİDEO

 

Azərbaycanda ictimai nəqliyyatda bütünlüklə nağdsız ödənişə keçilir

Demokratikmusavat.com Real TV-ə istinadən bildirir ki, yaxın aylarda Azərbaycanın Dəmir Yollarına aid elektrik qatarlarında gediş haqqınan təmassız bank kartlarının vasitəsi ilə ödənilməsi üzrə pilot layihə başlayacaq. "Ağıllı şəhər" layihəsi çərçivəsində gerçəkləşdiriləcək bu yenilik NFC (En-Ef-Si) ödəniş, yəni məlumatlarına naqilsiz ötürmə texnologiyasına əsaslanacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin məlumatına görə, yaxın beş ilə bütün ölkə ərazisində ictimai nəqliyyat bütünlüklə nağdsız ödənişə keçməlidir. Ölkənin bütün şəhərlərində və əyalətlərində tətbiq ediləcək bu yenilik bank kartları ilə yanaşı smartfonları da əhatə edəcək. Təbii ki, bu bank kartları və smartfonlar NFC (En-Ef-Si) ödəniş texnologiyalarını dəstəkləməlidirlər.

Hazırda paytaxt avtobuslarının 50 faizi və şəhər metrosu bütünlüklə "BakiKart" nəqliyyat sistemi ilə əhatə edilib. Bu sistemin tətbiqinin nəqliyyat sektorunda şəffaflıq yaratması bir yana, amma Bakı sakinlərini ən çox razı salan məsələ avtobus nəqliyyatının daha əlverişli və rahat hala gəlməsidir. Yəni nağd pulla işləyən avtobuslar axşam saat 21-dən yoxa çıxdığı halda, kartla işləyən avtobuslar saat 23:30-a kimi işləyir.

Bununla yanaşı, hazırda "BakiKart" sisteminin yaratdığı tək qayğı mütəmadi olaraq ödəniş kartlarının doldurulması ilə bağlıdır. NFC (En-Ef-Si) ödəniş texnologiyalarına keçdikdən sonra isə artıq bu ehtiyac qalmayacaq - vətəndaş maaş kartını və ya pensiya kartını toxundurmaqla təhlükəsiz və təmassız şəkildə yol pulunu ödəyəcək.

Ekpertlər düşünür ki, nağdsız ödənişlərin payı artması ilə nəqliyyat sektorunda tam şəffaflıq təmin ediləcək.

Demokratikmusavat.com

0.13771200180054