Rəsmi Bakı Qarabağı geri qaytarmaq üçün BMT-də Ermənistanı işğalçı dövlət kimi tanıtdırmalıdır

 

Azərbaycan diplomatiyası yaranmış əlverişli şəraitdən maksimum istifadə etməlidir.

Ermənistanın aqressor olduğunu indiyə qədər ən çox dəstək aldığı ABŞ Konqresinin sənədində öz əksini tapması dünyada Azərbaycanın haqlı mövqeyinin güclənməsinə böyük töhfədir.

 

30 ildən çoxdur davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün dövrlərində informasiya müharibəsində Azərbaycan mediasının ermənilərin informasiya təxribatı qarşısında əsas arqumenti olan dinc sakinlərə qarşı erməni vandalizmi, xüsusən yaşayış məntəqələrinin dağıdılması faktının bəşəriyyət əleyhinə cinayət kimi qabartmaq çox vaxt müsbət nəticə vermirdi. Sevindirici haldır ki, son zamanlar, Avropa Birliyinə daxil olan ölkələr tərəfindən işğal faktının tanınması, dünyanın digər aparıcı dövlətlərinin ali qanunvericilik qurumları tərəfindən ilk növbədə münaqişəyə dəxli olmayan mülki şəxslərin əziyyət çəkməsi faktlarının ABŞ kimi aparıcı dövlətin ali qanunverici orqannın mötəbər sənədlərində əks olunması vəziyyətin kifayət qədər bizim xeyrimizə dəyişdiyini söyləmək olar.

 

ABŞ Konqresinin qətnaməsində konkret olaraq Azərbaycanın ərazilərinin başqa bir dövlətin işğal etdiyi faktı təsdiqlənir.

 

Məsələn, bu günlərdə ABŞ Konqresində Azərbaycan əleyhinə ermənilər tərəfindən qanunvericilik təkliflərinin qarşısı qətiyyətlə alınıb və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edilib. Belə ki, 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə Ermənistan əleyhinə iki düzəliş irəli sürülüb. Qeyd edilən düzəlişlərin müzakirəsi məqsədilə iyulun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclası keçirilib. Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

 

Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur. Orada açıq şəkildə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazilərinin işğal edildiyi, yerli əhalinin məcburi şəkildə ərazilərdən köçməyə məruz qaldığı qeyd edilib. Digər tərəfdən, bu işğal nəticəsində dəyən zərər və həlak olanlar barədə hesabatlar tələb edilir.


Sözügedən düzəlişlərin qəbul edilməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub. Ona görə ki, Azərbaycanın Dağlıq Qarabağın ətrafındakı rayonların işğalı ilə bağlı 1993-cü ildə BMT Təhülkəszilik Şurası tərəfindən qəbul edilən və 27 ildir yerinə yetirilməyən məlum 4 qətnamədən fərqli olaraq bu sənəddə konkret və aydın şəkildə Azərbaycanın ərazilərinin başqa bir dövlətin işğal etdiyi faktı təsdiqlənir.

 

BMT-nin sənədlərində qeyri-müəyyən olan işğalçı qüvvələr 27 ildir Azərbaycanın işğal edilmiş rayonlarından çıxmaq istəmir.

 

Bu faktı təsdiqləmək üçün BMT Təhlükəszilik Şurasınn məlum qətnamələrinə diqqət yetirmək yerinə düşər. Tarixi faktlar göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlasa da, uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyib, daha doğrusu əvvəlcə SSRİ-nin “daxili işi” olduğu üçün onun mahiyyəti tam çatdırılmırdı, ya da müdaxilə olunması qeyri-mümkün idi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini alır, erməni lobbisinin imkanlarından da geniş istifadə edirdi. Bir sözlə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsində beynəlxalq birliyin laqeyd münasibəti Azərbaycanın torpaqlarının 20 faizinin işğalında az rol oynamadı.

 

Belə ki, 1992-ci ildən bilavasitə Ermənistan ordusu Azərbaycan ərazilərinin işğalı yönündə hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirsələr də, beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət verən beynəlxalq təşkilat tapılmırdı. 1992-ci ilin martında BMT-yə üzv qəbul edilən Azərbaycan dərhal BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etsə də, bunun nəticəsi heç nəyi dəyişmədi. Düzdür, BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (indiki ATƏT) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Lakin 1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi.


İndi isə həmişə əldə bayraq etdiymiz, Ermənistanın isə “ayaqqabısına sildiyi” BMT TŞ-nin məlum 4 qətnaməsinin mahiyyətinə nəzər yetirək. 1993-cü ilin aprelin 2-də Kəlbəcərin işğalından sonra 30 aprel 1993-cü il tarixində qəbul edilmiş 822 saylı qətnamədə erməni qoşunlarının (???) Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb olunurdu, amma işğalçının Ermənistan olması qeyd edilmirdi.

 

1993-cü il iyul ayının 23-də Azərbaycanın Ağdam rayonunu işğal etməsi də Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnaməyə heç bir əhəmiyyət vermədiyinin sübutu idi. Buna baxmayaraq, 29 iyul 1993-cü il tarixli BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi də bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edən ümumi sözlərlə dolu idi. BMT-nin 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha obyektiv görünsə də, “Ermənistan” sözü belə burada yer almırdı.

Demokratik Musavat xəbər verir ki, 14 oktyabr 1993-cü ildə qəbul edilən 874 saylı qətnamədə isə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandırılaraq erməni qoşunlarının (???) son dövrlərdə işğal etdiyi Füzuli , Cəbrayıl, Qubadlı və digər ərazlərdən geri çəkilməsini tələb olunurdu.

Ən nəhayət, 12 noyabr 1993-cü ildə qəbul edilən 884 saylı qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Horadiz qəsəbəsi və Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Həmin sənəddə işğalçı qüvvələr yenə də qeyri-müəyyən qalsa da, ilk dəfə olaraq “Ermənistan Respublikası” ifadəsi yer alırdı və amma bu dəfə də işğalçı kimi yox, erməni separatçıları üzərindəki bütün təsir vasitələrindən istifadə etməsinə görə aqressorun adı çəkilirdi. Eyni zamanda, Ermənistan hökuməti Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırılırdı. Təbii ki, qətnamələrin ünvalandığı qurum BMT-nin üzvü olmadığı üçün işğalçı qüvvələrin çıxarılması da baş vermədi və BMT-nin sənədlərində qeyri-müəyyən olan işğalçı qüvvələr 27 ildir Azərbaycanın işğal edilmiş rayonlarından çıxmaq istəmir.

 

Türkiyənin nüfuzlu diplomatı Volkan Bozkırın BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti seçilməsi Azərbaycan üçün şansdır

 

Göründüyü kimi, hələ təzəcə müstəqillik əldə edən Azərbaycanın işğala məruz qalması BMT tərəfindən açıq şəkildə təsdiq edilməməsi 30 ilə yaxındır münaqişədə irəliləyiş əldə edilməməsi kimi çətin duruma gətirib çıxarıb. Sözügedən qətnamələrdə işğalçının öz adı ilə çağrılmaması indi N.Paşinyan kimi diletantların qondarma qurumun danışıqlar masasına oturması tələbi səsləndirməsinə şərait yaradır.

 

Amma indiki vəziyyət Azərbaycanın hücum diplomatiyasından da istifadə edərək mövqeyini gücləndirməsinə şərait yarada bilər. Nəzər alsaq ki, həmin vaxt mövcud olan geosiyasi vəziyyət də ölkəmiz üçün əlverişli deyidli, hazırda yaranmış bu vəziyyətdən maksimum şəkildə Azərbaycann milli maraqları naminə istifadə etmək lazımdır.

 

Baxmayaraq ki, bu vəziyyət Azərbaycan XİN rəhbərinin istefaya göndərilməsi ilə eyni vaxta təsadüf etdi, yeni nazir Ceyhun Bayramov bütün səyləri səfərbər edərək Ermənistanın beynəlxalq təşkilatlarda ifşası üçün təcili tədbirlər görməli, Azərbaycan Prezidentinin söylədiyi kimi “hücum diplomatiyası” prosesini sürətləndirməlidir.

Məlum qətnamələrdən və mövcud vəziyyətdən yola çıxaraq Birləşmiş Millətlər Təşkilatı səviyyəsində Ermənistanın rəsmi şəkildə işğalçı kimi qeyd edilən qətnamənin qəbuluna nail olmaq mümkündür. İndi Azərbaycanın hücum diplomatiyasının uğurunu şərtləndirən və işğalçını sözün əsl mənasında “dalan dirəmək” üçün əlverişli məqamdır.

 

Belə ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Türkiyənin nüfuzlu diplomatı Volkan Bozkır seçilib. Onun bu posta yeganə namizəd olmasına baxmayaraq, Ermənistan və Yunanıstan kimi açıq şəkildə türk düşmənçiliyi və faşizm nümayiş etdirən ölkələr gələcəkdə beynəlxalq müstəvidə diplomatik məğlubiyyətlərini nəzərə alaraq Volkan Bozkırın seçilməsinə mane olmağa çalışdılar. Hətta BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidentinin seçkiləri olmadan V.Bozkırın avtomatik fəaliyyətə başlayacağı gözlənildiyi halda Ermənistan kimi avantürist ölkələrin tələbi ilə iyun ayının 17-də səsvermə keçirilib. Düşmənlərin arzusu gözündə qalıb və Türkiyənin dövlət xadimi, beynəlxalq səviyyədə yüksək nüfüza malik olan diplomat Volkan Bozkır BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti seçilib.

Ceyhun Bayramov və onun komandasının üzərinə böyük məsuliyyət və iş düşəcək

 

Bu ilin sentyabrında fəaliyyətə başlayacaq Volkan Bozkır rəhbərliyi dövründə BMT Baş Assambleyasının 75-ci sessiyasının iclaslarında Azərbaycanın haqq səsinin, ədalətli mövqeyinin BMT tribunlarından eşidilməsi, Birləşmiş Millətlər Təşkilatında işğalçının kimliyinin dəqiq göstərilməsi, ona qarşı müvafiq tədbirlərin, o cümlədən sanksiyaların tətbiqi məsələlərinin qaldırılması əsas hədəflər olmalıdır. Bu işdə yeni xarici işlər naziri Ceyhun Bayramov və onun komandasının üzərinə böyük məsuliyyət və iş düşəcək.

 

Daha bir məqam odur ki, Ermənistanın isğalçı kimi tanınması üçün dünyanın 120 dövlətini birləşdirən Qoşulmam Hərəkatının dəstəyindən də istifadə edilməlidir. Hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan ölkələr heç bir hərbi alyansa qoşulmadıqları üçün regionda hər hansı hərbi-siyasi maraqları da yoxdur. Üstəlik bu ölkələr bu yaxınlarda Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizə və əməkdaşlıq məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsində yekdilliklə Azərbacan dəstək göstəriblər. Çox güman ki, Azərbaycanın BMT-nin 75-ci sessiyasında Ermənistanın ifşası üçün hər hansı sənəd təqdim etsə, Qoşulmam Hərəkatına üzv olan 120 dövlətin dəstəyinə ümid edə bilərik. Xüsusi ilə də düşmən tərəfin Tovuz rayonuna etdiyi son hücumlardan sonra dünyanın diqqəti münaqişəsinə yönəldiyindən rəsmi Bakı Ermənistanın işğalçı dövlət olması ilə bağlı BMT-də qətnamə qəbul edilməsinə nail olmalıdır.  Bunun üçün beynəlxalq vəziyyət də çox münasibdir. Əgər rəsmi Bakı BMT-də Ermənistanın işğalçı dövlət kimi tanınmasına nail ola bilsə, bu Qarabağın azad olunması istiqamətində Azərbaycana beynəlxalq hüququn imkanlarından maksimum yararlanmağına gətirib çıxarda bilər…

Elmidar Əliyev

AzToday.az

0.16947293281555