“New York Times” nəşri Bərdəyə hücumdan yazdı

 

ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutması ilə bağlı reportaj hazırlayıblar.



“Demokratik Musavat” xəbər verir ki, onlar hadisə zamanı şəhərin mərkəzi küçəsi ilə hərəkət edirmişlər: “Birinci partlayış bizi avtomobili saxlamağa məcbur edəcək qədər güclü idi, cəld yerə atıldıq və hasarların dibində yerə əyildik. Sonra anladıq ki, dayanmasaydıq, 20 metr aralıda raket bizə tuş gələ bilərdi”.



Yazıda qeyd olunub ki, Bərdə şəhəri cəbhə xəttindən 20 mil (32 km) məsafədə yerləşir və partlayış anınadək burada insanlar gündəlik həyatlarına davam ediblər: “1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda başlayan savaş 1994-cü ilə qədər davam etdi və Ermənistan bir milyona yaxın azərbaycanlını evlərindən didərgin saldı, böyük bir ərazini nəzarəti altına aldı. Lakin müharibə məsələni həll etmədən sona çatdı. İndi yenidən başladı və Azərbaycan itirilmiş əraziləri geri almaq üçün genişmiqyaslı əməliyyatlar təşkil etdi”.


Azərbaycanın bir sıra yaşayış məntəqələrinin demək olar ki, gündəlik raket zərbələrinə məruz qaldığı vurğulanan reportajda yerli sakinlərin də fikirləri yer alıb: “Avtomobillərdən biri hələ də alovlanırdı. Səkidəki şüşə qırıntıları arasında və bir ofisin giriş qapısında qan izləri qalmışdı. Maşına oturub şəhərdən çıxmağa hazırlaşdıq, növbəti yol kəsişməsində başqa bir faciəyə rast gəldik: Dağılmış avtomobillər. Xilasedicilər avtomobilin qapısını dəmir alətlə araladılar. Qadın dizlərini yerə atdı, “balam” deyə hönkürməyə başladı”.



Yazıda 21 nəfərin həlak olduğu, 70 nəfərin yaralandığı və Ermənistanın qadağan olunmuş Rusiya istehsalı kasetli bombalardan istifadə etdiyi vurğulanıb: “Ertəsi gün Bərdənin mərkəzindən bir qədər aralıda yerləşən, başqa bir raket zərbəsinin endirildiyi Qarayusiflini ziyarət etdik. Burada dəfn mərasimi keçirilirdi. 7 yaşlı bir qız da daxil olmaqla, 4 nəfər ölmüş və 10-dan çox insan yaralanmışdı”.

0.18444108963013