İlham İsmayılov: "Xalqımız bütün ölkə boyu öz şəhidlərini layiqincə qarşıladı, onları böyük hörmətlə dəfn etdilər"

 

“Arxa cəbhədə sabitliyin olması, iqtidar-müxalifət arasında fikir ayrılıqlarının olmaması, cəmiyyətin panika və sobataj xarakterli informasiyalara qarşı ciddi immuntetinin yaranması çox vacibdir”

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan ordusunun göstərdiyi qəhramanlıq, ondan artıq şəhidlərimizin olması millətimizdə təkrar ruh yüksəkliyini artırmaqla bərabər, emosiyaların artmasına, gərginliyin yaşanmasına da səbəb oldu.

2016-ci ildə üç günlük aprel döyüşlərində olduğu kimi yenidən xalqımızın mütləq əksəriyyəti, Azərbaycan hakimiyyətinin, ordumuzun yanında olduğunu bir daha nümayiş etdirdi. Ölkəmizdə sərt karantin rejiminin olmasına baxmayaraq, xalqımız bütün ölkə boyu öz şəhidlərini layiqincə qarşıladı, onları böyük hörmətlə dəfn etdilər.

Artan ruh yüksəkliyi, düşmənin layiqli şəkildə cəzalandırılması üçün olunan çağırışlar, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı uzun illər yığılmış arzu və istəklərin fonunda xüsusilə gənclərimizin yürüş-mitinqlər keçirməsi, cəbhədə savaşan əsgərlərimizlə həmrəy olduqlarını göstərmələri də gözlənilən idi. Gözlənilən kimi də oldu.

Dünən demək olar ki, ölkəmizin hər yerində insanlar orduya olan dəstəklərini nümayiş etdirir, Azərbaycan iqtidarının yanında olduğunu ifadə edirdi. Təbii ki, bütün proseslərdə öncüllük yaşayan paytaxt Bakıda bu aksiyaların daha geniş şəkil alacağı da məlum idi. Uzun illərdən sonra on minlərlə vətəndaşımızın Bakı küçələrində birlik, bərabərlik nümayiş etdirmələri hər birimizin qürür duyduğumuz, iftixar hissi keçirdiyimiz bir hadisə olmalıdır. Lakin dəfələrlə belə proseslərdə başqa maraqların ortaya çıxdığını, təxribat xarakterli çağırışların olduğunu da müşahidə edirik.

Dünən də təəssüf ki, sonluqda bu cür təxribatlardan qaça bilmədik, bir qrup şəxs və şəxslərin təxribat törətməsinə imkan verə bildik. Milli Məclis binasına olan müdaxilə, polis maşınının devrilməsi xalqımızın həmrəylik nümayişlərinin üstünə kölgə salmış oldu. Biz həm də bu proseslərdə özlərini yalançı vətənpərvərlər kimi göstərib, əslində müxtəlif dini qurupların marağına hesablanmış, “beşinci kalon”un sifarişlərini yerinə yetirən psevdovətənpərvərləri də görə bildik.

Təəssüf ki, onların bir çoxu küçələrdə dövlətdən müharibəyə göndərilməsini tələb edib, hay-həşir salsalar da, əsl məqamı gəldiyində ortada görünməzlər, gözəgörünməzə dönərlər. Bunu bütün rayonlar üzrə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinə edilmiş son müraciətlərə nəzər salsaq açıq-aydın görərik. Əslində, dünənki coşqu, müharibəyə kütləvi getmək istəyi bu gün rayonlar üzrə səfərbərlik xidmətlərinin qarşısında böyük bir izdihama səbəb olmalıydı, bu günkü müşahidələrim isə bunu tam olaraq söyləməyə imkan vermir. Təbii ki, məqamı gəldiyində dövlətimiz tərəfindən çağırış əsasında hər birimiz bu xidməti təkrar və yenidən çəkəcəyik.

Yəni bu o deməkdir ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilməlidir. Hələlik isə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi birbaşa Azərbaycan Ordusu tərəfindən təmin edilir. Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidməti zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəliləri mövcud qanunvericiliyin tələblərinə əsasən xidmət bölmələrinə çağırır.

Təbii ki, bunun üçün zərurət olmalıdır. Hesab edirəm ki, bu gün ordumuz həm psixoloji baxımdan, həm də fiziki və texniki baxımdan olduqca hazırlıqlıdır və düşmənin öhdəsindən layiqincə gələ bilir. Təbii ki, düşmənlə savaşda yalnız ordunun güclü olması, texniki təchizatla təmin olunması yetərli deyildir. Arxa cəbhədə sabitliyin olması, iqtidar-müxalifət arasında fikir ayrılıqlarının olmaması, cəmiyyətin panika və sobataj xarakterli informasiyalara qarşı ciddi immuntetinin yaranması da vacibdir. Bunu düşmən də yaxşı bildiyindən, arxa cəbhənin birliyini pozmaq üçün müxtəlif feyk məlumatlardan, çaşdırıcı təbliğat metodlarından istifadə etməyə çalışır. Lakin biz bu cür dövrləri artıq çoxdan keçmişik və inanıram ki, artıq bizim arxa cəbhədə kimsə bu üsullarla cəmiyyətdə ikitirəlik sala bilməyəcək.

Dünən paytaxtda baş tutan həmrəylik yürüşündə buna cəhd etmək istəyənləri bir daha gördük. İnanıram ki, bu həssas məqamda dövlətin təhlükəsizlik orqanları onların ifşa olunmasını da gecikdirməyəcəklər. Bu gün artıq ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar, ictimai təşkilatlar,media institutları, bütün xalq Ali baş komandan İlham Əliyevin əmrini gözlədiyini bildirir, vahid bir cəbhədə düşməni məhv etməyə hazır olduğunu qeyd edirlər. Bu bizim ən böyük şansımızdır və Qarabağın azad olunması üçün bu birlik bizə vacib idi. İnanıram ki, yaxın vaxtlarda içimizdəki təxribatçılardan təmizlənməklə, Qarabağda möhtəşəm bir qələbəni yaşayacıq.


İlham İsmayılov

Azərbaycanlıların və digər Türkdilli Xalqların

Əməkdaşlıq Mərkəzinin sədri

0.19074606895447