"Sakit Göl"də narahat ab-hava... - Özbaşınalıq

 

Şamaxıda yerləşən “Sakit göl” oteli müştəriləri nikah şəhadətnaməsiz otağa buraxmır.

Axar.az xəbər verir ki, bu tələb otelin sosial şəbəkələrdə gedən reklamında qeyd olunub.

Otelə giriş yalnız nikah haqqında şəhadətnamə ilə mümkündür. Bu isə müştərinin hüquqlarının pozulmasıdır. Çünki qanunda otelin nikah kağızı tələb etməsi barədə müddəa yoxdur.

Elə oktyabrın 10-da jurnalistlərə verdiyi açıqlamasında Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov deyib ki, otellərdə nikah kağızının tələb edilməsi işçinin özbaşınalığı da ola bilər.

Onun sözlərinə görə, Azərbaycanda otellərdə müştərilərdən nikah şəhadətnaməsi tələb edilməsi hallarına hələ də rast gəlinir, amma belə hallar getdikcə azalır.

O qeyd edib ki, nazirlik tərəfindən dəfələrlə otellərin nikah kağızı tələb etməsinin qanunsuz məsələ olması ilə bağlı bəyanat verilib: “Belə hal dünya praktikasında yoxdur. Onu tələb etmək ən azı etik baxımdan doğru deyil.

Əgər kimsə belə faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər. Nazirlik sahibkarlara bildirir ki, bu sahədə otel sahibi özünü necə aparmalıdır. Bəzən otellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır”.

Qeyd edək ki, Maşaxıda, Pirqulu istiqamətində bir çox otel və kateclər, o cümlədən “Şirvansaray” istirahət mərkəzində də nikah kağızı tələb edilir.

0.16591286659241