ŞƏKİ BƏLƏDİYYƏSİNDƏ RAMİS-SAMİR HACƏLİYEVLƏRİN DƏRƏBƏYLİYİ … - FOTO

 

Ölkə mətbuatında Şəki Şorsu Bələdiyyəsinin sədri Samir Ramis oğlu Hacəliyev barədə bir sıra yazılar dərc olunub.

Xatırladaq ki, həmin yazılarda bələdiyyə sədri S.Hacəliyevdən narazı olan şikayətçi Naibə Səfərovanın problemi dərc olunmuşdu.

Yazıların birində qeyd olunur ki, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasovun bildirdiyinə görə N.Səfərova illərlə Şorsu bələdiyyəsi ərazisində 10 hektar torpağı icarə əsasında əkib-biçib, bütün qanunlar çərçivəsində kiçik sahibkar kimi fəaliyyət göstərib:

“Lakin son aylarda bələdiyyə sədri S.Hacəliyev vətəndaşın ərazidə işlərinə əngəl törədib, yəni ki, müqaviləni yeniləmək barədə onun müraciətinə bildirib ki: “Get arxayın həmişəki kimi torpağını şumla- toxumunu səp, müqavilədən heç də narahat olma, bağlayarıq”. N.Səfərova da olan-olmazını verib taxıla, toxuma və texnikaya. Sahəni şumlatdırıb da, malalatdırıb da. Toxumu səpmək istəyəndə isə bələdiyyə sədri qəflətən peyda olub və toxumu səpməyə imkan verməyib ki, bəs bilirsinizmi, sizin torpaq sahəsi hərraca satışa çıxarılır. Hərrac isə o torpağa iddiası olan vətəndaşın iştirakı olmadan keçirilib. O kəndə heç bir aidiyyəti olmayan Ağcabədi rayon sakininə cüzi qiymətə “hərrac yolu ilə satılıb”. Digər tərəfdən isə, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri kobud surətdə pozulub, habelə, “razılaşdırılmış” iki nəfərdən başqa heç kimə o hərracda iştiraka imkan yaradılmayıb. İcarədar olan Səfərovlar ailəsindən isə ümumiyyətlə hərrac keçirilən günü-saatı gizlədiblər. Açıq-aydın görünür ki, hərracın sifarişçisi S.Hacəliyev “müştəri” ilə razılaşaraq, formal hərracda torpaq sahəsinin taleyini öz istədiyi kimi müəyyən edib. İllərlə o torpaq sahəsini əkib-biçən, abadlaşdıran, vergi ödəyən şəxslər isə qalıblar kənarda”

Həmçinin, N.Səfərovanın oğlu Amil Səfərovun da sözləri yazıda verilmiş, daha sonra Hərrac üzrə Regional Komissiyanın sədri Bağır Məsimov və Şorsu Bələdiyyəsinin sədri S.Hacəliyevdən açıqlama alınaraq, onların mövqeyi dərc olunmuşdu. (QAFQAZXEBER.AZ)

QAFQAZXEBER.AZ-da gedən digər yazıda isə qeyd olunur ki, birinci yazı dərc olunandan bir neçə gün sonra, S.Hacəliyev QAFQAZXEBER.AZ saytının əməkdaşına zəng edərək, “şəklimi yazıda vermisiz, yalandan yazmısız ki, guya torpağı satmışam, düz eləməmisiz” kimi sözlərlə ittihamlara başlayıb:.

“Mən sizin suallarınıza cavab verdim, siz də götürüb yazını sayta verdiniz”, – deyə bələdiyyə sədri absurd cümlə işlətdi.

Əlbəttə, yazı sayta getməli idi, radioya yox. Və yaxud, əməkdaşımız S.Hacəliyevlə söhbəti öz memuarlarında qeyd etmək üçün aparmırdı ki..! Ümumiyyətlə, S.Hacəliyev bizim əməkdaşa lazım da deyildi… Jurnalist kimi işini görüb, özünü təqdim edib və açıqlama alıb.

Əməkdaşımız mədəni danışdıqca, S.Hacəliyev daha da “uzaqlara gedərək”, Prezidentin tapşırıqlarını yerinə yetirdiyini deyib əlavə etdi ki, bu yazıdan sonra kənd içində işləyə bilməyəcək.

Əlbəttə, biz inanmadıq ki, S.Hacəliyevin bir yazılıq canı var, lakin onu sakitləşdirmək üçün əlimizdən gələni etdik. Biz ona izah etdik ki, jurnalist heç bir replikaya, haşiyəyə, müəllif fikrinə yol verməyib… Lakin S.Hacəliyev yenə də bizim əməkdaşı onu biabır etməkdə ittiham etdi. Sonda bələdiyyə sədrindən soruşduq: “Sizə necə kömək edə bilərik?”. “Mən sizin nömrəni hüquq mühafizə orqanlarına verəcəm, deyəcəm ki, oğlan zəng etdi, ondan sonra belə oldu” deyən bələdiyyə sədri dəstəyi atdı.

Üzümüzü Baş Prokuror Zakir Qaralova və onun tabeliyində çalışan prokurorluq əməkdaşlarına tutub demək istəyirik ki, artıq S.Hacəliyevin hansı şər-böhtanla Sizə müraciət edəcəyini təxmin edirik… lakin xahiş edərdik ki, həmin şəxsin fəaliyyəti yaxşı araşdırılsın, daha kimləri şantaj və təhdidlə susdurduğu müəyyən olunsun”.

365info saytının redaksiyasına da Samir Hacəliyev və onun atası Ramis Hacəliyev barədə maraqlı məlumatlar daxil olub. Həmin məlumatda deyilir: “QAFQAZXEBER.AZ saytında S.Hacəliyev haqqında gedən yazıları Şorsu kənd sakinləri olaraq biz də oxuduq. Bununla əlaqədar bildirmək istəyirik ki, Samir Hacəliyevdən əvvəl kəndin bələdiyə sədri onun atası Ramis Hacəliyev olub. Və indi onun oğlu bələdiyyə sədri seçilsə də R.Hacəliyevin adı bələdiyyədə ştatda aqranom kimi gedir. Bu vəzifədən başqa R.Hacəliyev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Şəki Rayon Baytarlıq İdarəsinin rəis müavini vəzifəsini və Şəki ət kombinatında mühüm vəzifə daşıyır. Ramis Hacəliyevdən kənd camaatı soruşanda ki, o kimə arxayın olub rayonda üç vəzifəyə sahib olub, Hacəliyev belə cavab verir:”Mən rayonda bu üç vəzifəni Şəkidə hüquq mühafizə orqanlarının birində rəis vəzifəsində çalışan adamımın hesabına daşıyıram”.

Hətta əldə etdiyimiz məlumata görə Şorsu kəndində N.Səfərovanın ailəsinə məxsus 10 hektar torpağı da Samir və Ramis Hacəliyevlər həmin rəisin qohumu, Ağcabədi rayonunun Boyat kəndində yaşayan Bəşirov Mehman Telman oğlunun adına hərrac mərkəzindən qondarma yolla alaraq sənədləşdiriblər.

Məlumat üçün bildirək ki, hal-hazırda Şəki rayonunda işləyən həmin rəis vaxtı ilə Ağcabədi rayonunda da rəhbər vəzifədə işləyib.

Bizi izləyin, araşdırmamız davam edir.

Gələn yazımızda Şorsu kənd bələdiyyəsi sədrinin və İcra nümayəndəsinin İbad adlı iş adamını necə tora saldıqları barədə ətraf məlumat verəcəyik.

 

Məsələ ilə əlaqədar qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

0.21713209152222