Aksiz vergilərinin yüksəldilməsi də
qiymətlərin artmasına bəhanə yaradıb
Ölkə Prezidenti süni qiymət artımının qarşısını almaq istiqamətində ciddi xəbərdarlıq etsə də, qiymətlər hələ də sürətlə qalxmaqda davam edir. Demək olar ki, bütün sahələrdə, istər gündəlik təlabat, istərsə də digər məhsullarda hər gün hiss olunan qiymət artımı xalqın, xüsusən əmək haqqı və az təqaüd alanların durumunu daha da ağırlaşdırır. Bu sahəyə məsul olan İqtisadiyyat Nazirliyi isə, tədbir görmək əvəzinə ağzına su almış kimi, hadisələri çox sakit şəkildə müşahidə edir. Hazırda ölkədə qiymət artımının sürətlə qalxmasına baxmayaraq, nazirlik heç nə baş verməmiş kimi, hərəkətsizdir. Hiss edilən odur ki, nazirlik xalqın narazılığının artmasını və bu narazılığın nəticəsində ölkə prezidentinin məsələyə yenidən müdaxilə etməsini gözləyir.
Azərbaycanda nazirliklərin fəaliyyətinə diqqət yetirəndə onlar müstəqil qərar qəbul edib, həmin qərarları yerinə yetirmək imkanları sanki əllərindən alınmış kimi görünürlər, elə bil yuxarıdan göstəriş gözləmək xəstəliyinə tutulublar. Əslində, bu hərəkət heç də ölkəyə və ölkə başçısına xeyir verən fəaliyyət deyil. Əksinə, ölkəyə və dövlət başçısına ziyandan başqa bir şey deyil. Təəssüf ki, ölkəmizdə hər bir nazirlik ona prezident tərəfindən tapşırılan vəzifəni kampaniya formasında yerinə yetirməyə adət edib. İqtisadiyyat nazirliyi isə, demək olar ki, bu sahədə həmişə öndə gedir. Ölkədə qiymətlərin tənzimlənməsinə nəzarət funksiyasını yerinə yetirməli olan bu nazirlik qiymətlərin "ceyran belinə" çıxmasını susmaqla müşahidə edir və xalqdan daha çox xalqı talayan dəllalların soyğunçuluğuna şərait yaradır.
Ölkədə sürətlə gedən bahalaşmanın səbəblərini araşdırmaq məqsədi ilə iqtisadçı ekspert Vüqar Bayramova müraciət etdik. O, sualımızı belə cavablandırdı: "Qiymət artımları son günlər daha da intensivləşib. Apardığımız monitorinqlər göstərir ki, həm ərzaq, həm da bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində artım olub".
O bildirib ki, qiymət artımları idxal edilən məhsullarla yanaşı, yerli mallarda da qeydə alınıb. İqtisadçıya qiymət artımlarının səbəbləri və bunun nə zamanadək davam edəcəyi barədə sual etdik:
"Təhlillərimiz göstərir ki, Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində ticarət fəaliyyətinin sadələşdirilmiş vergi sistemindən çıxarılması və uçotunun aparılması ticarət obyektlərinin xərcinin artmasına səbəb olub. Əvvəllər dövriyyədən cəmi 6 faiz vergi ödəyən ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri bu il yanvarın 1-dən etibarən bu imkandan yararlana bilmirlər. Bu isə onların xərcinin yüksəlməsinə və qiymət artımlarına səbəb olub".
Onun sözlərinə görə, digər tərəfdən, ölkəyə idxal edilən bir sıra məhsullara, o cümlədən tütün məhsullarına, alkoqollu içkilərə və avtomobillərə daha yüksək aksiz vergisinin tətbiq edilməsi istehlak bazarında qiymət artımlarına səbəb olub. "Öncədən qeyd etdiyimiz kimi, idxal edilən məhsullara tətbiq edilən aksiz vergilərinin mütəmadı yüksəldilməsi arzuolunan deyil və bu, qiymət artımlarına səbəb olur".
- V. Bayramov qeyd edib ki, son minimum əmək haqqı və pensiya artımları ilə bağlı qərarlardan da, çox təəssüf ki, bəzi sahibkarlar psixoloji faktor kimi istifadə edərək, qiymət artımlarına gediblər: "Bu baxımdan, İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarında monitorinqlərin aparılması daha məqsədəuyğun olardı. Həmçinin, artıq sadələşdirilmiş vergi subyekti olmayan ticarət fəaliyyəti həyata keçirilən sahibkarlıq subyektləri üçün də yeni güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Əks halda uçot sistemi onların xərclərinin artmasına səbəb olur, bu da qiymət artımı deməkdir".
İqtisadçı deyir ki, gələn ay Novruz bayramını qeyd edəcəyimizi nəzərə aldıqda, ərzaq məhsullarının qiymətinin azaldılması üçün hökumət tərəfindən bazar iqtisadiyyatı qaydaları çərçivəsində qiymətlərin optimallaşdırılmasına çalışılması çox vacibdir: "Hökumət ticarətlə məşğul olanların xərclərinin azaldılmasına çalışmaqla qiymət artımlarının qarşısını almağa çalışmalıdır".
İqtisadçı Nemət Əliyev də marketlərdəki qiymət artımının nəzərəçarpan dərəcədə yüksək olduğunu deyir: "Üç faizlik pensiya artımı pensiyaçının əlinə çatmamış onun 57 faizi artıq bahalaşmanın güdazına gedib. Hökumət ticarət ilə məşğul olanların xərclərinin azaldılmasına çalışmaqla qiymət artımlarının qarşısını almağa çalışmalıdır".
İqtisadçıların apardıqları monitorinq əsasında ölkədə qiymətlərin sürətlə artmasının müəyyən olunması hökumətin, xüsusən İqtisadiyyat Nazirliyinin təcili tədbirlər görməsini zərurətə çevirir. Əks təqdirdə qarşıdan gələn Novruz bayramını normal keçirmək imkanından məhrum olmuş xalqın etirazının şiddətlənəcəyinə münbit şərait yaradılmış olacaq və ölkə müxalifəti isə, yaranmış gərgin durumdan faydalanıb, hakimiyyəti xalqın gözündən salmaq istiqamətində çağırışlarını gücləndirəcək.
Mahir Abbaszadə