ABŞ nə üçün Türkiyəyə "F-35" satmaqdan imtina etdi?

 

Mübariz Əhmədoğlu: "Tramp ehtiyat edir ki, Türkiyənin Moskvadan silah alması, onun digər müttəfiqlərini də Rusiyadan silah almağa meyilləndirə bilər"

 Türkiyə həmişə Avropa Birliyi ölkələrinin və ABŞ-ın geosiyasi nüfuza malik olduğu məkanlarda mümkün qədər sıxışdırılıb. Bu siyasət indi də davam etdirilir. Adətən, ölkələr silah sənayesini inkişaf etdirmək xatirinə silah biznesində siyasi təzyiqlərdən istifadə etməkdən qaçır, bunu daha çox siyasi kontekstə saxlamağa çalışır. Çünki silah biznesinin bir tərəfi siyasətə bağlı olsa da, onun biznesini inkişaf etdirmək məqsədilə bəzi güzəşlərə getmək, bu işdə siyasi qovğaların üstündən sükutla keçməyə üstünlük verilir. Lakin ABŞ Türkiyəyə münasibətdə, məhz silah biznesində siyasi təzyiqlərdən istifadə edir.

Məlum olduğu kimi, Turkiyə ilə ABŞ arasında bağlanan sazişə əsasən bu ilin ikinci rübü ərzində ABŞ "F-35" qırıcı təyarələrini Türkiyənin silah arsenalına təhvil verməli idi. Lakin son zamanlar Amerika fikirindən daşınıb, "F-35" qırıcılarının bu il Türkiyəyə təhvil verməkdən imtina edib. Amerikalı siyasətçilər bu məsələni noyabr ayından tez müzakirə etməmək barədə qərar veriblər. Bu barədə Yunanıstanda nəşr olunan "Ekathimerini" qəzeti məlumat yayıb. Nəşr bildirir ki, qadağa çağırışı Konqresdə 2019-cu ilin büdcəsinin müzakirəsi zamanı dəstəklənib və qəbul edilib. ABŞ siyasiləri düşünür ki, Türkiyə Rusiyadan aldığı "S-400" zenit-raket kompleksləri ilə bağlı ABŞ ordusuna təhlükə yaratmayacağı ilə bağlı xüsusi hesabat təqdim etməsə, "F-35" qırıcılarının verilməsindən imtina edəcək və Türkiyəyə sanksiyalar tətbiq olunacaq.

ABŞ və Türkiyə arasında bu qırıcılarla bağlı imzalanmış müqavilə hələlik Nümayəndələr Palatası və Senat tərəfindən təsdiq edilməyib. Daha əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan "S-400" raketlərini almaqdan imtina etməyəcəklərini açıqlayıb. Doğrudanmı, ABŞ kimi qüdrətli bir dövlət büdcəsi, hərbi arsenalı və siyasi nüfuz dairəsi ondan dəfələrlə zəif olan Rusiyanın sözügedən silahından ehtiyat edir? Yoxsa, bu imtinanın arxasında digər məqamlar var?

Məsələyə aydınlıq gətirmək üçün politoloq Mübariz Əhmədoğluna müraciət etdik. Politoloq bildirdi ki, doğrudan da Rusiyanın "S-300", "S-400", hətta, həmyerlimiz olan rus konstruktor Aşurbəylinin haqqında danışdığı "S-500" zenit-raket qurğuları ən möhtəşəm silah komplekslərindən biridir. Hətta, ABŞ hərbi ekspertləri də bu qurğuların mükəmməlliyini, anoloqlarından üstünlüklərini etiraf edirlər. Bu tip silahların istehsalında Rusiyanın çox parlaq ənənələri var. Belə bir lətifə dolaşır ki, SSRİ-nin 2 təyyarəsi, məhz bu tip qurğuların öyrənilməsi üçün oğurlanıb, hansı ki sözügedən komplekslər də o seriyaya daxildir. Hətta, SSRİ dağılarkən Amerikadan bir qrup mütəxəssin gəlib Şərqi Avropa ölkələrinin birində olan "S-300" zenit-raket qurğusunu söküb öyrənməyə cəhd göstərmələri barədə məluat var. Ona görə də fikrimcə, ABŞ-da belə bir xof var. Amma Amerikanın digər arqumenti ondan ibarətdir ki, Türkiyənin aviasiya və hərbi havadan müdafiə və hücum sistemləri NATO standartlarına uyğun qurulub, Rusiya hərbi arsenalı elementinin bura daxil olması uyğunsuzluq yarada bilər. Lakin mən bu və digər arqumenti real hesab etmirəm, çünki hazırda NATO ilə qarşıdurmaya gedə bilən potensial ortada yoxdur ki, Türkiyənin öz hərbi arsenalını NATO standaprtlarına uyğun, aktiv vəziyyətdə saxlasın. Mənim ən çox ehtimal etdiyim məsələ silah bazarındakı rəqabətdir. Rusiyanın təklif etdiyi hərbi texnika getdikcə daha çox reytinq qazanır. ABŞ-ın oylağı olan Yaxın Şərq ölkələrinin demək olar ki, hamısının Rusiya ilə silah alverinə dair müqaviləsi var. Tramp yanvarın 20-si ərəfəsində Hindistana getməli idi, lakin dekabrın əvvəlində səfər təxirə salındı. Buna səbəb isə Hindistanın Rusiyadan silah almaqdan imtina etməməsidir.

Yəni Rusiya silaş bazarında ciddi irəliləyişə nail olub, bu həm geosiyasi divident, həm də iqtisadi irəliləyişdir. Türkiyə ABŞ-ın müttəfiqləri içərisində yeganə dövlətdir ki, Rusiyadan silah alır, Rusiyanın silah sənayesinə investisiya qoyur, onu gücləndirir. Tramp ehtiyat edir ki, Türkiyənin Moskvadan silah alması onun digər müttəfiqlərini də Rusiyadan silah almağa meyilləndirə bilər. Bununla ABŞ böyük bir bazarı itirmiş olardı. Çünki rus silahları amerika silahlarına 5-20 dəfə ucuzdur, keyfiyyət isə demək olar ki, eynidir, hatta rusların bir çox kompleksləri, o cümlədən "S" seriyasından olan zenit-raket kompleksi daha üstündür. Ona görə də ABŞ siyasi təzyiqlərlə Rusiyanı bazardan sıxışdırmağa çalışır, digər arqumentlər bunu pərdələmək üçün bir vasitədir".

Ərdoğanın Rusiya raket komplekslərindən imtina etməyəcəyi ilə bağlı mövqeyinə münasibət bildirən politoloq vurğuladı ki, Ərdoğanın bu mövqeyi tamamilə adekvatdır: "Siyasətdə hərənin bir dəsti-xətti var, bu kimlərinsə xoşuna gəlməyə bilər, amma bu məsələdə Ərdoğanı qınamağa yeri yoxdur. SSRİ dağılanda ABŞ Türkiyəni tanımadı, onu ayaqlar altına atdı, yalnız Rusiya güclənəndən sonra Türkiyə ilə əməkdaşlığı genişləndirdi, bu daha çox ABŞ-a lazım idi. Türkiyə 50 ildi Avropa İttifaqının qapısının kandarındadı, ABŞ heç vaxt məsləhət xarakterli olaraq da bu məsələnin ədalətsiz olduğunu dilə gətirməyib. Türkiyə yalnız havadan müdafiə və hücum silahlarını ABŞ ona satmaqdan imtina etdikdən sonra Rusiyaya üz tutdu. Ona görə də, Ərdoğanın bu mövqeyini tam haqlı hesab edirəm".

Mahir Abbaszadə

0.17703008651733