Ötən yazımızda - “Sahil Babyev kimə xidmət edir?” başlıqlı məqalə oxucular arasında geniş rezonas doğurdu. Bu məqalədən sonra redaksiyamıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən proseslərlə bağlı yeni informasiyalar daxil oldu.
Hansı ki, həmin məlumatlar nazirlikdə aparılan kadr seçiminin Səlim Müslümovun kadr siyasətindən fərqlənmədiyini, əksinə eyni prinsiplər üzərində aparıldığından xəbər verir. Bunu təsqid edən məlumatlara keçməzdən əvvəl, sabiq nazir Səlim Müslümovun yarıtmaz kadr siyasətinin bəzi məqamalarını xatırlatmaq istərdik.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dönəmdə və vəzifəsindən azad edildikdən sonra Səlim Müslümova qarşı yönələn ittihamların əsasını yaxın qohumlarını yüksək vəzifələrə təyin etməsi təşkil edirdi. Məlum olduğu kimi, Səlim Müslümovun bacısının kürəkəni Fuad Əlizadəni Dövlət Əmək Müfəttişliyinin rəisi, qaynı Ağalar Xasayevi DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, bacısının həyat yoldaşı Əsgər Əsgərovu Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə müdiri, əmisi oğlu Yalçın Müslümovu nazirin müşaviri təyin etmişdi. Bu şəxslərdən başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səlim Müslümovun başqa qohumları da işləyirdi.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi tenderlərdən Səlim Müslümovun qohumlarının yararlanması haqqında da məlumatlar var. Bununla bağlı növbəti araşdırmalarımızın birində bəhs edəcəyik. Hələlik isə Səlim Müslümovun nazir olduğu müddətdə həyata keçirdiyi kadr siyasəti, onun istefaya göndərilməsi və Sahil Babayevin nazir təyin edilməsindən sonra baş verən neqativ prosesləri qeyd etməyə çalışacağıq.
Qeyd edək ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində əvəz edildikdən qısa müddət sonra, yeni nazir qohumlarının əksəriyyətini işdən çıxardı. Sahil Babayevin bu addımı cəmiyyət tərəfindən rəğbətlə qarşılansa da, həyata keçirdiyi kadr təyinatları təəssüf və məyusluq doğurmaqdadır. Çünki Sahil Babayev də sələfi Səlim Müslümovun yolu ilə gedərək, təcrübəli kadrları işdən çıxarıb, onların yerinə bu sahəyə tamamilə yad olan yaxın qohumlarını təyin etməyə başlayıb.
Belə ki, S.Babayev Hüseyn Kərimovu DSMF-nin Binəqədi rayon şöbəsinin müdiri vəzifəsindən azad etdikdən sonra, onun yerinə Cahandar Axundov adlı şəxsi təyin edib. Cahandar Axundovun əvvələr Bakı şəhərinin kommunal xidmətində işlədiyi, ancaq sabiq mer Hacıbala Abutalıbov tərəfindən işdən azad edildiyi deyilir.
İndi isə Sahil Babayev DSMF-nin Ağcabədi rayon şöbəsinin müdiri vəzifəsinə Cahandar Axundovun bacanağı Fazil Elman oğlu Əkbərovu təyin etmək istəyir. Doğrudur, DSMF-nin rəsmi saytında Fondunun Ağcabədi şöbəsinin müdiri kimi İlham Qənbərovun adı keçir. Lakin nazir Sahil Babayev onu bu yaxınlarda vəzifəsindən azad etsə də, bu dəyişiklik DSMF-nin rəsmi saytında öz əksini tapmayıb.
Yeri gəlmişkən qeyd edək ki, DSMF-nin rəsmi saytında Binəqədi şöbəsinin müdiri kimi Hüseyn Kərimovun adı keçir. Bu isə rəqəmsal iqtisadiyyata keçidlə bağlı dövlət orqanları qarşında prezidentin fərmanı ilə qoyulan vəzifələrin mahiyyətinə ziddir. Bu məqam gənc kadr hesab olunan nazir Sahil Babayevin də rəqəmsal iqtisadiyyatın fəlsəfəsindən uzaq olduğunu göstərir. Əks halda, nazir bu günə kimi DSMF-nin rəsmi saytının köhnəlmiş məlumatlardan ibarət olmasının qarşısını almaq üçün addım atardı. Bu mövuz ilə bağlı növbəti saylarımızda geniş araşdırma aparmağa çalışacağıq.
Hələlik isə nazir Sahil Babayevin kadr siysətinin incəliklərindən bəhs etmək istərdik. Cahandar Axundov kimi, onun bacanağı Fazil Ələkbərov da bu günə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməyib. Onun sonuncu iş yeri Dövlət Sığorta Kommersiya Şirkətinin Ağcabədi filialının müdiri vəzifəsi olub. Elə bu sətirlər yazılanda da Dövlət Sığorta Kommersiya Şirkətinin rəsmi saytında (http://azersigorta.az/az/app/filiallar) Şirkətin Ağcabədi filialının müdiri kimi Fazil Elman oğlu Əkbərovun adı qeyd olunub.
Fazil Ələkbərovun isə keçmiş vəzifəsinə, Dövlət Sığorta Kommersiya Şirkətinin Ağcabədi filialının müdiri vəzifəsinə qaynı, keçmiş “QAİ” işçisi Adil Bağırovun təyin edilməsinə nail olduğu haqqında məlumatlar var. Bu şəxsin ali təhsilə malik olmadığı halda sözügedən vəzifəyə necə təyin olunması ilə bağlı məsələyə Dövlət Sığorta Kommersiya Şirkəti rəhbərliyinin münasibətini öyrənməyə çalışacağıq.
Sahil Babayevin iki bacanağı, Cahandar Axundov və Fazil Ələkbərovu DSMF-nin yerli şöbələrinin müdiri təyin etməsi bu şəxslərin onun qohumları olması ilə bağlıdır. Əks halda ixtisasca hüquqşünas olan nazir Sahil Babayev DSMF-nin Ağcabədi şöbəsinin rəhbərliyinə ixtisaca aqronom olan birini gətirməyə çalışmazdı. Məlumata görə, Cahandar Axundovun və Fazil Əkbərovun həyat yoldaşları ilə nazir Sahil Babayevin kiçik qardaşı Samir Babayevin həyat yoldaşı əmiqızıdırlar. Bacanaqların DSM-nin şöbə müdiriləri təyin olunmasında məhz nazirin kiçik qardaşı Samir Babayevin mövqeyinin əsas rol oynadığı da məlumatda öz əksini tapıb.
Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edildikdən sonra həyata keçirilən kadr təyinatlarında önəmli rolu olan şəxslərin arasında “Kia Motors Az” Məhdud Məsuliyyətli Cəmiyyəyin faktiki rəhbəri Səxavət Səfərovun önəmli rol oynaması haqqında məlumatlara isə növbəti araşdırmamızda aydınlıq gətirməyə çalışacağıq.
Mənbə Hurriyyet.org