“Öz həyatımı yaşayıram,
qonşunun yox!”

 

Yeganə Cansail: “ Mən tək qalanda daha çox düşünürəm, dincəlirəm”

 

“Ümumiyyətlə, kütlə başqasının cibini, evini, ürəyinin içini güdməkdən zövq alır”

 

Bugünkü müsahibim artıq 10 ildən çoxdur mətbuatda çalışan və hazırda ARB telekanalında yayımlanan “Boş anlar” verilişinin aparıcısı Yeganə Cansaildir. “Göy adamı” kitabının müəllifi gənc yazar Yeganəni siz də yaxından tanıyın.

-          Hal-hazırda aparıcısı olduğun “Boş anlar” verlişindən danış… Necə oldu bu veriliş ərsəyə gəldi?

-          “Boş anlar” layihəsi sentyabr ayından efirdə yayımlanır. Müəllifi və layihənin rəhbəri özüməm. Tamaşaçıya sənət adamlarının yaradıcılığı ilə yanaşı onların şəxsi həyatları da çox maraqlı olduğundan, hesab eləyirəm, maraqlı və aktual verilişdir. 

-          Tələb varsa, təklif də həmişə var...

-          Bəli, deyim sizə ki, tamaşaçıların marağı böyükdür. Birinci verilişimizi boşanmış sənətçilərə həsr elədik. Veriliş müsahibə xarakterli olduğu üçün əvvəllər çox narahat olurdum. Düşünürdüm ki, dinamika azdır, söhbət tamaşaçını ekrandan uzaq tuta bilər. Amma qonaqlarla ünsiyyətimizin dinamikası yanıldığımı göstərdi.

- Bu vaxta qədər neçə boşanmış ulduz çəkmisən?

- 15-dən çox...

- Ən yaddaqalan anlar nələr olub?

- Qaynanasının Elza Seyidcahanın saçını yolması, Rahidə Baxışovanın özünü ailəsinə fəda etməsi, Mənzurə Musayevanın göz yaşları, Elnarın övladıyla bağlı çıxışı…

- Bu qədər söhbətlərdən sonra qərara qəldiyiniz nəticə nə oldu? Sizcə boşananlar arasında ən çox günah hansı tərəfdə olub?

- Boşanmaların 80 faizinin günahkarı kişilərdir. Evlənirlər, amma sanki ailə həyatı qurmaq xətrinə- Məsuliyyət, sevgi, hörmət yoxdur. Varsa da, çox qısa müddət davam edir. Xanım qonaqlarımın boşanarkən yaşadıqları çarəsizlik, ailənin dağılmaması üçün apardıqları mübarizə və kişilərin laqeydliyi ilə dolu bu hekayələr mənə çox pis təsir edir. Kaş ki, insanlar həyat yoldaşlarını həyatlarının sonuna kimi sevib saxlaya bilsəydilər…

- Xoşbəxtlik nədir? Bir qadını səncə, ən çox nə "xoşbəxt" edə bilər?

- Insanı xoşbəxt edəcək səbəblər çoxdur. Əslində kişilər hər zaman düşünürlər ki, qadınları anlamaq çətin məsələdir. Amma mənə görə qadının xoşbəxtliyinin kökündə sevgi dayanır. Əgər mən sevirəmsə, həyatın bütün pillələrində özümü xoşbəxt hiss edirəm. Qadını xoşbəxt etmək çox asandır. Ürəkdən gələn sözlə, bir dəstə güllə, nə bilim o qədər səbəblər var ki...

- İnsanlar niyə əllərində olanları itirəndə anlayır? Sən necə olubmu ki, nəyisə itirəsən, sonra anlayasan?

- Əlbəttə ki, biz elə varlıqlarıq ki, çox vaxt itirəndə qədir bilirik. Bəzən bu səhvi bilə-bilə edirik. Amma qazandıqlarımı itirmirəm. Çünki nail olduqlarıma əmək, zaman və ömrümü xərcləyirəm. Buna görə də onlar mənim üçün qiymətlidirlər. Hələ ki, bu hissi yaşamamışam. İtənlər isə yəqin ki, qazandıqlarım  olmayıb...

 - Tez-tez depressiyaya düşürsən... Bu paylaşdığın statuslardan  açıq-aşkar bəlli  olur. Səbəbi?

- (Gülür) Yox, deməzdim ki, depressiyaya düşürəm. Əksinə, optimist insanam. Ola bilsin, sentimentallığım bəzən sosial şəbəkələrə də yansıyır. Amma pessimist deyiləm. Qəti.

- Bu yaşına qədər ən gözəl sözü kimdən eşitmisən? Olub ki, söz "sehri"nə  düşəsən?

- Düzünü desəm, gözəl sözlər çox eşidirəm. Amma xüsusi  olaraq  xatırlamıram. Ətrafımda məni  sevən doğmalarım, ailəm, dostlarım və tamaşaçılarım var. Onlardan hər gün gözəl sözlər eşitmək məncə, bir xanım üçün böyük xoşbəxtlikdir. Ona görə ayrı-seçkilik etmək ədalətli olmaz.

- Bu yaxınlarda doğum günün oldu özəl hədiyyə aldınmı?

- Bəli. Onsuz da hər kəsin sənə hədiyyəsi özəldir. Sizin məqsədiniz deyəsən, məni dostlarımla düşmən eləməkdir (gülür).

 - Həyatda ən çox əldə etmək istədiyin nədir?

- Dünya şöhrətli yazıçı olmaq. Kitabları böyük tirajlarla çap edilən  yazıçı! Buna  ürəkdən  inanıram! Qəlbimdə bir hiss mənə deyir  ki, bu arzu  bir  gün  baş  verəcək. Yazmağı, fikirlərimi  insanlarla  bölüşməyi  çox  sevirəm. Mənə  elə  gəlir  ki,  bu  dünyaya  hərəmiz  bir  missiya üçün  gəlirik. Mənim  bu  planetin  insanlarına  deyəcək sözlərim  var.

- Həm yazarsan, həm aparıcısan, eyni zamanda da, redaktorsan... Ən çox hansı sənə xoşdu və doğmadı?

- Gördüyüm bütün işlərdən zövq alıram. Sevmədiyim işi heç vaxt görmərəm. Aparıcı  kimi  çalışmaq  səni  daha böyük  kütləylə  üz-üzə qoyur. . Həm məsuliyyətlidir, həm də həyəcanlıdır. Səni yüz minlərlə insan izləyir. Onların arasında səni sevən, nifrət edən, səninlə razılaşan, dəstəkləyən və əksi olan insanlar var. Sən onların hamısı ilə dil tapmağı bacarmalısan.

İşin zövqlü tərəfi də məhz budur. Yazıçılıq  da  eyni  zamanda böyük  məsuliyyət tələb edən işdir. Sən hər şey yaza bilərsən.  Amma unutmamalısan  ki,  yazdığın  hər  bir  cümlə  hansısa  bir oxucunun  şüuruna,  həyatına  təsir  edəcək,  dəyişəcək  bir açar ola bilər.  Buda yazma sənətinin zövqlü tərəfi olsun deyək.

- Yeganə təkliyi çoxmu sevir?

- Adımın mənası tək deməkdir. Təkliyi  də hədsiz dərəcədə çox  sevirəm.  Hərdən  bu  xasiyyətimə   görə  anam  məni qınayır  ki,  insanlara qayna-qarış.  İşdən gələn kimi gedib yuvana, yəni otağına çəkilmə.

- Təklik sənə nə verir?

- Mən tək qalanda daha çox düşünürəm, dincəlirəm.  Bu məni xoşbəxt edir.

 - Həyatda etdiyin səhvlərdən nəticə çıxara bilmisənmi? Yəni təkrar-təkrar etdiyin səhvlər olub?

- Ehhh, o qədər səhv edirəm ki... Səbəb də insanlara çox inanmağım, güvənimdir. Məni ən çox yanıldan gözəl danışan insanlar olub. Hər dəfə də özümə söz vermişəm ki, bu dəfə inanmayacağam, amma yenə də inanıb yanılmışam. Görünür hələ təcrübə azdır.

 - İki il öncə "Yalnızlıq" haqqında köşə yazmışdın... O zamanlardakı yalnızlıqla, indiki yalnızlığın arasındakı fərq nədir?

- İnanırsız, heç xatırlamadım o dediyiniz yazımı. Yalnızlıqla çoxdan vidalaşmışam.

 - Cəmiyyət nə deyər sualı səni heç qorxudubmu? Ümumiyyətlə, qınağa tuş gəlməkdən qorxmusan?

- Həmişə öz bildiyimi, daha doğrusu ürəyimin dediyini etmişəm.  Heç vaxt da cəmiyyət, ətraf, qonşu  nə fikirləşər  sualı  məni  maraqlandırmayıb. Mən öz həyatımı yaşayıram, qonşunun yox! Və inandırım sizi ki, əxlaqdan danışan adamların etdiyi tərbiyəsizliyi görmək qədər  məni  əyləndirən  heç nə  yoxdu. Ümumiyyətlə, kütlə başqasının cibini, evini, ürəyinin  içini  güdməkdən  zövq  alır.  Bu da insanların  mənəviyyatının kəsadlığından irəli gəlir. Nə qədər bekar olmalısan ki, kiminsə şəxsi həyatına burun soxub məsləhət verəsən. Adama deyərlər əlin yağlıdır çək öz başına.

- Ən çox nəyin xəyalını qurursan?

- Kitabımın imza mərasiminin. Oxucu selini, növbəsini... İçində sevəcəyim insanla bərabər yaşayacağım gözəl bir evimin olmasını...  Xoşbəxtliyi.

- Özündə bəyənmədiyin xüsusiyyətin varmı?

- Yox, özümü çox sevirəm. Bircə bəyənmədiyim xüsusiyyətim  insanlara, hər deyilən  sözə  inanmağımdır.

- Həyatında nəsə düz getməyəndə, kimə qəzəblənirsən- özünə, həyata, yoxsa insanlara?

- Yalnız və yalnız özümə...

 

Gülnisə Məmmədova

0.26812100410461