Qazaxstanın əyalət universitetləri dinamik inkişafdadır - Dos. İlham Əhmədov

 

Qazaxstan ali təhsil sistemi müstəqillik qazandıqdan sonra sürətli inkişaf yolunu tutmuşdur. Bu gün postsovet ölkələri içərisində Qazaxstan universitetləri xüsusi fərqlənirlər. Bu gün ölkədə 170-ə yaxın universitet var.
Qazaxstanda reallaşan ali təhsil islahatları sistemli və davamlı olub, öz dinamikliyi ilə fərqlənir. Son illər universitetlərin QS reytinq cədvəlində Qazaxstanın xeyli universiteti TOP 1500 sıralamasında mövqe tutmuşdur (onların sayı artıq 35-dir).
Bu sıralamada Qazaxstanın xeyli əyalət universitetləri də təmsil olunub. Biz xeyli müddətdir ki, Qazaxstan universitetlərinin inkişaf dinamikasını izləyirik. Bunun bir səbəbi də 2011-ci ildə Qazaxstanda ezamiyyədə olmağımız, qismən də olsa onların təcrübəsi ilə yaxından tanış olmağımız idi.
Belə ki, 2011-ci ildə Qazaxstan Respublikası Toraygirov adına Pavlador Dövlət Universiteti (Toraighyrov university (TOU)) Beynəlxalq Əlaqələr Departamentinin dəvəti ilə əcnəbi mühazirəçi qismində həmən universitetə dəvət almış, onların işi ilə yaxından tanış olmuşduq.
Bir həftə davam edən səfər çərçivəsində QR TOU professor-müəllim, magistr və bakalavrları üçün "Universitetlərdə innovativ təhsilin inkişafı" problemlərinə dair 24 saat həcmində mühazirə oxuduq. Səfərin maliyyələşməsi baş ofisi Çexiyada yerləşən "Təhsilin İnkişafı Beynəlxalq Fondu" tərəfindən edilmişdi (ezamiyyə xərcləri, o cümlədən 24 saat mühazirənin 1 saatı 50 avrodan ödəniş edilmişdi, o vaxt bu məbləğ bizim 3 aylıq maaşımız idi).
Səfər haqqında QR TOU öz saytında məlumat da dərc etmişdi.

https://tou.edu.kz/ru/news/2934-shetel-o-ytushylaryny-kelui

(saytda bizim səfərimiz haqqında verilən məlumatı tıkladıqda daha ətraflı məlumatla tanış olmaq mümkündür).

Səfər müddətində universitetin rəhbərliyi, kafedra müdirləri, eləcə də universitetin professor-müəllim heyəti ilə görüşlər keçirdik, universitetin nəznində olan “Qazaxstan tarixi” muzey kompleksində olduq. Bu muzeydə Qazaxıstan dövlətinin yaranma tarixi, qazax xalqının yaranması, təşəkkülü, köçərilərin mədəniyyəti, adət-ənənələri və məişəti ilə yaxından tanış olduq.
Qeyd edək ki, belə muzeylər tələbələrin vətənpərvərlik ruhunda tərbiyə almasında mühüm rola malikdir. Hesab edirəm ki, bizim universitetlərdə də, xüsusən də yeni yaranan “Qarabağ Univeesitetində” belə tarix-diyarşünaslıq muzey kompleksinin yaradılmasına ehtiyac var.
Universitetin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə TOU-nun elm və texnologiyalar parkında da olduq. Bəli, artıq 2011-ci ildə bu universitetin Texnoparkı vardı və onun illik dövriyyəsi bir neçə milyon dollar idi.
TOU-nun son illərdəki uğurları daha maraqlıdır.
1960-cı ildə yaradılan TOU bu gün Qazaxstanın lider universitetlərindəndir. Universitet 150 ixtisas üzrə bakalavr, magistr və doktorantura təhsili verir. İllik ümumi reytinqə əsasən, TOU 2020-ci ildə Qazaxıstanın ən yaxşı çoxprofilli (multidissiplinar) universitetləri arasında ilk beşliyə daxil olub. Universitet QS 1000+ dünya reytinqində də yer alıb.
TOU Dünya Klassik Universitetlərinin Boloniya Xartiyasının tamhüquqlu üzvü, LAESTE tələbə təcrübə mübadiləsi üzrə beynəlxalq assosiasiyanın, Sibir Açıq Universitetlər Assosiasiyasının, Qazaxıstan Universitetləri Assosiasiyasının və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür.
Əyalət universiteti olan TOU son 3 ildə 8 elmi istiqamət üzrə 47 qrant udub (ölkədaxili və beynəlxalq). TOU həmçinin universitetdaxili qrant müsabiqələri də təşkil edir, universitetin elmi-metodik problemlərinin həllinə yönəli öz əməkdaşlarına hər il qrantlar verir.
Bizim 50 universitet son 30 ildə TOU-nun 3 ildə aldığı qrantların heç 30 % qədər də qrant almayıblar. Çünki, bu 30 ildə ETN-nin universitetlərə yönəli qrant siyasəti və qrant müsabiqəsi ümumiyyətlə olmayıb. Büdcə maliyyələşməsi də olmayıb. Universitetlərimizdə reallaşan maliyyə siyasəti “təmir-tikintiyə milyonlar, elm-təhsilə 0 maliyyə” prinsipi əsasında formalaşdığı üçün 30 ildə universitetlərimizin heç bir ciddi nailiyyəti yoxdur.
Maliyyəsiz indiki dövrdə universitetlərin inkişafı əsla mümkün deyil. Bu aksiomu hamı bilir, amma heç kim də praktik olaraq reallaşdırmır. Universitetlərimizin maliyyəsiz "inkişaf" nəticələri göz önündədir. Bu səbəblərdən 7 ildir ki, NK tədqiqat universitetlərinin təyini meyarlarını təsdiq etsə də, hələ də ölkəmizdə tədqiqat universiteti yoxdur.
Biz də gələcəkdə regionlarda yeni universitetlər açmaq barədə düşünürük. Bəlkə Qazaxstanın əyalət universitetlərinin təcrübəsindən faydalanaq?

Demokratikmusavat.com 

0.15440607070923