Kirayə ev axtaranların NƏZƏRİNƏ: BAHALAŞACAQ

 

"Yaxın gələcəkdə daşınmaz əmlak, xüsusilə kirayə mənzil bazarında mütəmadi qiymət artımının şahidi olacağıq".

Demokratikmusavat.com bildirir ki, bu sözləri Lent.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev söyləyib.

Bəllidir ki, bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusilə də paytaxt Bakıda kirayə mənzillər bahalaşıb. Nəinki aylıq, hətta günlük kirayəsi 400-500 manata olan evlər də az deyil. Bəs kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?

Elnur Fərzəliyevin mövzu barədə fikirlərini sizə təqdim edirik:

"Artıq uzun illərdir ki, ölkənin böyük şəhərlərində, xüsusən paytaxtda yerləşən daşınmaz əmlakların həm satış, həm də kirayə qiymətlərində artım müşahidə olunur. Mənzillərin və ya digər əmlakların kirayə qiyməti onun satış dəyərinin 0,5 nisbəti ilə ölçülür. Yəni, bir əmlakın satış qiyməti ortalama 100 min manatdırsa, onun aylıq kirayə qiyməti 500 manat civarında olur. Təxminən 5-6 il bundan əvvəl Bakının mərkəzə yaxın ərazilərində 1 otaqlı ən ucuz xruşşovka layihəli mənzillərin satış qiyməti 60-70 min manat idisə, kirayəsi 300-350 manata başa gəlirdi. Hazırda isə metrostansiyalara yaxın ərazidə yerləşən 1 otaqlı xruşşovka layihəli mənzillərin qiyməti 90-115 min manat arasında dəyişir. Bu səbəbdən həmin mənzillərin kirayə qiymətində də ciddi artımlar müşahidə olunur. Yalnız 1 otaqlılar deyil, bütün mənzillərin satış qiymətindəki artım birmənalı olaraq onların kirayə qiymətinə də təsir göstərir".

Onun sözlərinə görə, 2016-cı ildən başlayaraq paytaxt ərazisində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan həm köhnə çoxmənzilli yaşayış binaları, həm də fərdi yaşayış massivləri sökülərək yeni tikililərlə əvəzlənir:

"Hər hansı yaşayış massivi və ya çoxmənzilli bina sökülərkən həmin ərazidəki kirayəlik mənzillər əmlak bazarına çıxarılır. Sökülən yaşayış binalarının sakinləri yeni tikililər ərsəyə gələnədək - təxminən 2-3 il müddətinə məcburi olaraq kirayə ev tuturlar.
Həmin yeni tikililərdə isə mənzillərin kirayə qiymətləri köhnə binalara nisbətdə təqribən iki dəfə çox olur. Çünki yeni tikili binalarda satış qiymətindən əlavə, kommunal xərclər də çox olur".

2040-cı ilədək paytaxt Bakının təsdiq olunmuş baş planındakı kimi görünəcəyini bildirən ekspert Bakı ərazisində sökülən xeyli sayda fərdi yaşayış evləri və köhnə çoxmənzilli binaların bəzilərinin yeni tikili binalarla, digərlərinin isə dövlət ehtiyacı üçün müəyyən infrastrukturlarla istifadə olunacağını vurğulayıb.

 

0.15497303009033