Son günlər Heydər Əliyev mərkəzi çevrəsindəki bir neçə çılpaq keykəl-fiqur gərgin müzakirə edilir. Hərə düşündüyünü yazır, deyir. Kimi bunu əxlqa zidd, biyabırçılıq adlandırır, kimi əksinə, təqdir edir, tərifləyir və s.
İnsan gözəlliyini başqa təsvir üsulları ilə mükəmməl ifadə etmək mümkün deyilmi ? Şeirimizdə naturalizmsiz ən gözəl təsvirləri bəs necə yaradıb şairlərimiz ? Doğudur poeziyada da naturalist, hətta erotik ştrixlər az deyil :
Əndamın quyruqdu, asta çalxala,
Aldı, məndə dinü-iman qoymadı", ancaq əsasən rəmzlər, bənzətmələr daha çox işlənib. Bir zamanlar rəssam və heykəltəraşlar bir növ öz təsvirçilik, təbiəti yamsılama məharətlərini nümayiş etdimək üçün sıtrf naturalistik təsvirlər yaratdılar, təsvirin son dərəcə fotoqrafik dəqiqliyinə can atdılar. Mikelanjelonun Davidi, Milos adasının Venerası və s. Yəni insanı canlı və cansızları eynən təbiətdə olduğu kimi. Hətta əyində yaş paltar, ipək paltar effekti yarada bilən nə qədər heykəltəraş və rəssamlar gəldi-getdi.
Ancaq sonralar bir çox poetik, romantik, fəlsəfi fikirlərin təkcə naturalistik üslubla güclü ifadə etmək mümkün olmadığını anlayan, naturalizmdən bezmiş bir sıra sənətkarlar axtarışlar edərək çoxlu sənət cərəyanları, məktəbləri yaratdılar. Realizm, impressionizm, modernizm, abstraksionizm, sürrealizm, kubizm, minimalizm, avanqardizm və s.
Mənim şəxsi fikrim belədir ki, rəssam kompozisiyanın məzmunundan asılı olaraq, nadir tarixi səhnələrdə və ya başqa mövzuda çılpaq fiqurlar verməli olursa, bu qəbulediləndir. Məsələn, Brülyovun "Pompeyin son günü" tablosunda Vezuvinin dəhşət saçan gurultusundan özlərini hövlank bayıra atan insanların çoxu çılpaqdır. Ancaq elə ucdantutma çılpaq qadın çəkmək, kompozisiyalarında bol çılpaq fiqurlar yerləşdirmək psixoloji xəstəlikdir, maniyadır.
Odur ki, bəzi din dəllalları demiş gəlib-gedəndə şəhvət oyandıran heykəli şəhərin ortasında, parklarda qoymaq heç etik deyil. Heç bir sənət əsərində, həmçinin ədəbiyyat, musiqi və xüsusən kinematoqrafiyada insanın çılpaq göstərilməsi etik deyil, vacib deyil, çünki bunsuz da fikri çatdırmaq olur.
Əlbəttə, bu mənim şəxsi fikrimdir. Baxmayaraq ki, mən də rəssam və heykəltəraşam, ancaq çılpaq təsvirlərin el-camaat içində açıq nümayişini etik saymıram. Ən azından çılpaq fiqur stilizə olunmalı, ya da tam naturalistik üslubdadırsa, elə pozalrda işlənməlidir ki, incəlik, gözəllik çəksin adamı, daha şəhvani görüntü yox. Çox adam məni qınayarsa da düşündüyümü deməliyəm. Vacib deyil lütüryan qadın, kişi heykəllərini doldurasan şəhərin küçələrinə, binalarının fasadlarına, parklara. Avropalının sifəti başqa, bizim türk üzümüz başqa, qardaş .
Peşəkar səviyyədə çılpaq heykəllər qədim çağlardan başlayaraq əsasən Hindistanda bir Məhəbbət məbədi adlı məbəddə, bir də daim Avropada düzəldilib. Avropada indi də əsasən çılpaq park heykəlləri qoyulur. Avropalı rəssamlar da həm kilsələrdəki freskalarda, həm də sərgilər üçün çılpaq fiqurlardan ibarət tablolar çəkiblər həmişə. Məsələn, çox məşhur İtalyan rəssamı Rafael Santi mələk hz. Cəbrayılın müqəədəs Məryəmə İsanın ruhunu üfürməsi səhnəsində Məryəmi tam çılpaq çəkib. Halbuki, peyğəmbərin anasını belə çılpaq çəkməyə məncə qəti ehtiyac yoxdur və məhz biədəblikdir, etik deyil. Dini mövzuda da, başqa mövzularda da Avropa rəssamlarının çəkdiyi çılpaq insan fiqurlarının sayı-hesabı yoxdur. "Fransız xalqı keyf edir".
Ancaq məsələn, ərəb işğalları ilə bağlı Avropa rəssamlarının çox dəyərli rəngkarlıq tabloları var. Ərəblər əsir tutduqları gənc qızları qul bazarına çıxardaraq satırlar. Qızlar utandıqlarından ölmək istəyirlər. İşğalçı qatillər isə irişə-irişə qurbanlarının ora-burasını ətraflı təqdim edirlər müştəri heyvərələrə. Burada rəssam vəziyyətin son dərəcə vəhşicəsinə təsvirini qabarıq göstərmək üçün o əsir qız-qadını haqlı olaraq çılpaq çəkmişdilər.
İndi bütün dünya rəssamları və heykəltəraşları çılpaq insan fiqurları işləyirlər. Rəssamlıq və heykəltəraşlıq fakültələrində vizual anatomiya tədrisi vacib dərs sayılır. Hesb edilir və məhz belədir ki, insanın bədəninin təbii quruluşunu, görünüşünü, özlçü-biçisini, bədən üzvlərinin bir-birinə tənasüblərini sərrast təsvir edə bilməyən sənətkar mükəmməl, dərin məzmunlu əsərlər yarada bilmir. Bədəni tam çılpaq adama baxıb öyrənməsə də bədən üzvlərinin bir-birinə tənasübünü rəssam bilməlidir. Məsələn Səttar Bəhlulzadə vizual anatomiyanı əla bilsə də ömründə bircə dənə də çılpaq fiqur bir yana, Füzuludən başqa heç kimi çəkmədi. Bircə anasını çəkmişdi çiçəkləmiş ağacların dibində, o da rəmzi, xəyali bir qadın fiqurudur, uzun ağ donda, başında kəlağayı.
Qədim Türklərdə insan heykəlləri əsasən monumental səpkidə rəmzi şəkildə, hökmən geyimdə təsvir edilib. Qayaüstü rəsmlərdə də insan fiqurları son dərəcə rəmzi qrqafik cizgilərlə cızılıb, sluyet kimi. Qədim misirlilərdə də heykəllər və şəkillər həm rəmzi, stilizə olunmuş, həm də hökmən geyimdə təsvir edilirdi. Özü də heykəllərdə əsasən fironlar, bəzi mühüm çinli hakimiyyət adamları təsvir olunub. Daha qədim çağlarda çox xalqlarda kiçik ölçülü, stilizə olunmuş rəmzi üslublu çılpaq qadın, kişi fiqurları düzəldilib. Bu da müəyyən kultlarla, inanclarla bağlı olub.
Altdakı şəkildə stilizə edilmiş -- rəmzi üslubla düzəldilmiş çılpaq qız fiquru. Şəxsən mənə bu fiqur natural üslubda işlənmiş fiqurdan çox gözəl, poetik, zərif görünür. O qəribə plastik quruluşlu avanqard stilli binanın yan-yörəsində məhz ikinci şəkildəki kimi heykəllər daha samballı, ahəngdar baxılardı. Məgər bizim istedadlı heykəltəraşlarımız yoxdurmu ki, kiminsə ölkəsində qoyulmuş heykələ tamahımız düşür, onun daha əcayib kopyasını gətiririk paytaxtımıza?
Müəllif: Tələt Mərdi Həqq
Demokratikmusavat.com