Qarşıdan distant təhsil gəlir, bahalıq səbəbindən internetdən imtina edənlər neyləyəcəklər ?

 

"Qarşıdan distant təhsil gəlir, bahalıq səbəbindən internetdən imtina edənlər neyləyəcəklər ?
Rektorlar distantın uzun illər ləngidilməsinə və bu səbəbdən dəymiş zərərə görə hokuməti məhkəməyə verə bilərlərmi?"

Demokratikmusavat.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Ekspert bildirib ki, bir neçə gündən sonra universitetlər COP29 ilə əlaqədar olaraq distant təhsilə keçəcəklər.

"Distantın vacib elementlərdən biri keyfiyyətli internetdir. Şübhəsiz ki, regionlardan, kəndlərdən də distanta qoşulan tələbələr olacaq.
RİNN ölkədə keyfiyyətli internet infrastrukturu qurmaq üçün son 2-3 ildə bir xeyli işlər görüb.
Bütün ölkə boyu ən ucqar ərazilərdə də GPON texnologiya ilə nəhəng bir internet infrastrukturu qurub. Bu isə keyfiyyətli rəqəmsal xidmət əldə etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Amma provayderlər 15 avqust tarixdən minimal internet tariflərini 40% qaldırdığından regionlarda internetdən imtina edənlər və "şərikli internetə" keçənlər də oldu.
Antiinhisar isə Aztelekom təbii inhisar subyektinə qarşı əsassız tarif artımı və "kartel sövdələşməsi" ittihamı üzrə iş qaldırsa da, az qala 3 ay olur ki, bunu başa çatdıra bilməyib.

Beləliklə, hazırda narahatçılıq doğuran məsələ internetdən imtina edənlərin distant təhsil prosesinə necə qoşulacağı ilə bağlıdır.
Bu problemi kim həll edəcək, tələbələrə güzəştlər veriləcəkmi?
Universitetlər, RİNN və ETN görəsən bununla bağlı nə düşünürlər.?
Fikrimcə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsil Fondu Aztelekom və digər provayderlərlə birlikdə tələbələrə güzəştlər üçün müəyyən addımlar ata bilərlər.

Yeri gəlmişkən, yenə də hökumət distant təhsil Qaydalarını təsdiqləmədən məsuliyyəti atlb ETN-nin üzərinə.
15 ildir ki Təhsil haqqında qanunda distant təhsil forması nəzərdə tutulsa da, indiyədək bunu reallaşdırmaq mümkün olmayıb.
Reallaşdırmaq deyəndə, hökumət özünə lazım olanda distanta keçir, özünün təşkil etdiyi distantla öz universitetlərimizin diplomlarını tanıyır.
Amma nə universitetlərimizə imkan vermir ki distant forma üzrə tələbə qəbulu keçirsin, nə də həmin distant formada, xaricdə, Massaçusetdə, yaxud Harvardda təhsil alanın diplomlarını tanımır.

ETN son dövrlərdə qiyabini xeyli məhdudlaşdırıb, gözlənilirdi ki bunun müqabilində distant işə düşəcək.
Bir neçə universitetdə bu sahəyə xeyli investisiya yatırıblarl. Lakin təəssüf ki, distant forma rəsmiləşmədiyindən bu investisiyaların geridönüşü olmadı. Universitetləriniz də məhz bu səbəbdən bu təhsil biznesinin faydalarından bəhrələnə bilmirlər, resurslar cəlb edə bilmirlər.
Hətta COP29 ərəfəsində də hökumət "öz distantına" keçməyi üstün tutdu, amma ümumi Qaydaları təsdiqləmədi.

Məəttəl qalıram hökumətin bu addımına.
Ümumiyyətlə, məhz bununla bağlı hökumətin 15 ildə tutduğu mövqe ağlasığmazdır və heç bir ağlabatan izahı yoxdur.

Düşünürəm ki, universitet rəhbərlərinin, Rektorlar Şurasının bununla bağlı məhkəməyə müraciət etməkdən başqa yolları qalmayıb".

Demokratikmusavat.com 

0.27944016456604