Bu günlərdə boyu 150 sm olan 13 yaşlı uşağın sümüklərində böyümə zonalarının bağlandığını - sümük yaşının 18 olduğunu gördüm, artıq boyunun bundan çox artmayacağını müşahidə etmək məni çox narahat etdi. Statistikaya görə azərbaycanda kişilərin orta boyu 170-171 sm, qadınlarda isə 165 sm-dir. Halbuki, bu rəqəm Hollandiyada, Finlandiyada, Monteneqroda, Bosniya və Hersoqovinada 180-183 sm-dir. Mentalitetimizin fəsadlarından biri də valideynlərin boyu qısadırsa övlad da qısa olmalıdır düşüncəsi və yanaşmasıdır. Düzdür, boy məsələsində genetik faktor var, ancaq müasir tibb imkan verirsə, niyə valideynləri qısa boylu olan uşaqların boyunu artırmayaq? Uşaqlarda boy hormonu-somatotropinin orqanizmdə maksimal ifrazı axşam saat 22:00-dan gecə saat 02:00-a qədərdir, bu saatlarda uşaq mütləq və mütləq yatmalıdır, yuxuda olmalıdır. Bu saatlarda oyaq olan uşaqların boy inkişafı ləngiyir. Uşaq yatanda-horizontal-üfüqi vəziyyətdə olanda daha asan böyüyür, ayaqüstə olanda qravitasiya boy artımına mane olur. Uşaqlarınızı axşam ac yatızdırın, çünki yemək yeyəndə, xüsusən çörək-karbohidrat-şirniyyat yeyəndə orqanizmdə insulin ifrazı artır, bu isə boy hormonuna antoqonist-əks təsir edərək boy artımını əngəlləyir. Uşaqlarınıza mümkün qədər zülal-ət, yumurta, meyvə-tərəvəz, vitaminli və kalsiumlu qidalar-süd məhsulları daha çox yedizdirin, vitamin D-nin qanda miqdarını tez-tez analizlə yoxlatdırın. Türk həkimlərin yaxşı deyimi var: çocuklarınızı aç yatızdırın, ekmek yedirmeyin. Ölkəmizdə ət məhsullarının bahalaşması səbəbi ilə insanların zülal qəbulu azalıb, bu isə uşaqların boy artımına mənfi təsir edərək gələcəkdə insanlarımızın daha da qısa boylu olmasına gətirib çıxara bilər. Və sonda, əgər 3-cü 4-cü siniflərdə oxuyan övladınızın boyu sinif yoldaşlarından qısadırsa və ya pediatrlarda olan uşağın yaş-boy-çəki cədvəlinə görə azdırsa mütləq uşaq endokrinoloquna müraciət edin, səbəbi araşdırılsın və mane olan səbəb vaxtında aradan qaldırılsın, gərəkərsə boy hormonu inyeksiyası təyin edilsin (mütləq həkim təyinatı ilə, əks halda ciddi fəsadlar yarana bilər) ki, övladınızın boyu gələcəkdə qısa olmasın. İsti-ekvatorial ərazilərdə olan uşaqlarda cinsi inkişaf erkən başladığına görə boy artımı da tez yekunlaşır (ona görə deyirlər ki, qısa boy adamlar çoxbilmiş olur)), əksinə şimal yarımkürəsinə yaxın soyuq ərazilərdə cinsi inkişaf gec başladığına görə boy artımı daha gec yekunlaşır və insanlar daha uca boylu olur. Əslində uşaqların boyuna təsir edən qalxanvari-tiroid vəz funksiyası daxil daha çox səbəblər var, mən bir neçəsini məlumat üçün qeyd etdim, daha çoxunu uşaq endokrinoloqları sizə deyəcək. Sağlam olun.
Doktor Aydın Əliyev
Demokratikmusavat.com