Bizdə elm siyasəti varmı?

 

"Müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ... nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, məhz intellektual potensial, məhz elmin səviyyəsi ölkələrin tərəqqisini müəyyən edir və ölkəni inkişaf etmiş ölkəyə çevirir... Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır. ....
Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir”.

İlham ƏLİYEV

Hər bir ölkənin, xalqın inkişafında elm və təhsil həlledici sahədir. Dahi Çin filosofu Konfutsi hələ 2500 il əvvəl yazdığı kimi: "Elm və təhsildən faydalanan xalq firavan yaşayar". Bu fikir tarixin bütün mərhələlərində öz dəyərini qorumuşdur. Bu gün- biliklərə əsaslanan iqtisadiyyat dönəminə elm və təhsilin ölkələrin inkişafındakı rolu daha da artmışdır.
Müstəqillik qazanandan sonra bizim də prioritetlərimizdən biri elm və təhsil kimi müəyyənləşmişdir. Milli təhlükəsizlik konsepsiyasında elm və təhsil milli təhlükəsizliyin əsas amili kimi qeyd edilmişdir.
Amma elm və təhsilin son 33 ildəki inkişafına baxanda, bizdə daxili bir narahatlıq yaranır. Təhsilin ağır durumu haqqında son illər xeyli məqalələr yazmışdıq. Amma elmin də durumu ürəkaçan deyil.
AMEA- nın TN birləşdirilməsi gözləndiyi kimi elmimizə heç nə vermədi. Amma ziyanını yaxın gələcəkdə ciddi şəkildə hiss edəcəyik. Düzdür, AMEA-nın bölünməzdən əvvəl də ciddi nailiyyətləri yox idi, amma heç olmasa ölkənin vahid elm məkanı vardı, pis-yaxşı vahid elm siyasəti vardı, elmin zəif də olsa inkişafı bir mərkəzdən idarə edilirdi, elmin rəhbərliyində təcrübəli elm təşkilatçıları vardı, onlar dünya səviyyəsində olmasa da, ölkə səviyyəsində alim kimi tanınırdılar, müəyyən elmi xidmətləri və əsərləri, tələbələri vardı.
Akademiyanın təhsil nazirliyi ilə birləşdirilməsi ideyası 10 il əvvəl RF -da da məmurlar tərifindən irəli sürülmüşdü, amma rus akademikləri elmin və akademiyanın müdafiəsinə qalxdılar. Söhbət ölkə rəhbərliyi səviyyəsinə qalxdı, alimlər fikirlərini ölkə rəhbərliyə çatdırdılar və bununla Rusiya akademiyası və rus elmi xilas edildi.
Təəssüf ki, bizdə bu məsələyə qarşı akademik susqunluq və elmi süstlük göstərildi. Hərçənd akademik mühit bu addımın çox ziyanlı olmasını yaxşı bilirdi.
Ölkə prezidenti dəfələrlə ictimai nəzarətin zəruriliyini qeyd etmiş, ictimaiyyəti, xüsusən də ziyalıları ictimai nəzarətə dəvət etmişdi. Hətta qeyd etmişdi ki, ictimaiyyətdən real təkliflər gələrsə, zərurət olduğu halda, biz dövlət proqramlarında dəyişikliklər edə bilərik. Görünür heç bir təklif olmayıb.

Elm məhsuldar qüvvədir.

Bəs elmi mühit parçalanandan sonra elmin inkişafı necə gedir? Hansı perspektivlər və gözləntilər var? Bu suallara konkret cavab vermək mümkün deyil. Çünki, ETN bu sahədə konkret heç bir strategiya və proqramlar irəli sürməyib, baxmayaraq ki, artıq iki ildən çox vaxt keçib.
ETN E. Əmrullayev vaxti ilə jurnalistin "siz elmin idarə edilməsini necə planlayırsınız?" sualına təxminən belə cavab vermişdi: "Biz bu sahəyə ayrılan maliyyə axınını idarə edəcəyik."
Elmin idarə edilməsi nə vaxtdan maliyyənin idarəedilməsi səviyyəsinə enib? Elmə maliyyə ayrılması və bu maliyyənin idarə edilməsi konkret elmi prioritetlər üzrə elmi problemlərin həllinə yönəlməlidir. Bunun üçün isə ölkənin elm siyasəti, elm strategiyası, heç olmasa elmin 5 illik inkişafı proqramı olmalıdır. Belə strateji menecment nəticəsində elmin uzunmüddətli maliyyə menecmenti hazırlanmalıdır. Bu isə nazirliyin maliyyə şöbəsinin işidir, AMEA prezidenti və ya elm nazirinin yox.
Bu səviyyəli rəhbərlər ölkənin elm siyasətini formalaşdırmalıdır. Hələlik isə elmi məkanda, elmi fəaliyyətdə olan dəyişiklik, alimlərin xarici elmi jurnallarda dərc edilən məqalələrinin statistikasındadır.

Web of Science və Scopus kimi bazalarda indekslənən pullu jurnallarda məqalə çapı indi dəbdədir. ETN məmurları da alimlərin fəaliyyətini və ölkədə elmin inkişafını əsasən bu meyarla təyin edir və yəqin ki, bu əsasda da idarəetməyi planlayırlar.
Əlbəttə ki, bu çox asandır, hətta primitivdir, elmlə əlaqəli rəqəmlərlə manipulyasiya et, bu da olsun ölkə elminin idarə edilməsi, elm siyasəti və elmin "analoqsuz" inkişafı.
Belə jurnallarda məqalə çapı hələ ölkədə elmin və ya ölkə iqtisadiyyatının inkişafı mənasını vermir. Bu sadəcə olaraq ölkədən ildə 2-3 milyon $ çıxması deməkdir.
Elm məhsuldar qüvvədir. Biz bu sadə həqiqəti 30 ildir unutmuşuq.
Elm ölkənin sosial- iqtisadi problemlərini həll etməlidir. Əgər bu məqalələrin ölkənin iqtisadi və sosial inkişafına faydası yoxdursa, bu səmərəsiz fəaliyyətdir.
Bizdə bəziləri elmin kommersiyalaşması dedikdə, pulla məqalə yazdırıb, pulla xaricdə dərc edilməsi kimi anlayırlar.
"Kölgə təhsili"ni 25 ildir formalaşdırmışıq, indi də deyəsən "kölgə elmi" formalaşdırırıq. AMEA bunu bacarmamışdı, amma ETN bunu bacardı deyəsən.
Alimlərin xaricdə məqalə dərcini stimullaşdırmaq üçün mexanizm də hazırlanıb. Alimlərə istənilən yöndə maddi dəstək verilməsi yaxşı haldır, çünki, onların maddi durumu bu 30 ildə çox aşağı həddə olub. Amma bu məsələlər kompleks halda, yaranması zəruri olan elm və təhsil siyasətində əks etdirilməlidir.

Elm siyasətimiz niyə yoxdur?

Elm siyasəti müxtəlif elm sahələri üzrə prioritetlərin müəyyən edilməsi, mövcud potensialın formalaşmış konkret elmi problemlərin həllinə yönəltməlidir.
Ayrı-ayrı alimlərin təşəbbüsü ilə yazılan tək-tək məqalələr ölkə elminin sistemli inkişafına xidmət etmir.
Ölkənin elm siyasəti elmi problemlərin həllinə yönəli fəaliyyətləri təşkil etmək, əlaqələndirmək, stimullaşdırmaq, normal maliyyələşdirmək, kommersiyalaşdırmaq, nəticələrin praktik tətbiqi yolu ilə elm və iqtisadiyyatı inkişaf etdirməyə yönəlməlidir. Ölkənin elm siyasəti məhz bu proseslərə xidmət etməlidir.
Elm sahəsindəki real vəziyyət ölkədə elmi-texnoloji inkişaf siyasətinin hələ də olmadığını göstərir.
Müstəqillik illərində yalnız bir dəfə ölkə elminin inkişaf strategiyası olmuşdu: "2009-2015-ci illərdə elmin inkişaf strategiyası", o da keyfiyyətsiz icra edilmişdi. 10 illik fasilədən sonra bu strategiyanın davamının hazırlanmasına ehtiyac var.
Hələlik isə yalnız elmi məqalələrin yazılması və xaricdə reytinqli jurnallarda dərci bir ajiotaj olub. Bu son 2 ildə- TN, ETN olandan sonra gündəm olub.
Amma bu 2 ildə ölkənin elm və texnoloji inkişaf strategiyasını və inkişaf proqramlarını hazırlamaq olardı.
ETN təhsildə olduğu kimi, elmdə də mühümu qeyri mühümdən fərqləndirə bilmir, inkişaf prioritetləri təyin etməyib. Çünki bu qurumda elmşünas və təhsilşünas kadrlar yoxdur.
Kadrlar isə hər zaman olduğu kimi, bu gün də şeyi həll edir: yaxşı ya pis.

Dos. İlham Əhmədov 

Demokratikmusavat.com 

0.2972240447998