Gizli yük, “təsərrüfatçı” generallar, düşmənə ölümcül sürpriz – I HİSSƏ

 

İkinci dünya müharibəsinin sonlarında almanlar ilk ballistik raket hazırladılar. İntiqam silahı (Vergeltungswaffe-2) adlanan bu raketə qısaca V-2 deyilirdi. Bizə isə rus dilindən keçən Fau-2 adı ilə daha çox tanışdır.

Raketlərdən hərbi məqsədlə 1944-cü ilin sentyabrın 6-dan 1945-ci ilin martın 27-ə kimi istifadə olundu. Amma Hitlerin bu silaha bəslədiyi böyük ümidlər doğrulmadı. İnqilabi yenilik olsalar da, hələ təkmil deyildilər. Yarısı hədəfə çatmadan sıradan çıxırdı. Çatanlar da dəqiqliyi ilə seçilmirdi. Bir çox hallarda 

Londonun özünə deyil, kənarına düşürdülər. İngiltərə paytaxtına istiqamətlənən 2000 raket 2700 civarında insan itkisinə səbəb olmuşdu. Yəni 120 min markaya başa gələn hər raket orta hesabla 1,35 adam öldürürdü.

Müharibənin sonlarında xeyli sayda V-2 raketləri, mütəxəssislər, texniki sənədlər sovetlərin və amerikalıların əlinə keçdi. Raketin yaradıcısı Verner fon Braun ABŞ-yə aparıldı. Sonralar sovet və Amerika raket istehsalı məhz V-2 təcrübəsi əsasında quruldu. Bu həm hərbi, həm də kosmik raketlərə 

aiddir. Təbii, texniki-taktiki xüsusiyyətləri get-gedə təkmilləşdirildi. 

SSRİ-də raketlərin aktuallığını daha tez anladılar və artıq 1950-ci ildə R-1 raketi orduya təhvil verildi. Amerikalılar raketlərə diqqət ayırmaqda gecikdilər və yalnız 1958-ci ildə PGM-11 raketi istifadəyə verildi. Onu, demək olar, tamamilə alman mühəndislər hazırlamışdı. 

Tezliklə aydın oldu ki, raketlər nüvə silahının ən optimal daşıyıcılarıdır. Buna görə də Qərb və Şərq arasındakı Soyuq müharibə zamanı raket istehsalı, kəmiyyəti və keyfiyyəti ən çox diqqət verilən sahə oldu.

Raketlər üç hissəyə bölünürdülər: qitələrarası, strateji və taktiki. Amma daha çox uçuş məsafəsinə görə səciyyələndirilməsi populyardır: uzaq mənzilli, orta mənzilli və qısa mənzilli raketlər. 

*** 

1957-ci ilə SSRİ “Sputnik-1” adlı Yerin ilk süni peykini orbitə buraxdı. Moskvanın bu uğuru Vaşinqtonda ciddi narahatlıq doğurdu. “Raket geriliyi” mövzusu yaxınlaşan prezident seçkiləri ərəfəsində iqtidar-müxalifət diskussiyasının əsas mövzularından biri oldu.  Əl-ayağa düşən amerikalılar artıq 1959-cu ildə “SM-65 Atlas” adlı ilk qitələrarası ballistik raketi (QBR) istifadəyə verdilər. Sovetin ilk QBR-i isə 1960-cı ildə orduya qəbul edilən R-7 oldu. Hər ikisi QBR olsa da, texniki-taktiki xüsusiyyətlərinə görə R-7 “Atlas”dan xeyli geri qalırdı. Üstəlik, R-7 xeyli baha başa gəlirdi və sovet iqtisadiyyatı onun kütləvi istehsalının öhdəsindən gəlməyə qadir deyildi. Buna görə də R-7 hələ istifadəyə qəbul olunmamış, 1959-cu il mayın 13-də Dnepropetrovskda yerləşən “Yujnoye” konstruktor bürosuna yeni QBR (R-16) üzərində işləmək tapşırıldı. 

Amma o zaman SSRİ-də kəşfiyyat imkanları zəif olan ABŞ-nin sovet raketlərinin nə bu texniki geriliyindən, nə sayından xəbəri vardı. Onları xüsusən R-7 narahat edirdi. Çünki ABŞ ərazisini vura biləcək yeganə sovet raketi o idi. Amma məlumat əldə edə bilmirdilər. Bilməmək isə qorxunu böyüdür. 

Üstəlik, Xruşşov blefi yaxşı bacarırdı. Gah “Raket istehsalında bütün başqa ölkələri qabaqlayırıq”, gah “Bütün potensial düşmənlərimizi yer üzündən siləcək qədər nüvə potensialımız var”, gah da “Raketləri sosiska kimi 

buraxırıq” deməklə amerikalıların kürkünə birə salırdı. 

Xruşşovun blefi SSRİ-də bir lətifənin yaranmasına səbəb olmuşdu. 

  • Xruşşov “raketləri sosiska kimi buraxırıq” deyəndə, SSRİ-də döyüş növbəsində cəmi dörd qitələrarası raket vardı.
  • Bəs sosiska neçə dənə idi?                    

    1960-cı il prezident seçkilərində qalib gələn Con Kennedi ABŞ-nin SSRİ-dən “raket geriliyi”ni aradan qaldırmaq üçün ciddi planlar qururdu. Tezliklə aydın oldu ki, xüsusi canfəşanlığa ehtiyac yoxdur. Çünki raketlərin sayında və keyfiyyətində nəinki gerilik yoxdur, əksinə, 10-15 qat üstünlük var.

    Amerikalılar bunu çatışmayan cəhətlərini aradan qaldırmaqla öyrənmişdilər: SSRİ Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Oleq Penkovski həmin dövrdə amerikalıların xeyrinə casusluğa başlayır və sovet raketləri, o 

    cümlədən, QBR ilə bağlı bütün məlumatları onlara ötürür. Bu, 1961-ci ilin yayında kəskinləşən Berlin böhranı zamanı Vaşinqtona özünü daha inamlı hiss etməyə, Moskvanın şantajından qorxmamağa imkan verdi. 

    Berlin Soyuq müharibənin episentri sayılırdı. İkinci dünya müharibəsindən sonra şəhər dörd işğal zonasına bölündü. Kommunistlərin hakimiyyətdə olduğu Almaniya Demokratik Respublikası (Şərqi Almaniya) yarananda SSRİ özünün işğal zonasını bu dövlətə verdi və Şərqi Berlin ADR-in paytaxtı oldu. 

0.21092391014099