Bakı İnzibati Məhkəməsinin “elektron məhkəmə” hoqqabazlığı

 

Bakı İnzibati Məhkəməsinin “elektron məhkəmə” hoqqabazlığı
Şəxsi kabinetdən verilən ərizələrin qəbulundan məktubla göndərilməsi tələbi ilə imtina edilir
Məhkəmə hüquq sistemində “elektron məhkəmə” informasiya sistemi ölkənin bütün məhkəmələrində tətbiq olunur. Artıq ən ucqar bölgədə də məhkəmələrin elektron sistemlə işləməsi gerçəkləşib. Azərbayacan Respublikasının Mülki Prosessual Məcəlləsində ( MPM ) də, İnzibati Prosessual Məcəlləsində ( İPM ) də, Cinayət Prosessual Məcəlləsində ( CPM ) də yazılıb ki, “Elektron məhkəmə” sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatı, eləcə də ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu , habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron kabinetdən təqdim edilmiş sənədlərin BAŞQA qaydada verilməsi TƏLƏB OLUNA BİLMƏZ. Bu prosessual qanunvericiliyin tələbidir, bəs məhkəmələr bu tələbə necə əməl edirlər?
Bakı İnzibati Məhkəməsinə İDDİAÇI  tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin elektron kabinetdən təqdim etdiyi CAVABDEH borclu inzibati orqana ( ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə  ( SXA ) qarşı 9-cu ildir 20.06.2016-cı il tarixli, 2-1(81)-1095/16 saylı məhkəmə qərarı ilə üzərinə qoyulmuş mənzillə təminat öhdəliyinin icrasından imtinaya görə “ qərarın icrasının təmin edilməsi, məcburi icra tədbirlərinin tətbiqi və dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə İDDİA ƏRİZƏSİNİN qəbulundan məhkəmə(nin texniki işçisi ) imtina edib. “Səbəb” kimi iddia ərizəsinin iddia ərizəsi olmadığı (?), dəftərxanaya təqdim edilməsi (?) göstərilib. Özbaşınalığa, məhkəmə təminatı hüququna kobud qadağaya baxın, elektron kabinetdən təqdim edilən ərizənin qəbulundan məktubla göndərilməsi tələbi ilə imtina edilir. Özü də bu birinci özbaşınalıq deyil, 3 il qabaq da “iddia ərizəsi deyil, dəftərxanaya təqdim edin” “səbəbi” ilə ərizənin qəbulundan anında imtina edilib.
Məhkəmənin texniki heyətinin məhkəmə təminatı hüququna qadağası məhkəmə hakimlərinin göstərişindən, borclunun qeyri-prosessual sifarişindən qaynaqlanır. Yoxsa məhkəmə qərarının icrasının təmin olunması tələbi ilə ərizələrin qəbulundan anında niyə imtina edilsin ki? Bəyəm tələbkarın məhkəməyə ərizə vermək hüququ yoxdur? Dövlətin adından çıxarılan   məhkəmə qərarı icra olunmadıqda qərarın XƏYALİ xarakter daşımasını Konstitusiya Məhkəməsi də, Avropa Məhkəməsi də doğrulayıb. Bakı İnzibati Məhkəməsinin qərarı çıxaran (qərəz) hakimi Şərafət Məmmədova ( hazırda qərəzini Bakı Apellyasiya Məhkəməsində sürdürür ), onun yerinə apellyasiya instansiyasından “transfer olunan” Aygün Abdullayeva dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını təmin etmək yerinə, icraya qadağa qoymaq yolu tutublar. Özbaşınalığa baxın, borclu məhkəmə qərarını icra etmədiyini bildirir, məhkəmə isə qərarın DSMF-in (?- axı borclu DSMF yox, ƏƏSMN Dövlət Sosial Təminat Xidmətidir (hazırda SXA)!-M.B.) hansısa anonim (?) işçisinin MƏKTUBU (?) ilə təmin olunduğunu aktlaşdırıb. Lap filmdəki epizod kimidir: “ SƏNƏ YANLIŞ MƏLUMAT VERİBLƏR, QARABAĞ ƏLİLİ ! 7 İL QABAQ MƏHKƏMƏ QƏRARI İCRA OLUNUB, 10 NƏFƏRLİK AİLƏNLƏ KİRAYƏLƏRDƏ YOX, VİLLADA YAŞAYIRSAN!”
Çox uzatmayaq, yoxsa bir qəzet sayına sığmaz. Sadəcə vurğulayaq ki, Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sisteminin yönəticilərinə, Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına Bakı İnzibati Məhkəməsinin elektron hoqqabazlığından şikayət edilib. Hələ ki, məhkəmə hoqqabazlığından geri çəkilməyib. Hoqqabazlıqla məhkəmə təminatı hüququna qadağa qoyulması Konstitusiyaya qadağa deməkdir. Bu isə qadağa “azadlığının” - azadlıq qadağasının qüvvədə olduğunun göstəricisidir...

Məğrur Bədəlsoy

0.32532000541687