“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...” - Yeddinci hissə

 

SSRİ-nin dağılmasına səbəb olan faktorlar. 

SSRİ-nin və Kommunist Partiyasının mirası necə bölündü?
Azərbaycanın payına nə düşdü?

1991-ci il dekabrın 25-də Moskva vaxtı ilə saat 19:00-da SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Mərkəzi Televiziya ilə canlı efirdə çıxış edərək fəaliyyətinə xitam verdiyini elan etdi. Saat 19:38-də SSRİ-nin bayrağı Kreml üzərindən endirildi...
Kitabın əvvəlində verilmiş suala (SSRİ nədən dağıldı?) indi cavab vermək oxucu üçün heç bir çətinlik törətməz.
Dağılmanın başında təbii ki, bərbad iqtisadiyyat dayanır. Yararsız ideologiya, avtoritar idarəetmə, soyuq savaş illərində silahlanmaya, sosializm yolunu tutmuş dövlətlərin, ABŞ, İngiltərə, Fransa başda olmaqla 100-ə yaxın ölkədə fəaliyyət göstərən Kommunist Partiyalarının saxlanmasına sərf olunan astronomik miqdarda büdcə vəsaiti, başıboş Baş Katiblərin kapitalist rejiminin kuklasına çevrilməsi, yuxarıdan-aşağıya gerçəkləşən saxtakarlıq, talan, cəmiyyətin düçar olduğu mənəvi aşılanma və total depressiya SSRİ-nin məhv olmasında rol oynayan ən mühüm faktorlar idi.
Kapitalizmin və sosializmin idarə edilməsini məcazi olaraq belə ifadə etmək olar. Kapitalizm- çaya buraxılmış bir sala bənzər. Salın hara getməsini çayın axını müəyyən edir. Sosializm isə bir təyyarə kimidir. Onun marşrutunu təyyarənin sükanını tutan müəyyən edir. Yuxarıda qısa şəkildə dövlətə rəhbərlik etmiş Baş Katiblərin “SSRİ adlı təyyarənin sükanını necə tutduğunu” anlatmağa çalışdım.
İnsan faktorunun arxa plana keçdiyi toplumlarda dövlətin tərəqqisi mümkün deyil. Dövlətin başında dayananların dövləti talan etməsi isə o dövlətin məhvinin qaçılmaz olmasının nişanəsidir. SSRİ bütün Baş Katiblərin dönəmində talana məruz qaldı. Ən az İosif Stalin dövründə idi dövlətin talanı. Nikita Xruşşovun rəhbərliyində talan böyüdü, Leonid Brejnevin zamanında çiçəkləndi, Mixail Qorbaçov dönəmində isə ən yüksək səviyyəyə qalxdı. M. Qorbaçovun SSRİ-nin başına keçdikdən sonra başlatdığı islahatlardan daha çox “iri” oğrular faydalandı. Yerlərdəki partiya “bosslarının” şəriklərinə çevrilmişdi M. Qorbaçovun “bazar iqtisadiyyatından” yararlanan firma sahibləri. Zavod-fabriklərə, banklara sahib olurdu “şəriklər” və qısa zaman kəsimində milyonerə çevrilirdilər. N. Xruşşov və L. Brejnevin Baş Katibliyi dönəmində “xırda” oğrular- rəislər, sədrlər, direktorlar və digər vəzifəlilər dövlətdən oğurladıqlarına rəğmən özləri üçün ikimərtəbəli ev, daça tikirdisə, M. Qorbaçovun vaxtında artıq oğrular xarici banklarda hesablar açırdı. 1937-cu mart ayının 16-da İ. Stalin sosiaist əmlakını dağıdanlarla-oğrularla mübarizə etmək üçün bir qurum yaratdı. Rusca abbreviaturası OBXSS, dilimizdə SƏDM olan bu idarənin başında dayananlar və onların əməkdaşları N. Xruşşov dönəmindən başlayaraq ta ki, SSRİ məhv olana qədər xalq arasında ən varlı adamlar hesab olunurdu. Nədən ki, o əməkdaşların əksəriyyəti sosialist əmlakını dağədanlarla ya şərik idi, ya da, onları aylıq haqqa “oturtmuşdu”. Kommunist Partiyasının özək yığıncaqlarından tutmuş plenumuna, qurultayına qədr bütün toplantılarda sosialist əmlakını dağıdanlara, iqtisadi cinayətkarlığa qarşı alovlu çıxışlar edilirdi. İclasda, qurultayda deyilənlər elə orada da qalırdı. Vəzifə başına dönən kommunistlər oğurluğunu davam etdirdi. Sadəlövh sovet vətəndaşları bu oğrular barədə Kommunist Partiyasının Mərkəzi Komitəsinə, Siyasi Büroya şikayət məktubları yazır, məlumatlar ötürürdü. 100 məktubun birinə-ikisinə cavab gəlirdi Kremldən. Oğurluq kütləvi hala çevrildi. Əgər tikintidə çalışanlar kubik, qum-sement oğurlayıb satırdısa, strateji əhəmiyyətli müəssisələrdə- hərbi zavodlarda belə xaricdən valyuta ilə alınmış detalları satır və hətta, arağa dəyişdirirdilər. Elə buradaca, 1980-ci ildə baş vermiş ilginc bir oğurluq hadisəsini xatırlatmaq fikrindəyəm. Moskva Olimpiadası öncəsi Baş Katib L. Brejnevin Moskvada Kutuzov prospekti, 26 ünvanda yerləşən evində təmir işləri görən və Kommunist Partiyasının üzvü olan iki usta xaricdən gətirilmiş divar kağızlarından (oboy) bir neçəsini oğurlayıb satmışdı. Oboyun tapılması üçün Moskva şəhər polisi tam heyətlə səfərbər oldu. Diqqət edin, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibinin evini təmir edən iki kommunist usta divar kağızlarını oğurlayıb satır. Təkçə bu fakt SSRİ-də oğurluğun hansı səviyyədə olduğunu sübut edirdi. Aşağıdakı statistik rəqəmi araşdırmaqla Baş Katiblərin dönəmində sosialist əmlakının dağılma səviyyəsini müəyyən etmək olar:
1953-cü ildə İ. Stalin öləndən sonra SSRİ Qızıl Fondunda 2800 ton qızıl vardı. N. Xruşşov “pensiyaya göndərilində” bu rəqəm 1300 ton oldu. L. Brejnevdən sonra SSRİ-də 437,9 ton qızıl vardı xəzinədə. Y. Andropov bu rəqəmi 719,5 tona qaldırdı. M. Qorbaçov vəzifəsindən istefa verəndə SSRİ-də qızıl ehtiyatı 239! ton idi. M. Qorbaçovun rəhbərlik etdiyi illərdə 480 ton qızılın hara sərf olunması barədə heç bir sənəd yoxdur. Bu qədər qızılın “hara getdiyi” barədə 33 ildir bilgi verən tapılmır. M. Qorbaçovun vaxtında qeybə çəkilən təkcə 480 ton qızıl deyildi. Kommunist Partiyasının 20 milyon üzvündən toplanan üzvlük haqqlarının, partiyanın qəzet-jurnal-kitab nəşrindən qazandığı pulların böyük bir qisminin də “qeyb olduğundan” xəbər tutuldu. Ən maraqlısı o idi ki, Kommunist Partiyasının milyardlarının oğurlanması SSRİ-nin dağılmasından iki ay qabaq 1991-ci ilin oktyabr ayında baş vermişdi.
Bütün Baş Katiblərin rəhbərliyində Kommunist Partiyasının hesabında olan vəsaitin miqdarı barədə heç bir məlumat verilmirdi. Bu vəsaitin xərcləməsinə- hara, kimə və nə üçün ayrılmasına yalnız Mərkəzi Komitənin Baş Katibi sərəncam verə bilərdi. Bu o demək idi ki, Kommunist Partiyasının vəsaitinə görə ən birinci məsuliyyət daşıyan şəxs məhz Baş Katibdir. M. Qorbaçov dönəmində SSRİ Dövlət Bankının sədi işləmiş Viktor Geraşenko SSRİ dağılandan sonra mətbuata verdiyi açıqlamada bildirirdi ki, Dövlət Bankənda həm Dövlət Təhlükəsizlik Komitəsinin, həm də Kommunist Partiyasının ayrıca hesabları var idi və o hesablar DTK sədri ilə Baş Katibin birbaşa nəzarətində olurdu. 1991-ci ilin oktyabrında (SSRİ-nin dağılmasına hələ iki ay vaxt qalırdı) DTK-nın hesabında 25 milyon dollar, Kommunist Partiyasının hesabında isə 6 milyarddan bir az artıq pul vardı. Bu pullar SSRİ dağılana qədər bankdan götürüldü. V. Qeraşenko bu pulların kim, ya da kimlər tərəfindən götürüldüyünü açıqlamadı.
1991-ci ilin avqust ayının 20-də M. Qorbaçov suveren dövlətlərin ( 3 Baltikyanı dövlət-Litva, Latviya və Estoniya xaric) federativ birliyini yaratmaq üçün müqavilə imzalamağı planlaşdırırdı.
Avqustun 19-da səhər saat 6-da SSRİ-nin Vitse-prezidenti G. Yanayevin rəhbərliyində bir qrup mühafizəkar SSRİ-də Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi (QKÇP) yaradıldığını bəyan edib Mixail Qorbaçovu vəzifədən kənarlaşdırıldığını elan etdilər. (QKÇP-ni dəstəkləyənlərdən biri də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Ayaz Mütəllibov idi.) Ordu Moskvaya yeridildi. Boris Yeltsin liderliyində xalq meydanlara axışdı və 3 gün sonra QKÇP-nin çevriliş cəhdinin qarşısı alındı. Avqustun 23-də B. Yeltsin Rusiya Federasiyasında Kommunist Partiyasının fəaliyyətini dayandıraraq partiyanın əmlakını müsadirə etdi və Kommunist Partiyasına məxsus binaların hamısının giriş qapısını möhürlədi. (1991-ci ilin noyabrın 9-da isə B. Yesltsin RSFSR ərazisində Kommunist Partiyasının fəaliyyətinə qadağa qoyan fərman imzaladı...)
QKÇP uğursuzluğa düçar olduqdan sonra SSRİ-də intihar epidemiya kimi yayılmağa başladı.
1991-ci ilin avqust hadisələrindən sonra iki ay müddətində yüzlərlə kommunist intihar etdi. 3 yüksək vəzifəli şəxsin ölümü isə, Kremldə böyük ajiotaja səbəb oldu. Kim idi onlar?
1. Nikolay Kruçina. O, 1983-cü ildən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin işlər müdiri vəzifəsində çalışırdı. Mərkəzi Komitənin üzvü olan Nikolay Kruçina Kommunist Partiyasında ən mühüm postlardan birini tuturdu. N. Kruçina partiyanın xəzinadarı idi. Sayı 20 milyona çatan kommunistlərin ödədikləri üzvlük haqlarına nəzarəti N. Kruçina həyata keçirirdi. Toplanan pulların təyinatı üzrə xərclənməsinə nəzarət isə Kremldə yalnız iki nəfərə məxsusus idi. Baş Katibə və İşlər müdirinə. Mərkəzi Komitənin katibləri, hətta Siyasi Büro üzvləri toplanan üzvlük haqlarının necə xərcləndiyinə müdaxilə etmək səlahiyyətində deyildi. Onlara xərclər barədə MK-nın Plenumlarında və ya Siyasi Büronun iclaslarında hesabat adı altında konkret rəqəmlər göstərilmədən ümumi məlumat verilirdi. Kommunist Partiyasının Nəzarət Komitəsinin sədri belə işlər müdirindən hesabat tələb edə bilməzdi. Bir söğzlə, Kommunist Partiyasının pulları Baş Katiblə MK-nın işlər müdirinin ixtiyarında idi. Kommunist Partiyasının vəsaiti təkcə üzvlük haqlarına görə formalaşmırdı. Milyonlarla tirajı olan qəzet və jurnalların, kitab və broşürlərin, heykəl və büstlərin, plakat və digər təşviqat vasitələrinin satışından əldə olunan gəlir də N. Kruçinanın rəhbərlik etdiyi idarəyə daxil olurdu. Sovet İttifaqı Kommunist Partiyasının büdcəsinin 55 faizi üzvlük haqlarından, 43 faizi nəşrlərdən, 2 faizi partiya müəssisələrindən daxil olurdu. Kommunist Partiyasının əmlakı 4228 inzibati binadan ibarət idi. O cümlədin, Kommunist Partiyasının:
a . 114 nəşriyyatı
a. 81 mətbəəsi
b. 131 ictimai - siyasi mərkəzi
c. 112 arxivi
d. 104 oteli ( qostinitsa)
e. 145 avtobazası
f. 840 qarajı
g. 54 Lenin muzeyi
h. 41 tədris müəssisəsi
i. 23 sanatoriya və istirahət evi vardı.
Hər ay N. Kruçinanın idarəsinə təxminən 3 milyard rubl daxil olurdu. Bu pulların bir qismi qızıl külçələrə çevrilib xüsusi bunker-seyflərdə saxlanılırdı. Və bu bunker-seyflərə giriş kodunu yalnız M. Qorbaçov və N. Kruçina bilirdi...

KREML MAFİYASI
1991-ci ilin avqust ayının 25-də işdən evinə qayıdan N. Kruçina 26-na keçən gecə saat 3 radələrində sovet xalqına və ailəsinə məktub yazıb özünü evinin balkonundan yerə ataraq intihar etdi. Məktubda N. Kruçina “ satqın olmadığını sadəcə, qorxaq olduğunu” qeyd etmişdi.
2. N. Kruçinanın ölümündən qırx gün sonra sələfi, 18 il (1965-1983) Mərkəzi Komitənin İşlər idarəsinin rəisi vəzifəsində işləmiş Georgi Pavlov da eynən onun kimi evinin balkonundan özünü yerə ataraq intihar etdi.
3. Dmitri Lisovolik Mərkəzi Komitənin Beynəlxalq şöbəsinin ABŞ bölməsinin müdiri idi. Kabinetindəki seyfdən 2 milyon ABŞ dolları aşkar edildi. 17 oktyabr 1991-ci ildə Liza Çaykina küçəsindəki evinin balkonundan özünü ataraq intihar etdi
Qırx gün ərzində toplam 23 il müddətində Kommunist Partiyasının xəzinədarı olmuş iki şəxsin və Mərkəzi Komitənin bölmə müdirinin intihar etməsi fövqəladə hadisə idi. Hüquq-mühafizə orqanları onların intiharının arxasında çox ciddi qüvvələrin dayandığını təxmin edirdi. Belə ki, G. Pavlov və N. Kruçina Kommunist Partiyasının xəzinadarı olaraq müstəsna məlumatlara malik idi. Onların qətlinin sifarişçilərinin Kommunist Partiyasının sərvətlərini talayanların olduğuna kimsənin şübhəsi yox idi. Təhqiqatlar intihar işlərinin “piramidanın başında dayananlara” qədər gedib çıxacağı qənaətində idi. Ancaq “sehrli əl” cinayət işlərinin qarşısını alır, hətta, bu cinayət işlərinə aydınlıq gətirmək istəyənləri məhv edirdi. Sovet İttifaqı Marşalı Sergey Axromeyev Mərkəzi Komitədə bir sıra yüksək vəzifəli şəxslərin korrusiyaya qurşandığı barədə faktlar ələ keçirmişdi və yaxın dostları ilə söhbətdə SSRİ Xalq deputatlarının qarşıdakı qurultayının tribunasından bu faktları bəyan edəcəyini bildirmişdi. 1991-ci ilin avqust ayının 2-də evində boğazından asılmış vəziyyətdə tapıldı. “Gözəgörünməz” qüvvələr Kommunist Partiyasının vəsaitini dağıdanlar barədə araşdırma aparanları belə aradan götürürdü.
2002-ci ildə Kommunist Partiyası Mərkəzi Komitəsindəki korrupsiyanı araşdıran tanınmış jurnalist və yazıçı dramaturq Yuri Şekoçoxin zəhərlənərək öldürüldü.
SSRİ Mərkəzi Bankı 1991-ci ilin sentyabr ayında qızıl ehtiyatlarının miqdarını açıqlayandan sonra N. Kruçina və G. Pavlov yenidən gündəmə gəldi. Bankın açıqlamasından bəlli oldu ki, SSRİ-nin qızıl ehtiyatı vur-tut 239 tondur. Kremlin partiya bossları bir yana, ABŞ və Qərbin siyasi-iqtisadi institutlarında çalışanlar bəyan olunmuş miqdardan şoka düşmüşdü. Qərbin ekspertləri SSRİ-nin qızıl ehtiyatının 1000-3000 ton arası olduğunu iddia edirdi. Onlar ən az min ton qızılın “yoxa çıxdığını” vurğulayırdı...
Sovet vətəndaşları yeməyə ərzaq tapa bilmirdi, talonla aldığı ərzağı qənaətlə işlədirdi, amma Kremldən ümidlərini üzmürdülər. Düşünürdülər ki, bu, bir keçici haldır və Kreml hər şeyi yoluna qoyacaq. O vaxt kimsənin ağlının ucuna belə gəlməzdi ki, SSRİ məhz Kremlin sahibləri tərəfindən dağıdılır.
Kommunist Partiyasının oğurlanmış vəsaitinin tapılması üçün Moskvada yaradılmış komissiyalar ortaya ciddi faktlar qoya bilmədi. 1991-ci ildə Rusiyanın Mətbuat və İnformasiya naziri vəzifəsində olmuş Mixail Poltaraninin versiyasına görə Kommunist Partiyasının “qeybə çəkilmiş” toplam vəsaitinin miqdarı 3.5 TRİLYON!!! dollar olub.
Bu miqdar pulun nə demək olduğunu anlamaq üçün qeyd edim ki, M. Qorbaçov dönəmində SSRİ dövlətinin büdcəsi 250 milyard dollar idi. M. Poltaranin demək istəyirdi ki, oğurlanan vəsait SSRİ-nin on dörd illik büdcəsinə bərabər olub.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan yoxlamaların səmərəsiz olduğunu görən Rusiya hökumətinin sədri Yeqor Qaydar 1992-ci ildə ABŞ-ın məşhur detektiv agentliyi olan “Kroll Associates”lə Sovet İttifaqı Kommunist Partiyasının və onun xaricdə yerləşən etibarlı şəxslərinin vəsaitlərini, aktivlərini müəyyən etmək üçün müqavilə bağlandı. “Kroll Associates”in əməkdaşları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində çalışmış peşəkar dedektivlər idi. Onlar Fillipin, Haiti və İraq prezidentlərinin büdcədən oğurladıqlarını sübuta yetirən faktları aşkar etmişdilər. “ KROLL”3 ay Moskvada araşdırmalar apardı və yekun hesabat şəxsən Baş nazir Yeqor Qaydara təqdim edildi. Lakin o hesabat açıqlanmadı. Səbəb olaraq göstərildi ki, hesabat yoxa çıxıb. Bu qədər qeyri-ciddi səbəbin göstərilməsi artıq çox şeylərdən xəbər verirdi. Moskvada, dövlətin təpəsində “Kreml mafiyası” fəaliyyətdə idi. “Kreml mafiyası”nın başında isə, Baş Katib Mixail Qorbaçovdan başqa kim dayana bilərdi?
SSRİ yaşadığı 74 il müddətində saysız-hesabsız mafiyalarla, bandit qruplaşmaları ilə üzüzə qaldı. Bu bandit dəstələrinin və mafiyaların dövlətə vurduğu zərbə təsirinə rəğmən “Kreml mafiyası”nın zərbələrinin mində biri belə deyildi. Əgər SSRİ –də ən geniş mafiya hesab olunan “Pambıq mafiyası” dövlətdən 5 milyard rubl oğurladısa, “Kreml mafiyası”nın oğurladıqları 100 milyardlar oldu. Digər tərəfdən bütün mafiyalar Sovet İttifaqının büdcəsinin dağıdılmasını hədəf götürmüşdü. “Kreml mafiyası” isə SSRİ adlı dövlətin tarixdən silinməsinə nail oldu.
Kommunist Partiyasının qızılları və hesabındakı vəsaitin harada olması, yaxud kimlər tərəfindən oğurlanması bu gün də sirr olaraq qalır. Bu sirrdən xəbəri olan adamlar- Leonid Brejnev, Mixail Qorbaçov, Georgi Pavlov və Nikolay Kuçina artıq bu dünyada deyil...
QKÇP-ni məğlubiyyətindən -1991-ci ilin avqust ayının 23-dən sonra SSRİ faktiki olaraq Boris Yeltsinin ixtiyarında idi. 1991-ci ilin dekabr ayının 25- qədər ( M. Qorbaçov vəzifədən getdiyini elan edənə qədər) Boris Yeltsin Kommunist Partiyasının sahib olduğu nə vardısa, hamısını artıq ələ keçirmişdi. 4 dekabr 1991-ci ildə Rusiyanı SSRİ-nin varisi elan edən B. Yeltsin Sovet İttifaqının xarici borclarını ödəməyi üzərinə götürdüyünü elan etdi. M. Qorbaçov Baş Katib kreslosuna oturanda SSRİ-nin xarici borcu 35 milyar idi. O, vəzifəsindən istefa verəndə bu borcun miqdarı 96 milyard ABŞ dollarına çatmışdı. Rusiya SSRİ-nin 96 milyard borcunu ödəyəcəyini o şərtlə öhdəsinə götürdü ki, keçmiş müttəfiq respublikalar Sovet İttifaqının xaricəki aktivlərindən- daşınmaz əmlakdakı, SSRİ Almaz fondundakı paylarından imtina etsin. Boris Yeltsin çox böyük siyasi bir gedişə imza atmağa nail oldu. Başları “suverenliyə qovuşmağa qarışmış” müttəfiq respublikalar Rusiyanın tələbinə riayət etdilər və bununla da 4 dekabr 1991-ci ildə Moskvada SSRİ-nin xarici dövlət borcu və aktivləri ilə bağlı hüquqi varislik haqqında müqavilə imzalandı.
Müqavilə imzalanan zaman müttəfiq respublikaların aktivlərdəki payı belə idi:
Rusiya Sovet Federativ Sosialist Respublikası 61.34, Ukrayna 16.37,
Belarus Respublikası 4.13, Özbəkistan Respublikası 3.27, Qazaxıstan 3.86, Gürcüstan Respublikası 1.62, Azərbaycan Respublikası 1.64,
Litva Respublikası 1.41, Moldova Respublikası 1.29, Latviya Respublikası 1.14, Qırğızıstan Respublikası 0.95, Tacikistan Respublikası 0.82, Ermənistan Respublikası 0.86, Türkmənistan 0.70, Estoniya Respublikası 0,62.
Bu hesablama SSRİ İqtisadiyyat Nazirliyi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda proqram təminatı və riyazi əsaslarla aparılmışdır.
Qeyd etdik ki, mütün müttəfiq respublikalar, o cümlədən, Azərbaycan Sovet İmperiyasının caynağından qurtulmağın eyforiyasını yaşayırdı. B. Yeltsinin hazırladığı bu müqavilənin nə qədər ədalətli olduğunun kimsə fərqində deyildi. Yalnız Ukrayna bu bölgünün ədalətsiz olduğunu açıqladı və özünün “sıfır variantı üstəgəl 38” variantını irəli sürərək Rusiyadan Sovet İttifaqının xaricdəki obyektlərindən 38-nin Ukraynaya verilməsini tələb etdi.
Ukrayna SSRİ-nin xarici ölkələrdə olan aktivlərinn 500 milyard ABŞ dollarına bərabər olduğunu, təkcə SSRİ Almaz fondunun aktivlərinin 100 milyard ABŞ dollarından çox olduğunu əsas tutaraq, 30 ildən çoxdur ki, Rusiyaya qarşı hüquqi iddialar qaldırır. Təbii ki, Rusiya Ukraynanın iddialarını rədd etməkdədir. ( Siyasi ekspertlər Rusiya-Ukrayna savaşına səbəb olan faktorlardan biri kimi də bu iddianı qeyd edirlər.)
26 dekabr 1991-ci ildə Sosvet Sosialist Respublikaları İttifaqı adında dövlət artıq tarixin arxivində idi. Azərbaycan 71 il 7 ay 28 gün sovet hökumətinin, onun da 69 ildən 5 gün əskiyini SSRİ-nin tərkibində yaşadı.
Dağılmış SSRİ-dən Azərbaycanın payına nə düşdü?
Bu suala cavab verməzdən əvvəl Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı gerçəkləşdirdiyi iki cinayət barəsində yazmağı lazım bildim. O cinayətlərin hər ikisi barədə xalqımızın yetərincə bilgisi olsa da, bəzi nüansları yenidən gündəmə gətirməyin faydalı olacağı qənaətindəyəm. Bu iki cinayət:
1. “Dağlııq Qarabağ münaqişəsi” adlanan, əslində Kremlin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı torpaq iddiası
2. 20 Yanvar faciəsi əsrlər keçsə də xalqımızın yaddaşından silinməyəcək.
M. Qorbaçov bu cinayətlərə daha birini əlavə etmək fikrində idi. Macalı olmadı. Söhbət onun Özbəkistandakı “Pambıq işi”nin eynisini Azərbaycanda tətbiq etməsindən gedir. Özbəkistanda beş minə yaxın insana cinayət işi açıldı, 800 nəfər həbs olundu, iki yüksək vəzifəli şəxs güllələndi. M. Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi müddətə iki xalqa-azərbaycanlılara və özbəklərə düşmən mövqedə dayanması açıq-aşkar görünürdü...

 

0.20166492462158