ABŞ-də kişi evindən çıxmadan Everesti fəth edib və dünyanın ən yüksək dağından ən sürətli qalxma və enmə üzrə dünya rekordu qırıb.
Demokratikmusavat.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.
Britaniyalı Şon Qrizli Las-Veqasdakı evində 22 saat 57 dəqiqə 2 saniyə ərzində pilləkənlərlə qalxıb enib. Kişi 24 saatdan az müddətdə 8848,86 metr məsafəni qət edib ki, bu da Everestin hündürlüyünə (8848 m) uyğundur. Eyni zamanda, o, qaydaları özü təyin edib, məsələn, qalxma zamanı məhəccərlərə toxunmayıb, çünki Everestdə məhəccər yoxdur.
O, bütün prosesi "YouTube"dakı bloqunda yayımlayıb. Qrizli bu kanalda əsasən qumar oyunları haqqında videolar dərc edir. Kişi hətta hər dövrədən sonra düyməni basarkən onun hərəkətlərini izləyən xüsusi proqram da yazıb. Qət edilən məsafə daim canlı yayımda yenilənib.
Qrizzlinin sözlərinə görə, koronavirus pandemiyası zamanı onun psixikası sarsılıb və onun psixi sağlamlıq problemləri yaranıb. O, əldə etdiyi nailiyyətlə bu məsələyə diqqət çəkmək və vəsait toplamaq istəyib ki, bu vəsaiti ABŞ-nin İntiharın Qarşısının Alınması Fonduna göndərsin. O, canlı yayım zamanı 409,85 dollar (təxminən 697 manat - red.) toplaya bilib.