32 il əvvəl Bakıya qarşı verilən qərarda kimlərin əli var?

 

ABŞ ənənəvi mövqeyindən əl çəkmək istəmir. Müstəqilliyimiz dövründə Vaşinqtonun Azərbaycana qarşı haqsız münasibətinin şahidi olduq”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə ABŞ ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Prezident bildirib ki, 1992-ci ildə, hələ torpaqlarımız işğal altında olarkən Vaşinqtonun Bakıya qarşı sanksiyalar tətbiq edib: “2001-ci ildə bu sanksiyaları aradan qaldırdılar. Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, – özü də bütün dünyanın gözü qarşısında, – bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi”.

Politoloq bildirib ki, 1992-ci ildə ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin müəlliflərindən biri olan şəxs hazırda həmin ölkəyə rəhbərlik edir:

“Belə olan halda hansı ədalətli münasibətdən söhbət gedə bilər? Pezident Co Bayden konqresmen olarkən ermənipərəst mövqeyi ilə seçilib. Elə dövlət katibi Antoni Blinklen də hər zaman İrəvana yardım etməyə çalışan şəxs olub. Məşhur Brüssel görüşünün əsas təşəbbüskarı da məhz o idi. Hansı ki, bu görüş Azərbaycana qarşı yönəlmişdi.

ABŞ hazırda Ermənistanda hərbi kontingent saxlayır. Burada məqsəd Ermənistana dəstək verməkdir. Vaşinqton Parisə qoşulub Azərbaycana təzyiq etməyə çalışır. Bu kimi yersiz üsullara nə ehtiyac var? Sadəcə olaraq ABŞ-ın mövcud hakimiyyəti seçki öncəsi Ermənistana yarınmaq istəyir. Ona görə bu cür iddiaları ortaya atıb”.


Zeynal Əmrəliyev

Z.Əmrəliyev deyib ki, Azərbaycan torpaqları işğalda olduğu müddətdə həmin ölkələr əsla səs çıxmayıblar:

“Bu gün onların canfəşanlıq etməsi, Ermənistanın “başına dolanmaları” nə qədər ədalətsiz yanaşma ortaya qoyduqlarını göstərir. Azərbaycan bölgənin açar dövlətidir, regionda istənilən qüvvənin bizə ehtiyacı var. Ona görə də, ABŞ bu məsələni nəzərə almalıdır. İnanıram ki, Dövlət Departamenti bu oyuna son verəcək. Azərbaycan Prezidentinin prinsipial mövqeyi bir daha özünü göstərdi. ABŞ bu kimi çirkin oyunlardan əl çəkməlidir”.

Turan Rzayev

0.24161410331726