Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə qazidən publik müraciət

 

Polad Bülbüloğlunun Rusiya Federasiyasındakı səfir postundan Milli Məclisə təyin edilməsi və Rəhman Mustafayevin onu bu postda əvəzləməsi Rusiyada hüququ pozulan şəxs kimi yenidən elçimizə üz tutmağa nədən olub. Qısaca hüquq pozuntusunu bir daha diqqətə çatdırıb, konsulluq xidmətinin XİN araçılığı və birbaşa çoxsaylı elektron müraciətlərə susqunluq sərgiləməsinə susmamağınıza ümidliyik.
Bu ilin 23 iyulunda 1-ci dərəcəli Qarabağ əlili kimi  qulluğumda olan  həyat yoldaşımla  müalicəyə getdiyimiz Soçidən J28632 Soçi-Bakı reysi ilə doğma yurda dönməyimizə aeroportda imkan verilmədi və biz tam maddi və hüquqi yardımsız durumda qaldıq.  Biz səhər saat 7-də uçacaq reysə saat 4-40-da qeydiyyatdan keçdik və miniyin elan edilməsini gözlədik. Bizə qarşı birinci pozuntu yerlərin verilməsində üzə çıxdı. Kassir xanım yanaşı  yerlərin ayrılmasına rüşvət tələb etdi, imtina etdiyimizdən yaşlı, əlil cütlüyə 31A və 38C yerlərini verdi. Bu faktı Soçi nəqliyyat prokurorluğu kassirin AZAL nümayəndəliyinə aid olması ilə izah edib. AZAL isə , konsulluq xidməti kimi , hələ də susur.
Saat 6-27 radələrində gömrük, pasport və s. Yoxlamasından keçib,  saat 6-40-da 2-ci qata minik bölümünə qalxdıq. Heç yerdə “Bakı” işarəsi olmadığından, 1-2 dəqiqə oturacaqda gözləyəndən sonra açıq qapıya ( ingiliscə gate- “qeyt”) yaxınlaşıb Bakıya miniyin hansı olduğunu soruşduq. Özbək, ya qazax və s. Orta Asiya görünüşlü xanım öncə biletimizi istədi, sonra özbək, qazax ... və rus kişi həmkarları ilə  göz-qaşla sözləşib  gecikdiyimizi bildirdi. Biz saatı göstərib, hələ 17-18 dəqiqə qaldığını desək də, ən geci 20 dəqiqə qalmış qapıda olmalı olduğumuz vurğulandı. Halbuki Soçidə verilən biletdə azərbaycan və ingiliscə bu müddətin 15 dəqiqə olması göstərilib. Beləcə gecikmədiyimiz halda miniyə gecikmək adı altında uçuşdan məhrum edildik. Bizə nə biletin dəyəri qaytarıldı, nə başqa reyslə yola salındıq. Elə çıxılmaz durumda qaldıq ki, Bakıdan “Aeroflot”un Soçi- Moskva- Bakı” reysinə dördqat baha qiymətə  bilet aldırdıq. Həmin reyslə  səfirimiz , indiki deputat Polad Bülbüloğlu ilə bir yerdə gəlməyimizdən ( “nə böyük xoşbəxtlik!”-M. B.) media bilgi yayıb. Onu da vurğulamaq tam yerinə düşər ki, Soçi-Moskva reysinə qeydiyyatdan keçəndə heç bir ödəniş tələb edilmədən yanaşı yerlər verildi. Bu isə Rusiya prokurorluğunun Soçi-Bakı reysinə rüşvətlə xidmət edən, birimizə 31A, o birimizə 38C yerlərini ayıran kassanın AZAL nümayəndəliyinə aid olması barədə fikirlərinin doğru olduğunu göstərir.
Bakıya gələndən sonra hər iki ölkənin səfirliklərinə, ombudsmanına, prokurorluqlarına Soçi aeroportunun özbaşınalıqla vurduğu maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə şikayət etdik. RF-nin Bakıdakı səfirliyi anında cavab verdi ki, ilk növbədə daşıyıcı AZAL-a qarşı iddia sürülməli və Azərbaycanın RF-dəki səfirliyinin konsulluq xidməti öz vətəndaşlarının hüquqlarını qorumağa girişməlidir. AZAL “təəssüflənməklə” bildirdi ki,  reysə gecikmişik, RF-dəki konsulluqdan isə hələ də xəbər yoxdur. Azərbaycan XİN-in konsulluq xidməti AZAL-ın saxta cavabını bir aydan sonra sırımaqla vətəndaşlarının xaricdə müdafiəsindən imtina etdiyini ortaya qoydu. XİN niyə xaricdəki konsulluğa yox, daxildəki AZAL-a göndərir şikayəti?
 Prokurorluğa gəldikdə, Azərbaycan prokurorluğu hələ də susur, RF prokurorluğu hələ də araşdırma aparır. Soçi nəqliyyat prokurorluğunun razılaşmadığımız cavabından ( guya aeroportun kamera görüntülərinə əsasən , biz 6-48-də “qeyt”də olmuşuq, yəni nəzərdə tutulduğundan 3 dəqiqə gec- M. B.) yuxarı - Cənub nəqliyyat prokurorluğuna şikayətə cavabdan da razı deyilik və yuxarı prokurora şikayət verilib. Cənub nəqliyyat prokurorluğu aeroportun kamera görüntülərinə əsasən, “qeyt”də 6-46-da , olduğumuzu, cəmi yarım dəqiqə gecikdiyimizi  bildirib. Bu cavablar cinayətkar saxtalıqla reysdən məhrum edilməyinizi tam çılpaqlığı ilə ortaya qoyur.

Axı eyni kamera görüntüsü gah 6-48, gah 6-46-nı necə doğrulaya bilər? AZAL-ın Soçi nümayəndəliyinin vicdanını rüşvətə dəyişməsini bir yana qoyaq, bəs RF-dəki konsulluq xidməti niyə şikayəti araşdırmır, kamera görüntülərini tələb etmir və bizə hüquqi yardım göstərmir? Axı yarım-bir dəqiqə gecikməyə görə reysdən məhrum edilmənin özü cinayətdir.
Bizim gecikmədiyimizi obyektiv kamera görüntülərindən başqa sərnişinlərin siyahısı da sübut edir. Daşıyıcı AZAL  hələ də siyahını verməkdən imtina edir. Rusiya prokurorluğu isə  106 yerlik uçaqda 105 sərnişinin uçduğunu , konkret 31A və 38C yerləri haqqında bilgi verməsə də, yerlərimizin satılmadığını,  biz gecikdiyimizdən RF-dən deportasiya olunmuş şəxsin mindirildiyini (?) bildirib. Cinayət tam sübut olunur: BİR DƏQİQƏ GECİKMƏ MÜDDƏTİNDƏ KİMİSƏ başqasını  YERLƏŞDİRMƏK MÜMKÜNSÜZDÜR! Eyni zamanda bəyəm deportasiya əlil-qazinin hesabına olur?
Rusiya tərəfi , AZAL kimi, aviadaşımaçılıq haqqında yerli qaydalara əsaslanıb. Halbuki beynəlxalq daşımaçılıqda əsas qayda 12 oktyabr 1929-cu il tarixli Varşava Konvensiyasıdır. 1955-ci ildə Haaqada, 1975-ci ildə Monrealda yenilən bu Konvensiyaya Azərbaycan da qoşulub, Rusiya da. Konvensiyanın , elə yerli qanunvericiliyin də, tələbi belədir ki, sərnişin reysə buraxılmadıqda mütləq akt tərtib edilməlidir. Soçidə bu qayda pozulub, Azərbaycan vətəndaşları “lotuluq”la reysdən məhrum edilib. Konvensiyaya görə, hətta bilet pulsuz əldə edildikdə belə dəyəri beynəlxalq normaya uyğun qaytarılmalıdır. RF prokurorluğu isə AZAL-a istinadla biletin dəyərinin “qaytarılmayan” kateqoriyaya aid olduğunu bildirib.
RF-dəki səfirliyimizin konsulluq xidmətinin işə qarışmasını, daha düzü, işini görməsini , bizə hüquqi yardım edilməsini , məhkəmə ilə , arbitrajla hüququmuzu təmin etməsini diləməkdə haqlı deyilikmi?
Məğrur Bədəlsoy
 

0.20775413513184