Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar

 

Son zamanlar bank sektorunda müşahidə olunan narahatedici tendensiyalardan biri də kredit borclarının gecikməsi səbəbindən borclu şəxslərin ailə üzvlərinə və ya zaminlərinə banklar tərəfindən edilən zənglərdir.

Mütəxəssislərin fikrincə, bu cür hərəkətlər bank sirrinin və müştərilərin hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Demokratikmusavat.com xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən hüquqşünas, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov bildirdi ki, qanunvericiliyə əsasən, bank heç bir halda borclu şəxsin yaxınlarından borcun ödənilməsini tələb edə bilməz.

"Kredit borcu yalnız birbaşa borclu şəxsin özündən tələb olunmalıdır. Burada bir incə nüans var, əgər müştəri kredit müqaviləsi bağlayarkən onunla əlaqə yaratmaq mümkün olmadığı təqdirdə yaxınlarına zəng etməklə bağlı banka icazə veribsə, onu tapa bilmədikdə bank onun göstərdiyi şəxslərlə əlaqə saxlaya bilər. Əks halda, bu, bank sirrinin pozulması hesab edilir və müştəri mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilər.

Azərbaycanda artıq bu cür işlər üzrə məhkəmə praktikası da mövcuddur. Banklar müştərinin razılığı olmadan kredit məlumatlarını üçüncü şəxslərə verməklə faktiki olaraq bank sirrini yaymış olurlar. Borclu şəxsin yaxınlarının isə tam hüququ var ki, bankdan gələn zənglərə etiraz etsinlər və bir daha narahat edilməməyi tələb etsinlər. Əks təqdirdə, onlar da mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilərlər.

Beləliklə, banklar kredit borclarının gecikməsi zamanı yalnız borclu şəxsin özü ilə əlaqə saxlamalı, ailə üzvləri və ya zaminləri narahat etməməlidirlər. Bu, həm qanunvericiliyin tələbi, həm də bank-müştəri münasibətlərində etimad və məxfiliyin qorunması baxımından vacibdir", - deyə hüquqşünas vurğulayıb.

 

0.21866488456726